Əli Həsənov: "Dezinformasiyalar Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir"
Son zamanlar istər dövri, istərsə də elektron-internet mediada internet fəaliyyət göstərən bəzi informasiya qurumları fəaliyyətlərində sui-istifadə hallarına yol verərək, sözün açıq mənasında reketçiliklə, şantajçılıq əməlləri ilə məşğul olurlar. Söz yox ki, burada ictimai marağı deyil, şəxsi maraqlarını güdən "jurnalistlər" media adı altında, necə deyərlər, "qaz vurub, qazan doldurmaq" prinsipi ilə çıxış etməklə, real mətbuatçılıq, jurnalistika maraqlarını kifayət qədər zərbə altında qoymuş olurlar. Demək olar ki, bütün sahələrə toxunan bu cür media qurumları KİV haqqında qanunlara qarşı pozuntu hallarına yol verməklə, hətta cinayət hallarına belə gedirlər. Eyni zamanda məhkəmə, istintaq və s. instansiyalarda aparılan prosesual araşdırmaların məxfilikdən çıxarılaraq ictimai rəyə çaxardılmasında rol alan üzdəniraq media qurumları mövcud qanunları demək olar ki, ayaq altına alaraq, tapdalayır, cinayətkarlıq törədirlər.
KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb
Bu günlərdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı Azərtac-a müsahibəsində də vurğulayıb ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb.
O, qeyd edib ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib.
"Klassik" mətbuat reketçiliyindən "modernləşdirilmiş" reketçiliyə keçid?
Lakin ortaya çıxan faktlar da göstərir ki, müxtəlif pafoslu adlarla gün işığına çıxan yazılı və elektron medialar hətta ölkəmizdə tanınmış insanları belə hədəfə alaraq, onların işgüzar, ictimai nüfuzlarına zərbə vurmaqla məşğuldurlar. Hətta bu vasitə müasirləşdirilib də. Məsələn, bir neçə il öncə bu kimi hallar yalnız "klassik", yazılı media qurumlarında müşahidə olunurdusa, indi bu vasitəyə "modernləşdirilmiş" formada - saytlarda, portallarda kifayət qədər rast gəlinməkdədir. Bu cür "media təmsilçiləri" ölkəmizin daxili və xarici siyasətini, cəmiyyət həyatının müxtəlif sahələrini işıqlandıraraq ictimai rəyə təqdim etmələri yerinə, onları arxa plana keçirib, ön planda şəxsi reketçilik fəaliyyətlərinə, dezinformasiyalara yer ayırırlar.
Bu kimi hallar cinayət məsuliyyəti daşıyır!
Məhz bu və bu kimi digər bənzər olayların artdığına diqqət çəkən Əli Həsənov da bildirir ki, xüsusilə internet-media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır: "Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması", rəhbərlik etdikləri qurumlarda "yoxlamalar", evlərində "axtarışlar" aparılması, məmurların "həbsi", vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı" və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".
Göründüyü kimi, bütün bu kimi təəssüfdoğurucu hallar, eyni zamanda normal fəaliyyəti ilə seçilən media qurumlarına da təsirsiz ötüşmür. Daha dəqiq desək, bütövlükdə media adına xələl gətirən reket jurnalistikası, ümumilikdə Azərbaycan mətbuatı deyilən faktora sirayət edərək, arzuolunmaz halların yaşanmasına rəvac yaratmış olur.
Mətbuat adına vurulan bu cür ləkələrin aradan qaldırılmasının zamanı çatıb
Prezident Administrasiyasının rəsmisinin digər fikirlərinə də diqqət yetirsək, qeyd edilən fikirlərin nə qədər həqiqətə uyğun olduğunu görmüş olarıq. Sitat: "Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir".
Bu gün Azərbaycanda mətbuatın işi ilə bağlı fəaliyyət göstərən qurumlar mövcuddur və bu istiqamətdə daha ciddi tədbirlərin görülməsinə də ehtiyac duyulmaqdadır. Məhz bu amilə də diqqət çəkən Əli Həsənov bldirib ki, Azərbaycan KİV-ləri və jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər: "Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə, qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəkdir".
Göründüyü kimi, Azərbaycanda jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. Amma təəssüf ki, mətbuatımızda peşəkarlarla yanaşı qeyri-peşəkarlar, mətbuata qazanc yeri kimi baxanlar da çalışır. Məhz onların fəaliyyəti Azərbaycan jurnalistikasına qara ləkə kimi yapışır. Bu cür ləkələrin aradan qaldırılmasının isə zamanı çatıb.
Rövşən NURƏDDİNOĞLU