PDF Oxu

Siyasət

  • 51

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"

"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"

Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə bu mövzuda tədbir keçirildi

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 23 illiyi münasibətilə YAP Nəsimi rayon təşkilatı tərəfindən Azərbaycan Dillər Universitetinin akt zalında "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" adlı tədbir keçirildi.

İlk olaraq tədbir iştirakçıları universitetin foyesində ucaldılan Yeni Azərbaycan Partiyasının Qurucusu, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstəsi qoydular.

Sonra "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" adlı video-çarxın təqdimatı oldu.

Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı tədbir iştirakçılarını YAP-ın yaranmasının 23 illiyi münasibətilə təbrik edərək, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən partiyanın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışdı. Qeyd etdi ki, Azərbaycanın qazandığı uğurlarda partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır və bu gün öz sıralarında 650 mindən artıq üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir: "Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP milli-siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyadır. Bu gün də mövcud iqtidarın monolit birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə irəli aparan isə Ulu Öndərin layiqli davamçısı, praqmatik dövlət xadimi, dünya miqyasında böyük hörmət və nüfuza malik Prezident Cənab İlham Əliyevdir".

Tədbirdə çıxış edən YAP İdarə Heyətini üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova YAP-ın çətin, mürəkkəb, Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi yarandığı bir zamanda tarixi zərurətdən yarandığını bildirdi. Qeyd etdi ki, YAP yarandığı zamanda müxalifətdə olan partiya olaraq, sivil partiya kimi fəaliyyət göstərdi və qarşısına qoyduğu məqsədi və vəzifələri uğurla yerinə yetirə bildi: "Bu gün ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır. Vətəndaş cəmiyyətinin formalaşmasına, milli ideologiyamıza və onun inkişafına xadmət edən YAP öz konsepsiyasına uyğun şəkildə böyük nailiyyətlər əldə edərək, qələbələr qazanıb".

Bahar Muradova Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğuladı:"Bu gün Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın hərtərəfli tərəqqi və inkişaf yolundadır. Hazırda bütün dünyanın diqqəti inkişafın Azərbaycan modelinə yönəlib. Azərbaycan regionun lider dövləti, aparıcı qüvvəsidir".

YAP Siyasi Şurasını üzvü, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında qeyd etdi ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldığını bildirdi. Qeyd etdi ki, YAP yenicə müstəqillik əldə edən ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm işlər görərək çox böyük izlər qoyub. Bu gün xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasının, onun sosial rifahının yüksəldilməsinin Ümummilli Liderin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırdı.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etmiş ərazi ilk partiya təşkilatları mükafatlandırıldı.

Sonra Yeni Azərbaycan Partiyası üzvlüyünə yeni qəbul edilmiş bir qrup gəncə vəsiqələr təqdim edildi.

Tədbir YAP Nəsimi rayon təşkilatı gənclər birliyi tərəfindən bədii hissə ilə davam etdirildi.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər