Mehriban Abasquliyeva: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib"
"Yeni Azərbaycan Partiyası artıq 23 ildir ki, Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayır. Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan YAP xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib". Bu fikirləri "SƏS" qəzetinə Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hakim partiyanın yaradılmasının 23-cü ildönümü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
"Bu, bir xilas yoluna doğru atılan ilkin addımlar idi"
Mehriban Abasquliyeva qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürümüş dərin siyasi-iqtisadi və sosial böhran sadə xalqla yanaşı, ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi: "Məhz həmin vaxt Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Naxçıvana Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Həmin müraciətdən sonra Azərbaycanın ictimai-siyasi həyatına yeni bir qədəm basıldı. Bu bir xilas yoluna doğru atılan ilkin addımlar idi".
"Ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var"
YAP Sabunçu rayon təşkilatının sədri, həmçinin deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP yarandığı dövrdən şərəfli bir yol keçib: "Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib".
"Artıq 23-cü ildönümünü yaşayan partiyamız özünü regionun ən güclü siyasi təşkilat olduğunu sübuta yetirib"
Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsinin də olduğunu vurğulayan Mehriban Abasquliyeva deyib ki, YAP-ın gücünün əsasını, irsini Ulu Öndər Heydər Əliyevin əbədi ideyaları təşkil edir: "Xalqımız Ulu Öndərimizin ideyalarına sadiqdir. Çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Təbii ki, uğurlu siyasət seçkilərdə partiyamızın qələbələr qazanmasının əsas amilidir. Noyabrın 1-də baş tutan parlament seçkiləri də bu deyilənləri kifayət qədər ehtiva etməkdədir. Biz inanırıq ki, bundan sonrakı seçkilərdə də belə olacaq. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə demokratik seçki sistemi formalaşıb. Azərbaycanda mükəmməl seçki qanunvericiliyi var və bu hüquqi baza beynəlxalq standartlara tam uyğundur. Məhz bunun nəticəsidir ki, ildən-ilə seçki təcrübəsi təkmilləşdirilir və ölkəmizdə demokratik, şəffaf seçkilər keçirilir.
Ümumiyyətlə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP bütün seçkilərdə qələbə qazanıb. Bütün bunlardan nəticə çıxararaq deyə bilərəm ki, artıq 23-cü ildönümünü yaşayan partiyamız özünü regionun ən güclü siyasi təşkilat olduğunu sübuta yetirib".
R.HÜSEYNOVA