Dünən Daşkəsən rayonunda ədliyyə işçilərinin peşə bayramı münasibətilə ümumrayon tədbiri keçirilibdir. Əvvəlcə tədbir iştirakçıları hörmət və ehtiram əlaməti olaraq Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidə kompleksini ziyarət etmiş, abidənin önünə tər gül-çiçəklər düzüblər. Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, bu bayram Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunubdur. Ulu Öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafı prosesində xidmətlərini xatırladan Ə.Abıyev qeyd edib ki, bu sahədə həyata keçirilən uğurlu islahatlar Azərbaycanda ədliyyə sisteminin inkişafı və formalaşması ilə nəticələnmişdir: "Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxminli ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir. Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını tə'min etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi".
Rayon rəhbəri, həmçinin bildirib ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf meyilləri 97 illiyini qeyd edən ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır: "Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi normativ-hüquqi aktların hüquqi ekspertizasını, uçotunu və qeydiyyatını aparır. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərə dair rəylər verir, hüquqi maarifləndirmə işi aparır".
Tədbirdə Daşkəsən rayon məhkəməsinin hakimi Tofiq Məmmədov qeyd edib ki, ölkə Prezidenti Cənab İlham Əliyevə ədliyyə işçilərinə verdiyi bu cür diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildirir, Onun rəhbərliyi altında demokratik və ədalətli Azərbaycan uğrunda öz fəaliyyətimizi qurmağa çalışırıq.
Sonra digər çıxış edənlər də rayon ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamyıblar.
R.HÜSEYNOVA