Dünən YAP Xızı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon təşkilatının idarə heyətini üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri, qadınlar şurası və gənclər birliyinin üzvləri, eləcə də partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçılara ilk olaraq YAP Xızı rayon təşkilatının inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstəsi qoyublar.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradılan YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolunu diqqətə çəkib: "Ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyində tarixi rola malikdir. Müstəqil dövlətin sütunlarının möhkəmlənməsində, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasında, əhalinin sosial rifahının yüksəldilməsində və ölkənin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının xidmətləri danılmazdır. Ulu Öndərin tövsiyələri rəhbər tutularaq bu siyasətin Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Tədbirdə YAP Xızı rayon təşkilatının sədr müavini B.Nəbiyev çıxış edərək Azərbaycan reallıqlarına nəzər salaraq, qısa bir zamanda ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın rolunun böyük olduğunu bildirib. Qeyd edib ki, YAP-ın yaradıcısı Ulu Öndərin əvəzsiz xidmətləri nəticəsində ölkəmiz müstəqilliyimizin ilk illərində düşdüyü ən ağır vəziyyətdən xilas edilmiş, böyük uğurlar əldə olunmuşdur: "Əldə edilən nailiyyətlər Heydər Əliyevin zəngin təcrübəsi, siyasi liderliyinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyətin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün beynəlxalq aləmdə tanınan partiyadır".
Tədbirdə partiya fəallarından A.Əzizov, N.Cəfərov, S.Rüstəmova və O.Abdullayev çıxış edərək YAP-ın Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, YAP öz konsepsiyasına uyğun şəkildə böyük nailiyyətlər əldə edərək, qələbələr qazanmışdır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident Cənab İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da artırıb.
Çıxışlar sona yetəndən sonra partiyanın sıralarına daxil olmuş 12 gəncə üzvlük vəsiqəsi verilib.
Nəzakət ƏLƏDDİNQIZI