YAP Ağdam rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyublar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının idarə heyəti və şura üzvləri, idarə, müəssisə rəhbərləri, ilk partiya təşkilatının sədrləri iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev açaraq YAP-ın yarandığı 23 illik bir dövrdə gördüyü işlərə diqqət çəkib: "Fəxrlə demək olar ki, Yeni Azərbaycan Partiyası 23 illik dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, ən qabaqcıl rol oynamaqla bu istiqamətdə mühüm tarixi əhəmiyyətli işlər görüb".
İ.Quliyev qeyd edib ki, bu ilin noyabr ayında ölkəmizin tarixində mühüm hadisə olan parlament seçkilərinin şəffaf, demokratik şəraitdə keçirilməsi və həmişə olduğu kimi, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirdi. YAP Ağdam rayon təşkilatı bu məsuliyyəti dərindən dərk etdiyindən hələ bir neçə ay əvvəl seçkilərə hazırlıq işlərinə başladığını vurğulayan İ.Quliyev bildirib ki, bütövlükdə hazırlıq işləri rayonda YAP Mərkəzi Seçki Qərərgahının fəaliyyət proqramına uyğun olaraq nəzərdə tutulmuş qaydalar əsasında aparılmışdır. Rayonda seçki kampaniyasının uğurla aparılmasının hər bir ağdamlının qələbəsi, Yeni Azərbaycan Partiyasının qələbəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən YAP üzvü, Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov bildirib ki, partiya yarandığı gündən müstəqil dövlətçilik prinsipinə sədaqət nümayiş etdirib. Güclü lideri, bitkin proqramı, hərtərəfli siyasi platforması, qətiyyətli mövqeyi sayəsində partiya tezliklə öz sıralarında ictimayyətin geniş təbəqələrini birləşdirərək, əsl ümumxalq partiyasına çevrilib.
YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri Mətanət Misirxanova çıxışında 23 illik tarixə diqqət çəkərək bu qısa, həm də böyük bir dövrdə partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işləri çox yüksək dəyərləndirib. O, qeyd edib ki, bu dövr ərzində YAP dövlətçilik uğrunda yorulmadan xidmət etmiş və öz uğurlu işi ilə ölkəmizin dünya miqyasında tanınmasında xüsusi rolu olmuşdur.
YAP Ağdam rayon təşkilatı gənclər birliyinin üzvü Elşən Abbasov, YAP Ağdam rayon təşkilatının şura üzvü Əliyev Rafiq çıxışında qeyd ediblər ki, bütün zamanlarda ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan YAP uğurlarını həmişə xalqla olan vəhdətindən əldə edib. Qeyd olunub ki, YAP dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, iqtisadi və bugünkü tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər ən mütəşəkkil, ən güclü və nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq etmişdir.
Tədbirdə bir qrup gənclərə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə təbrik məktubu ünvanlanıb.
ZÜMRÜD BAYRAMOVA