PDF Oxu

Siyasət

  • 66

Bəzi KİV-lər nəticə çıxarmalıdır

Bəzi KİV-lər nəticə çıxarmalıdır

Bəlli olduğu kimi, bir neçə gün bundan öncə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcəyini açıqlamışdı. Belə ki, buna səbəb bir sıra yazılı və elektron mətbuat orqanlarının öz fəaliyyətlərində informasiya yayımçılığı ilə deyil, bu ad altında şəxsi mənafelərini güdmələri, bu vasitə ilə maddi gəlir qazanmaları olub.

Bu cür "oyanıq" mətbu orqanlar jurnalistlik pərdəsi altında gizlənərək, əslində kirli oyunları ilə real jurnalistikaya da zərbələr vurmaqla məşğul olublar

Artıq ictimai rəydə "reket jurnalistikası" deyilən bir amilin formalaşması da belə qənaətə gəlməyə əsas verir ki, hətta cəmiyyətdə şəxsi zəmində baş verən olayları belə "pula çevirən" bu cür "oyanıq" mətbu orqanlar jurnalistlik pərdəsi altında gizlənərək, əslində kirli oyunları ilə real jurnalistikaya da zərbələr vurmaqla məşğul olublar.

Hətta vəziyyət o həddə qədər inkişaf edib ki, müəyyən dövlət qurumları da həmin sayt və qəzetlərin təsirləri altına düşərək, bir-birlərinə qarşı olan iddialarını bu cür media qurumlları vasitəsilə ictimailəşdiriblər. O cümlədən, reket saytlar və qəzetlər Bakıdan tutmuş regionlarımıza qədər fəaliyyət göstərən bir çox dövlət qurumlarında çalışan vəzifəli məmurları, necə deyərlər, "tasa oturdaraq", onlardan qeyri-qanuni yollarla pul qoparmaqla məşğul olublar. Qanunsuz yollarla pulalma (rüşvət və korrupsiya) kampaniyaları rüblərə, kvartallara bölünərək, jurnalistika adına qara ləkə yaxmaqla məşğul idi. Əlbəttə ki, belə bir çirkin niyyətli yolun bir sonu olmalıydı və dövlətin, mətbuatla bağlı fəaliyyət göstərən dövlət və ictimai qurumların sözügedən hala müdaxiləsi gözlənilirdi.

Özündə məsuliyyət hissi daşıyan və özünə hörmət qoymağı bacaran istənilən KİV bu cür əməllərdən kənar olmalıdır

Bunu cənab Əli Həsənovun bəyanatından da görmək mümkündür. Sitat: "Təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə, internet-media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması", rəhbərlik etdikləri qurumlarda "yoxlamalar", evlərində "axtarışlar" aparılması, məmurların "həbsi", vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı" və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".

Göründüyü kimi, özündə məsuliyyət hissi daşıyan və özünə hörmət qoymağı bacaran istənilən KİV bu cür əməllərdən kənar olmalıdır. Əgər belə hallara, xəbərdarlıqlara etinasız yanaşılarsa, onların bir yolu qalır – əlahəzrət qanun qarşısında cavab vermək!

Atılan bu kimi addımların ardıcıl və davamlı olması zərurəti mövcuddur

Əbəs yerə deyil ki, artıq Respublikanın Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrinin rəhbərlərinə xəbərdarlıq edib. Eyni zamanda, reketçiliklə məşğul olan dırnaqarası media qurumlarının bəzilərinin adları da açıqlanıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində "Kütləvi informasiya vasitələri haqqında" qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozulub. Bəlli olub ki, müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb. Həmin saytların adları isə bunlardır - Müstəqil İnformasiya Agentliyi (Mia.az), "Cumhuriyyət", "Qaynarinfo", "Gündəminfo", "Criminal.az", "Strateq.az", "İstiqlal.az", Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə, barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Atılan bu kimi addımların ardıcıl və davamlı olması zərurəti də mövcuddur. Çünki zamanında reket jurnalistikasından doğan şantajlara, böhtanlara qarşı kəskin tədbirlər görülməsə, bu cür neqativ hallar arta da bilər. Təbii ki, bu cür məsələlərlə qarşılaşdıqları zaman ictimai rəy də fəallıq göstərməli, baş verən bənzər hadisələrlə bağlı müvafiq dövlət orqanlarına xəbərdarlıqlar etməlidirlər. Çünki bu gün ölkəmizdə rüşvətxorluq və korrupsiyaya qarşı aparılan amansız mübarizə də öz uğurlu nəticələrini verməkdədir. Təkcə son dövrdə istər mühüm dövlət qurumlarında, istərsə də digər sahələrdə baş verən ifşalar, cinayətkarlıq hadisələri belə deməyə əsas yaradır. Bu baxımdan, onu da qeyd etmək yerinə düşərdi ki, biz jurnalistlər ilk sırada olaraq, fəaliyyətimizə, nüfuzumuza xələl gətirə biləcək istənilən olaya qarşı dövlətin yanında olmalı, öz dəstəyimizi əsirgəməməliyik. Ən azından, bunu da vəzifə borcumuzun tərkib hissəsi kimi anlamalı və qəbul etməliyik.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər