İlham Əliyev: "Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir"
Ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini daha da ucaltmaq, tarixi gerçəklikləri bütün dünyaya bəyan etmək, danılmaz tarixi həqiqətləri məqsədyönlü şəkildə təhrif edərək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni "alimləri"nin saxtakarlıqlarını durmadan ifşa etmək hər bir azərbaycanlının və ilk növbədə, alimlərimizin müqəddəs borcudur. Bu sahədə Azərbaycan alimləri tərəfindən xeyli faydalı iş görülüb, tədqiqatlar aparılıb, monoqrafiyalar və kitablar yazılaraq, nəşr edilib və edilməkdədir. Tarixçi-alimlərin araşdırmalarından və yazılı mənbələrdən bizə bəlli olur ki, ermənilərin Azərbaycana köçürülmə siyasətinin iki əsrlik tarixi var. 1823-cü il məlumatına görə, Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən cəmi 1,5 minini erməni ailəsi təşkil edirdi. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %, ermənilər isə 34,8% təşkil etdi. Bu siyasət məqsədyönlü şəkildə davam etdirilməyə başlayır.
Hətta erməni tarixçisi V.İşxanyan XX yüzilliyin əvvəllərində yazdığı mənbələrdə da onların Cənub Qafqaza son əsrlərdə gəlməsini bir daha təsdiq edir: "Ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Zaqafqaziyada bir neçə sırf erməni əyalətlərindən başqa Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər".
1988-89-CU İLLƏRDƏ AZƏRBAYCANLILAR YAŞAMIŞ 16 RAYONDA 90 TÜRK MƏNŞƏLİ TOPONİMLƏR DƏYİŞDİRİLƏRƏK ERMƏNİ ADI İLƏ ƏVƏZLƏNİB
Tarixi iddiaları ilə yanaşı, ideoloji müharibədə də tarixi kökünü qurmaqda davam edən ermənilər xalqımızın yaşadığı torpaqların qədim sakinləri olduğunu göstərən coğrafi adları dəyişdirib, özününküləşdirmə siyasətini aparırlar. Məlumdur ki, Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı Ermənistanda yaşayan azərbaycanlılar 1988-89-cu illərdə SSRİ dövlətinin birbaşa köməyi və yardımı ilə öz tarixi etnik torpaqlarından deportasiya olundular. Tarixin bu fürsətini əldən verməyən ermənilər qısa bir müddət ərizində - iki ildən sonra Ermənistan prezidentinin fərmanı ilə 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi.
Ermənilərin tarixi torpaqları olmadığından, özlərini təsdiqləmək məqsədi ilə müxtəlif məqamlara əl atır, öz tarixi keçmişlərini oğurladıqları və hiylə ilə əldə etdikləri sənədlər üzərində qurmağa çalışırlar. Xüsusi ilə də "Erməni alimləri" regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyev AMEA-ın 70 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışnda belə bir şəraitdə Azərbaycan alimləri qarşısında vəzifələrin olduğunu bildirib. Azərbaycanın çox zəngin tarixi olduğunu qeyd edən ölkə başçısı bu reallıqların dünya miqyasında daha da dolğun təqdim etməyin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu, ilk növbədə dünya xalqlarına bizim nə qədər zəngin tarixə malik olduğumuzun təqdimində önəmlidir. Digər tərəfdən isə Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar.
ADDƏYİŞMƏNİN BİRİNCİ DÖVRÜNDƏ TÜRK MƏNŞƏLİ ADLAR RUS MƏNŞƏLİ TOPONİMLƏRLƏ ƏVƏZ EDİLMİŞDİR
Bəllidir ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində yaradılıb. Ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır və əvvəllər burada etnik xalq kimi azərbaycanlılar yaşayırdılar. Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəli idi. Tarixçi - alimlər ermənlərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Ardıcıl olaraq bir məqsədə doğru addımlayan ermənilərin saxta tarix siyasəti yazılmış mənbələr vasitəsi ilə təqdim edilir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir:"Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək Aleksandrovka qoyulub". Bu ilk addım sonralar daha geniş miqyası əhatə edərək günümüzə qədər gəlib çıxmışdır. Təbii ki, tarixi sənədlər reallıqlara pərdə sala bilmir. Cənab İlham Əliyev bildirib ki, təkcə XX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir.
Tarixi faktdır ki, SSRİ dövründə daha çox Azərbaycan toponimlərinə qarşı iddialı çıxışlar olub. Bunun nəticəsidir ki, imperiyanın ilk illərində Azərbaycana məxsus olan yer adları dəyişdirildi. Belə ki, 1924-1930-cu illər ərzində Ermənistanda 80 toponim dəyişdirildi. Tarixi sənədlərdə göstərilir ki, Ermənistandakı türk toponimlərinin dəyişdirilməsi müxtəlif tərəflərdən izah olunsa da, kökü həmin adların türk mənşəli olması idi. Leninin ermənipərəst siyasəti və Azərbaycan toponimlərinin erməniləşdirilməsi daha kütləvi xarakter alırdı. Leninin razılığı ilə 1920-ci ildə onlar ərazi iddialarını təmin edə bilmişdilər. Belə ki, azərbaycanlılar yaşayan Zəngəzur və Göyçə mahalları, Qazax qəzasının Dilican dərəsi Azərbaycandan qoparılıb Ermənistan Respublikası yaratmaq naminə ermənilərə bağışlandı. Erməni təcavüzkarları tarixə qarşı da genosid siyasətinə əl atdılar. Məlumdur ki, Ermənistan SSR yaranmamışdan onun zəbt etdiyi Qərbi Azərbaycanda kəndlərin 95 faizdən çoxunun adi türk mənşəli olmuşdur. Kommunist rejimi zamanı isə qısa vaxt kəsiyində azəri toponimləri erməniləşmişdir.
Bu genosid siyasətinin bir istiqamətidir ki, Azərbaycan diyarı olan İrəvan xanlığının tarixdən və yer üzündən silinməsinə xidmət edirdi. Belə ki, 1924-cü ildən həmin addəyişdirmə prosesi başlandı və ilk olaraq Gümrü Leninakan adlandırıldı. Sonra Böyük Qarakilsə Kirovakan oldu. 1935-ci ildə 195 kəndin, 1945-ci ildə 39 kəndin, 1946-cı ildə 120 kəndin, 1947-1978-ci illərdə 400-dən çox kəndin, 1978-80-ci illərdə 300-dən çox kəndin, 1991-ci ildə isə qalan 94 kəndin adı dəyişdirildi.
"MƏN DƏFƏLƏRLƏ BİLDİRMİŞƏM Kİ, ƏGƏR XANKƏNDİNİN HƏR HANSI BİR TARİXİ ADI OLSAYDI, ERMƏNİLƏR O ADI BƏRPA EDƏRDİLƏR"
Tarixçi - alimlərin fikirlərinə istinadən deyə bilərik ki, bir çox hallarda yeni ad tapa bilmədiklərindən Azərbaycan toponimləri ermənicəyə tərcümə olunmuş, ya da bir-iki hərf dəyişdirilmişdir. Dəmirçi-Darpnik, Ağqala-Berdkunk, Ayrıvənk-Hayravan, Zod-Sotk, Qızıl Bulaq-Xaçaxbyur, Məzrə-Masrik, Qaraqala-Sevaberd, Göykilsə-Kaputan, Oxçaberd-Voxçaberd, Yengicə-Norabats, Xaçaparaq-Xaçpar, Güllüdüz-Vardahovid, Zeytə-Zedeya, Armutlu-Danzud, Almalı-Xizorud, Nəzrvan-Kazaravan, Ağbulaq-Axpurak, Bəriabad-Barapet, Ağkilisə-Cermakavan, Acıbac-Acabac, Qovşud-Kavçut, Kərd-Kard, Ağudi-Aqitu, Aravus-Aravis, Bayandur-Baqatur, Yeni kənd-Nor-Gyuq, Gabut-Kapuyt, Molla Musa-Musakan, Piraqan-Byurakan və s. Sovet Ermənistanı ərazisində olan Azərbaycan mənşəli bütün toponimlərin - çayların, dağların, dərələrin, təpələrin, düzənliklərin adları belə dəyişdirilib erməniləşdirilmişdir. Buna baxmayaraq, əcdadlarımızın qoyduğu müqəddəs adlar tarixin səhifələrinə həkk olunub. Zaman həqiqətləri bərpada güclü silahdır. Bu reallıqlar erməni xislətini, Azərbaycana qarşı iddialı çıxışını əks etdirir. Belə olan halda Azərbaycan alimlərinin tədqiqatlarına, araşdırmalarına lüzum yaranır. Bütün dünyaya bilməlidir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İlham Əliyev vurğuladığı kimi "Qarabağ", "Xankəndi" Azərbaycan sözləridir:"Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun "Stepanakert" adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Yəni bunu biz hamımız bilirik, amma dünya da bilməlidir. Hər yerdə bilməlidirlər ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynəlxalq hüquq təbii ki, bizim mövqeyimizi müdafiə edir. Ancaq bütün dünya ictimaiyyəti bilməlidir ki, təkcə beynəlxalq hüquqla məsələ məhdudlaşmır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər, biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır".
Bildiyimiz kimi, Cənab İlham Əliyevin tövsiyəsi ilə əhalisinin 70-80 faizi azərbaycanlılar olan İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, Faktlar, həqiqətlər üzərində yaradılan əsər bir neçə xarici dilə tərcümə edilibdir. Belə sanballı əsərlərin davamlı olaraq yazılması alimlərin üzərində məsuliyyət qoyur. Erməni siyasətinin mənfurluğunu, öz tarixini Azərbaycanın qədim tarixi üzərində qurmaq ideyasını açıb göstərən əsərlərin yazılması tarixi zəruriətdir. Artıq ilk addəyişilmə zamanından 200 ildən artıq zaman keçir. İki əsrlik tarixi dövrün acı nəticələrini hələ də yaşayırıq.
Nəzakət ƏLƏDDİNQIZI