PDF Oxu

Siyasət

  • 39

Yeni Azərbaycan Partiyası uğurlarını xalqla vəhdətindən əldə edir

Yeni Azərbaycan Partiyası uğurlarını xalqla vəhdətindən əldə edir

YAP Naftalan şəhər təşkilatının və Naftalan şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyublar.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə çıxış edən Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov partiyanın keçdiyi tarixi şərəfli yoldan danışaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını bildirib: "Fəxrlə demək olar ki, Yeni Azərbaycan Partiyası 23 illik dövrdə tarixi əhəmiyyətli işlərə imza atmışdır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan YAP dövlətçiliyimizin qorunub, saxlanması və möhkəmləndirilməsi, iqtisadi və bugünkü tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər, ən mütəşəkkil, ən güclü və nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq etmişdir".

Tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev geniş məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli və keçməkeşli tarixindən danışıb: "Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın YAP-ın yaranma zərurətini meydana gətirib. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi". H.Qocayev YAP-ın Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərdiyini və öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirdiyini qeyd edib: "Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Qeyd edim ki, Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP Naftalan şəhər təşkilatı da 1995-il iyun ayının 19-da təsis olunmuşdur".

Rayon təşkilatının sədri YAP-ın mütəşəkkil fəaliyyəti nəticəsində Azərbaycanın inkişafda olduğunu bildirərək, son illər ərzində bu inkişafın daha da sürətləndiyini bildirib. Onu da diqqətə çatdırıb ki, YAP-a xalqın inam, etimad və dəstəyi böyükdür: "Hər bir azərbaycanlı Azərbaycanı irəliyə yalnız Yeni Azərbaycan Partiyası və Onun Sədri Prezident Cənab İlham Əliyevin apara biləcəyinə inanır. Bu mənada, YAP cəmiyyətimizin yeganə seçimidir".

Tədbirdə çıxış edən YAP Naftalan şəhər təşkilatı qadınlar şurasının sədri Afət Cabbarova və gənclər birliyinin sədri Aynurə Novruzova müstəqilliyimizin ilk illərində ölkəmizin çox ağır vəziyyətdə olduğunu və situasiyadan çıxmaq üçün güclü liderə, həmin liderin rəhbərlik edəcəyi güclü siyasi təşkilata böyük ehtiyacı olduğunu bildiriblər.

Sonra Yeni Azərbaycan Partiyasının 23-cü ildönümü münasibəti ilə YAP Naftalan şəhər təşkilatının içtimai-siyasi fəaliyyətində aktiv iştirakına görə bir neçə üzvü diplomla təltif olunub.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər