Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Media və məsuliyyət: mövcud durum və perspektiv vəziflərə baxış" mövzusunda tədbir keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən tədbirdə qəzet baş redaktorları, informasiya agentliklərinin, internet xəbər saytlarının baş redaktorları, jurnalist təşkilatlarının təmsilçiləri və ictimai xadimlər iştirak ediblər.
Tədbirdə son günlər bəzi media orqanlarında, əsasən də internet informasiya resurslarında bir sıra dövlət qurumları ilə bağlı yayılan məlumat və şərhlərin cəmiyyətdə yaratdığı vəziyyət müzakirə olunub.
Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri giriş sözü ilə açaraq bəzi kütləvi informasiya vasitələrində ajiotaj yaradan xəbərlərdən narahatlıq duyduqlarını qeyd edib. Ə. Amaşov qeyd edib ki, son zamanlar Milli Təhlükəsizlik Nazirliyində (MTN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) baş verən hadisələrlə bağlı kütləvi informasiya vasitələri üzərinə düşən missiyanı yerinə yetirə bildi: "Amma təəssüflə qeyd etmək lazımdır ki, bəzi KİV-lər dəqiqləşdirilməmiş informasiyalar yayırdılar. Baş verən olaylarla bağlı KİV-də yayılan xəbərlərdə diqqəti cəlb edən bir sıra hallar var. Belə ki, bəzən heç də populyar olmayan saytlar aktiv olmağa başlayırlar və yoxlanılmamış informasiyalar yayırlar. Təəssüf ki, bəzi KİV-lər həmin saytlara istinadən informasiya yayırlar. Bu hal Mətbuat Şurasının daha çox narahat edir. Bəzən KİV-lər arasında informasiyanı "kim daha tez və rezonans yaradan şəkildə verər" kimi mübarizə yaranır. Bəzi məqamlarda isə KİV-lər ajiotaj yaradırlar. Doğrudur, bu, bəzən bilməyərəkdən olur. Amma bəzən də qəsdən edilir. Bəzən hadisələr baş verir və KİV-də müzakirələr açılır. Bir neçə gündən sonra haqqında yazılan qurumun mətbuat xidməti təkzib verməyə məcbur qalır. Ona görə də informasiyanı yayan zaman dəqiqliyinə diqqət yetirilməlidir".
Çıxış edən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli qeyd edib ki, bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır: "Qərəzli məlumatların yayılmasına maraq var. Reket saytlar müxtəlif şantaj xarakterli məlumatları tirajlayırlar. Hadisələrə etik media konteksindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmayıb. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Açıb həmin məlumata baxırsan görürsən ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır. Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman bu gün bir sıra media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb ki, bəzi "reket" saytlar bir neçə adlarla fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında bildirib ki, dəqiqləşdirilməmiş, şantaj xarakterli məlumatlar yayan saytların cinayət əməli varsa, ona qarşı hüquqi addımlar atılmalıdır: "İnsanların üzərinə tək-tək getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır. Bu günə qədər qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunmasından irəli gəlib. Yəni təsadüfi deyillər. Belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şəxsən şahidi olmuşam. Hətta özümə qarşı da olub. Total şəkildə dövlətçilik mövqeyi ortaya qoyulmalıdır. Bu hal dövlətə və xalqa ziyan gətirirsə, ona "dur" deməyi bacarmalıyıq".
Çıxış edən SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev dövlətin mətbuatın idarə olunması üçün hüquqi baza yaratdığını və bununla bərabər Mətbuat Şurasını formalaşdırdığını qeyd edib. B. Quliyev qeyd edib ki, Mətbuatı Şurası ona görə yaradılıb ki, media özünü tənzimləyə bilsin: "Elə problemlər var ki, onu birbaşa mətbuat və cəmiyyət tənzimləməlidir. Hesab edirəm ki, reketçiliklə ciddi saytlar məşğul olmurlar. Azərbaycanda xəbərçiliklə məşğul olan portalların çoxu missionerlik edirlər. Onlar xarici kəşfiyyat orqanlarının Azərbaycan cəmiyyətinə sırımağa çalışdığı və Azərbaycanda dövrüyəyə buraxmaq istədiyi informasiyanı istənilən yerə ötürür, onu tirajlayırlar. Reketizm qlobal dünyanın bəlasına çevrilib ki, bu gün ənənəvi mediadan kiber texnologiyalar vasitəsilə internet mediaya transfer edilib. Bunların da arxasında ayrı-ayrı şəxslərdən şantaj yolu ilə maliyyə vəsaiti əldə etmək dayanır. Bunu etiraf etmək lazımdır. Unutmamalıyıq ki, hər birimiz, hər bir jurnalist Azərbaycan vətəndaşıdır. Gəlin vətəndaşlıq mövqeyi, dövlətçilik mövqeyi ortaya qoyaq. O demək deyil ki, hamı hakmiyyəti tərifləsin. Xeyr! Hərənin öz mövqeyi var, hərənin öz əqidəsi var. Bu başqa məsələdir. Amma dövlətçilik mövqeyi bu məqamda özünü göstərməlidir. O şey ki, dövlətimizi sarsılda bilər, o şey ki, bizim vətənimizə ziyan gətirə bilər biz bu yerdə özümüzə "dur" deməyi bacarmalıyıq".
Media Qrupun rəhbəri onu da qeyd edib ki, Azərbaycan mətbuatında bəzi informasiyalar istinad olunmadan ictimailəşdirilir: "Bəzən də kimin kimdən xoşu gəlmirsə, onun barəsində sosial şəbəkədə bir status paylaşır və o da ciddi xəbər kimi cəmiyyətə təqdim olunur. İstintaq gedən dövrdə hər hansı bir məmur haqqında material KİV-də gedirsə, fərqi yoxdur bu hansı formadadır, deməli, bu mətbuata bilərəkdən ötürülüb. Bu isə missionerlikdən başqa bir şey deyil. Ona görə, buna yol verməməliyik. Mən sizi vətənpər olmağa çağırıram".
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında bildirib ki, əsası olmayan, yalan məlumat yayan media orqanlarının adları açıqlanmalıdır: "Ziya Məmmədov həbs olunub", "Fazil Məmmədov işdən azad olunub" başlıqlı xəbər yayan media qurumlarının adları açıqlanmalıdır".
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, bu gün Azərbaycan mediasında əsası olmayan xəbərlər yayılır və bunların da əksəriyyəti onlayn mediada yayımlanır: "Təəssüflə qeyd edirəm ki, yalan xəbər yayanların adları açıqlanmır: "Bunların kimliyini hamı bilir. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti araşdırılsın və cəmiyyətə açıqlansın. Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir".
Mövzu ətrafında diskussiyalar aparılıb, təkliflər dinlənilib.
İntizarə Məmmədova