Hələ müstəqilliyimizin ilk illərində ölkəmizdə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. Bu hadisənin baş verməsi Azərbaycan xalqının, dövlətinin və dövlətçiliyinin qorunması, inkişaf etdirilməsi istiqamətində misli görünməmiş hadisə kimi xalqımız tərəfindən hər zaman yüksək dəyərləndirilib, bu gün də belədir. Çünki YAP-ın yaranma zərurəti, eyni zamanda ağır vəziyyətdə yaşayan xalqımızın sosial sifarişi kimi şərəfli tariximizə yazılıb. Xalq ilə birgə gedilən və əvvəlli çətin, dərəli-təpəli olan bu yol isə yalnız qələbə və zəfərlərə doğru istiqamət almışdı. Bu gün geridə qalmış 23 ilin keçməkeşli yolları barədə düşünərkən, YAP-ın, həqiqətən də xalqın partiyası olması öz təsdiqini kifayət qədər tapır.
Müqəddəs amal uğrunda atılan ilk qədəmlər
Qeyd edək ki, YAP-ın yarandığı dövr ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlara (BMT və s.) üzv qəbul edilməsi, Azərbaycanın müstəqil dövlət kimi tanınması prosesi ilə üst-üstə düşürdü. 1992-ci ilin noyabr ayının 21-də Azərbaycanın əzəli və ayrılmaz guşəsi olan ulu diyar Naxçıvanda partiyanın tarixi təsis konfransı keçirildi. Amma digər əhəmiyyətli fakt, ilk növbədə ondan ibarətdir ki, hələ təsis konfransına altı ay qalmış - gələcəkdə Azərbaycanın müqəddəratında önəmli rol oynayacaq bir siyasi təşkilatın, Yeni Azərbaycan Partiyasının yaranması istiqamətində ciddi hazırlıq işləri aparılırdı. Böyük çətinliklərlə, təqiblərlə gedən bu proses həm də bir sınaq idi, qətiyyət və iradə sınağı. Azərbaycan xalqının sadə nümayəndələri, eləcə də tanınmış ziyalıları, siyasi-ictimai xadimləri o zamanlar Naxçıvanın Ali Sovetinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə Azərbaycanda gedən ictimai-siyasi proseslərdən kənarda qalmamaq üçün davamlı müraciətlər edirdi. Həmçinin, Azərbaycanın çətin vəziyyətində xalqa köməyinin lazım və Onun siyasətə qarışmasının mütləq zəruri olduğunu əsaslandıraraq, Naxçıvana üz tutanlarının sayı günü-gündən artırdı. Bu baxımdan, onu da vurğulamaq mümkündür ki, Yeni Azərbaycan Partiyasının yaranması 1992-ci ilin noyabrın 21-bə təsadüf etsə də, əslində proses həmin ilin ilk aylarından başlamışdı. Yəni YAP təsis edilən günədək bu istiqamətdə ardıcıl, müvafiq və təməlli işlər görülürdü. Bütün bu önəmli hadisələr Azərbaycan dövlətinin tarix salnaməsinə qızıl hərflərlə yazılmış müqəddəs amalın-dövlətçiliyin tərəqqisi istiqamətində atılan nəhəng addımların ilk qədəmləri idi.
YAP-ın yaranması ümumxalq hadisəsinə çevrilmişdi
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin o dövrlərdə Azərbaycanın gələcəyi ilə bağlı arqumentlərə əsaslanan siyasi analizlər etməsi, dövrün ictimai-siyasi prosesləri, o cümlədən yaxın gələcəklə bağlı müvafiq proqnozlar verməsi, həmçinin, Kommunist Partiyası rəhbərliyinin yarıtmaz siyasətini sərt şəkildə tənqid etməsi, Kremlin anti-Azərbaycan siyasətinə qarşı çıxmasından tutmuş o vaxtkı rəhbərliyin Dağlıq Qarabağ və digər ümummilli məsələlərimizə aid xəyanətkar siyasətini və erməniləri aşkar dəstəkləmələrini ifşa etməsi, eləcə də, bunlardan irəli gələn təzyiqlər həmin zamanların daxili proseslərinin ümumi görüntüsünü aşkarlayırdı. Məhz bu cür proseslərin inkişafında Yeni Azərbaycan Partiyasının ətrafında ümummilli hərəkatı formalaşmağa başlamışdı və bu tendensiya ümumxalq hadisəsinə çevrilmişdi. Məhz bu səbəbdən söyləmək mümkündür ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümumxalq partiyasına çevrilib və həqiqətən də, Yeni Azərbaycan Partiyasının yaranması yenicə müstəqillik qazanmış Azərbaycanın həyatında tarixi ictimai-siyasi prosesə çevrildi. Belə ki, Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanda mövcud olan digər sistemlərlə yanaşı, siyasi sistem də yenidən təşəkkül tapmağa başladı və bu siyasi təşkilat Azərbaycana yeni nəfəs, yeni baxış, eləcə də, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizə aparmanın sivil ənənələrini, normalarını gətirdi. O cümlədən, çoxpartiyalılıq sistemində yenilik, müasirlik tendensiyası özünü göstərməyə başlamışdı. Maraqlı məqamlardan biri də o idi ki, Ümummilli Lider Heydər Əliyev heç bir zaman insanları, vətəndaşları o zamankı yarıtmaz iqtidara qarşı dağıdıcılıq ruhunda çıxmağa çağırmırdı. O, öz müdrikliyi hər bir vətəndaşı mövcud hakimiyyət ətrafında birləşməyə və problemlərin öhdəsindən birgə gəlməyə səsləyirdi.
Ulu Öndər, eyni zamanda, o dövrkü naşı, xəyanətkar iqtidarın çatışmayan cəhətlərini, nöqsanlarını konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin, vəhdətin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi. Bu arqumentləri, əsaslı təhlilləri qəbul etməyənlər isə daha da azğınlaşır, YAP-ın fəaliyyətinin qarşısını yerindəcə almağa cəhdlər göstərirdilər.
Xalq üçün nümunənin örnək göstəricisi
O dövrün ictimai-siyasi proseslərini təhlil edərkən, bir daha şahidi oluruq ki, AXCP, Müsavat, AMİP və digər partiyaların, siyasi təşkilatların əksər çoxluğu eyni hərəkatın tərkibindən çıxmış, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi mənfəətlərinin həyata keçirilməsi üçün yaradıldı. Onların hər biri eyni ideyaya xidmət etsələr də, bir düşərgə daxilində ayrı-ayrı düşərgələrə parçalanmışdılar. Həmin partiyalar məqsədi məlum olmayan fəaliyyətlərlə məşğul olurdular. Daha dəqiq desək, bu kimi siyasi təşkilatlar qanun çərçivəsində, demokratik dəyərələrə söykənən vasitələrlə deyil, qeyri-qanuni və anti-sivil metodlarla fəaliyyət göstərirdilər. Partiya rəhbərlərinin hər biri ətrafına müəyyən qədər silahlı adamlar - qoçular dəstələri toplamış və onlar ortaya şəxsi ambisiyalarını qoymaqla, özlərinə xüsusi şəraitin yaradılmasını istəyirdilər. Həmçinin, belə siyasi təşkilatlar ətraflarına topladıqları qanunsuz silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə, Bakıda hakimiyyəti ələ keçirmək uğrunda mübarizəyə cəlb edirdilər. Azərbaycanda müstəqilliyin ilk illərində baş vermiş vətəndaş qarşıdurmalarının səbəbləri məhz bu kimi "siyasətlər", bu kimi xəyanətlər idi!
Lakin Yeni Azərbaycan Partiyasının xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsi Azərbaycanda nümunəvi siyasi fəaliyyətin ortaya qoyulması ilə ənənəvi dağıdıcılığa, qarşıdurmalara son verdi. YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm, yeni sivil siyasət və ən əsası demokratik ab-hava gətirdi, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən önəmli xüsusiyyətləri cəmiyyət həyatına daxil etdi. YAP Azərbaycan xalqı üçün fəaliyyət göstərməyin ali, əvəzolunmaz nümunəsini sərgilədi.
Davamlı qələbələrdə xalq-dövlət vəhdəti - sarsılmaz təməl
Artıq bu gün YAP Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının güclü və davamlı dəstəyinə malik olan möhtəşəm siyasi təşkilatdır. Azərbaycan xalqının böyük əksəriyyətinin YAP-a böyük dəstək verməsi bu siyasi təşkilatın davamlı qələbəsini təmin edir. Yəni YAP-ın möhtəşəm, ardıcıl, uğurlu qələbələr davamiyyətinin əsasında ümummilli dəstək, ümumxalq etimad əks olunur.
Ümummilli Lider Heydər Əliyev 1992-ci ildə "SƏS" qəzeti vasitəsilə ziyalıların müraciətinə verdiyi cavabında müstəqil Azərbaycan dövlətinin siyasətinin 5 əsas prinsipini açıqlamışdı. Azərbaycan dövlətini qurmaq, daxili və xarici siyasəti formalaşdırmaq və xalqın etimadını qazanmaq üçün həyata keçirilməsi vacib olan prinsiplərdən biri də Azərbaycan gəncliyini sağlam, vətənpərvər, intellektual və kreativ yetişməsini təmin etmək, onların potensialını reallaşdıraraq, dövlətimizin inkişafına yönləndirməkdən ibarət idi. Bu gün əminliklə deyə bilərik ki, uğurlu gənclər siyasəti hələ Ulu Öndər Heydər Əliyevin partiya quruculuğu dövründə daim diqqət mərkəzində olub. O, hər zaman vurğulayırdı: "Bir dövlətin gənci öz ölkəsinin, millətinin gələcəyinə inanmırsa, onun gələcəyi uğrunda mübarizəyə qoşulmursa, proseslərə biganə yanaşırsa, proseslərin ağırlığını öz çiyinlərinə götürmürsə, o zaman, o millətin, dövlətin gələcəyi olmaz".
Məhz Ulu Öndər Heydər Əliyevin bu örnək kəlamla gənc nəslə yanaşma tərzini, baxışını, önəmini sərgiləməsi, bu məsələni ümummilli problemlərin əsas orta məxrəcinə gətirməsinin uğurlu nəticəsidir ki, Yeni Azərbaycan Partiyası yarandığı qısa zaman kəsimində Azərbaycan gənclərini dövlət və dövlətçilik ətrafında birləşdirməyə müvəffəq oldu.
Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyev həm dövlət quruculuğunda, həm də partiya quruculuğunda möhtəşəm uğurlara imza atmaqdadır. Bütün məqamlarda Azərbaycan xalqı əmindir ki, ölkənin inkişaf tendensiyası, onun davamlı uğurları bundan sonra da yüksək tribunalardan, beynəlxalq nüfuzlu siyasi dairələrdən alqışlanacaq. Çünki Yeni Azərbaycan Partiyasının təməli möhkəm və sarsılmazdır.
RÖVŞƏN NURƏDDİNOĞLU