PDF Oxu

Siyasət

  • 64

Suraxanıda YAP-ın yaradılmasının 23 illiyi ilə əlaqədar gənclərlə görüş keçirilib

Suraxanıda YAP-ın yaradılmasının 23 illiyi ilə əlaqədar gənclərlə görüş keçirilib

Əli Əhmədov: "Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub"

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 23-cü ildönümü ilə əlaqədar partiyanın fəal gəncləri ilə görüş keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Ağacan Abiyev və partiya fəalları, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yola nəzər salıb və bu gün əldə etdiyi möhtəşəm nailiyyətlərdən danışıb. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərinə və həmin dövrün ictimai-siyasi hadisələrinə nəzər salan Əli Əhmədov vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi:"Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu Öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi".

Əli Əhmədov bildirib ki, bu gün 23 illik ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə həm ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır:"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllüyünü qoruyur".

YAP Sədrinin müavini, eyni zamanda qeyd edib ki, bu gün YAP ümumxalq partiyasına çevrilib:"Çünki partiya ətrafında 650 mindən çox insanı özündə ehtiva edir, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyət göstərir. Ona görə də YAP-ın uğurlu fəaliyyəti həm də ölkəmizin nailiyyətlər qazanmasına öz töhfələrini verməkdədir. Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır".

Əli Əhmədov Azərbaycanın hazırda regionun lider dövləti olduğunu vurğulayaraq, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli gücləndiyini bildirib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra beynəlxalq tədbirlər keçirilib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqelərini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan yaşadığımız bölgənin lider statusunu ardıcıl neçə ildir ki, daşıyır. İnanıram ki, Azərbaycan bu statusu heç zaman əlindən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc dövlətin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər davamlı olacaq".

Partiyaya qəbul olunan gənclərin YAP-ın sıralarında yüksək fəallıq nümayiş etdirəcəklərinə əminliyini bildirib. Onlar partiyaya üzv olmaq qərarına gəlməklə öz həyatlarında ən düzgün addım atmış olublar:"YAP əzəmətli, güclü olan partiyadır və hər bir kəs ədalətin, gücün tərəfində olmaq istəyir. YAP bu gün özündə ədaləti ifadə edən iqtidar partiyadır. Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirən bu partiya müasir dövrümüzdə hamımızın müşahidə etdiyi Azərbaycanın inkişafında həlledici rol oynayır. Bunun sayəsində ölkəmiz, demək olar ki, bütünlüklə yeniləşir. Bakının, eləcə də, ölkəmizin bütün bölgələrinin və guşələrinin siması dəyişir. Müasir Azərbaycan göz önündə yüksəlməkdədir. Bu, təkcə küçələrin gözəlləşməsi, yeni yolların çəkilməsi deyil, həm də, respublikanın çiçəklənməsi ilə müşayiət olunur. Beləliklə də, bu uğurlu siyasətin əhəmiyyətli ifadəsi insanların yaşayışının tamamilə dəyişməsində özünü göstərir. Bu nailiyyətləri görən Azərbaycan vətəndaşları Ulu Öndər Heydər Əliyev siyasətini, Onun yaratdığı partiyanı və həyata keçirdiyi ideyaları reallığa çevirən ölkə Prezidenti İlham Əliyevi qətiyyətlə dəstəkləyir. Çünki Azərbaycan vətəndaşları aydın şəkildə dərk edirlər ki, bu vaxta qədər Ulu Öndər Heydər Əliyevin siyasəti ölkəmizdə inkişafın və sabitliyin əsasını təşkil etmiş, bu gün də inkişafın fundamental amili kimi çıxış edir. Təbii ki, buna istinad edən hər bir Azərbaycan vətəndaşı, ölkəmizin gələcəyini Ulu Öndər Heydər Əliyev siyasətinin ideyaları ilə əlaqələndirir. Azərbaycan vətəndaşları ölkəmizin gələcəyini, eyni zamanda, Yeni Azərbaycan Partiyasında görürlər. Bu isə həm YAP-ın, həm də bu partiya sıralarında cəmləşmiş insanların üzərinə kifayət qədər şərəfli vəzifələr qoyur".

İcra katibi həm YAP, həm də bu partiyanın təəssübkeşi olan Azərbaycan vətəndaşlarının üzərlərinə düşən məsuliyyət və vəzifələrini dərk etdiklərini bildirib. Heydər Əliyev ideyalarını ardıcıl olaraq həyata keçirən partiya ilə öz həyatını birləşdirməyi hər bir gənc arzu edər. Bu gün də Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalarla sürətlə inkişaf edir.

O, Azərbaycanda insanların rifahının yüksəldilməsi, yaşayış səviyyəsinin dəyişdirilməsi, bütövlükdə və həyat tərzinin yeniləşdirilməsi istiqamətində də çox böyük layihələrin həyata keçirildiyini gənclərin diqqətinə çatdırıb: "Bu gün Azərbaycanda həm iqtisadiyyatın, həm də sosial həyatımızın inkişafı ilə yanaşı, Azərbaycanın siması dəyişdirilmiş, bütövlükdə, ölkəmiz müasirləşmişdir".

Əli Əhmədov bildirib ki, bu gün YAP sıralarında kifayət qədər gənclər də təmsil olunur. Partiyanın yarım milyondan artıq üzvü olduğu halda, onun sıralarının 40 faizini gənclər təşkil edir:"Bu, YAP-ın kifayət qədər maraqlı, onları cəlb edən təşkilat olduğundan xəbər verir. YAP özünün siyasi taleyini bu partiya ilə bağlamış hər bir gəncin özünü ifadə etməsi üçün mümkün olan imkanları yaratmağı əsas borcu hesab edir. Çünki Azərbaycanın gələcəyi bugünkü gəncliyin əlindədir. Bu günün gəncliyi Azərbaycanın gələcəyini təmin etməlidir. YAP elə təşkilatdır ki, gənclərimizin potensiallarını ortaya qoymağa meydan açır." İcra katibi onu da bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ilə yanaşır, onların sosial problemlərinin həlli, qarşıya çıxan məsələlərin yoluna qoyulması istiqamətində görmüş olduğu işlərin əzəməti olduqca təqdirəlayiqdir. Bu gün müasir düşüncəli Azərbaycan gəncliyi öz sağlam gələcəyinin istiqamətlərini müəyyənləşdirərək, qəti qərarını verib.

Əli Əhmədov gəncləri onlara verilən geniş meydandan yararlanmağa çağıraraq, öz tövsiyələrini verdi.

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını təbrik edərək, gəncləri YAP-ın Sədr müavini Əli Əhmədovun tövsiyələrindən yararlanmağa çağırdı: "Azərbaycanın bugünü, sabahı və gələcəyi üçün çalışan Yeni Azərbaycan Partiyasının məfkurəsi, düşüncəsi, idealları ölkənin inkişafına bağlıdır. Azərbaycanın inkişafı isə hər bir vətəndaşın həyatının yeniləşməsi və yaxşılaşması deməkdir".

V.Seyidov gənclərimizin bu məfkurə ətrafında birləşməyə çağıraraq, Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərin bundan sonra daha da güclənəcəyinə öz əminliyini ifadə etdi.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon gənclər birliyinin xətti ilə gənclər arasında "Uğurlu yol-23" adlı "Brain Ring" yarışması keçirilib. V.Seyidov Yeni Azərbaycan Partiyasının üzvlərinin bu yarışmada çox fəal iştirak etdiklərini və fəxri fərmana layiq görüldüklərini bildirib.

Sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Kənan Kərimov, Azərbaycan Tələbə Gənclər Təşkilatının icraçı direktoru Şəmsi Gülverdiyev çıxış edərək vurğulayıblar ki, Azərbaycan gəncliyi YAP ətrafında birləşərək, öz potensiallarını dövlətçiliyin möhkəmləndirilməsinə, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına yönəldirlər. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident Cənab İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməklə, növbəti uğurlara, müvəffəqiyyətlərə imza atmağa çalışırlar. Əldə edilən hər bir uğur isə, eyni zamanda Yeni Azərbaycan Partiyasının uğurları kimi qiymətləndirilir.

YAP-ın yaranmasının 23 illiyinə həsr olunmuş toplantının sonunda partiya həyatında fəallığı ilə seçilən bir qrup gəncə və "Uğurlu yol-23" müsabiqəsinin qaliblərinə Fəxri Fərman və mükafatlar təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər