PDF Oxu

Siyasət

  • 50

Azərbaycan bu gün iqtisadi inkişaf modeli ilə birinciliyini qoruyur

Azərbaycan bu gün iqtisadi inkişaf modeli ilə birinciliyini qoruyur

Prezident İlham Əliyev: "Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik"

Ölkəmizin bu gün dünyada yeri və rolunun möhkəmlənməsi, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Əgər 1992-ci ildə Azərbaycan özü yoxsulluq, siyasi böhran, işğal və iqtisadi tənəzzüllə üzləşmişdisə, beynəlxalq yardım alırdısa, bu gün ölkəmiz daha qüdrətlidir və edilmiş yaxşılığın əvəzini ödəmək və dünyanın inkişaf məramına töhfə vermək növbəsi bizimdir.

Azərbaycan dövləti siyasətində müstəqil olduğunu atdığı hər addımında təsdiqləyir. Müstəqil iqtisadi siyasət həyata keçirə bilən dövlət siyasətində müstəqil ola bilər. Azərbaycanın adı bu sahədə də nümunəvi ölkə kimi vurğulanır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik.

Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, heç bir ölkə qarşılıqlı təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın qarşısında geniş imkanlar açdı. Azərbaycan iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi. Hazırda böyük inam və fəxr hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 180 milyard dollara çatıb, bu, məhz 1994-cü ildə əsası qoyulan sabitliyin, yaradılan investisiya mühitinin göstəricisidir. "Əsrin müqaviləsi"nin imzalanmasından sonrakı dövrdə imzalanan onlarla müqavilələr Azərbaycanın bu gününə və gələcəyinə olan inamdan irəli gəldi.

Əlbəttə ki, Azərbaycanın hazırda yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsində də müstəqil siyasətindən qaynaqlanan inkişafı əsas rol oynayır. Prezident İlham Əliyev daim çıxışlarında bəyan edir ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir. Ötən il "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyində "Cənub" qaz dəhlizinin təməlinin qoyulması çoxtərəfli əməkdaşlığa yönələn addım kimi dəyərləndirildi. "Əsrin müqaviləsi" XX əsrin, "Cənub" qaz dəhlizi XXI əsrin müqaviləsi kimi dəyərləndirildi. 20 ildə Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda artan siyasi çəkisini, yeri və rolunu gördükdə, əldə olunan uğurlar qarşıdakı 10-20 ilin aydın mənzərəsini yaradır. Bu da ondan irəli ki, Azərbaycan dövləti hər dövrün çağırışını yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Məhz bunun nəticəsidir ki, ölkəmiz 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uzaq oldu, iqtisadi inkişafı ilə dünyanın diqqətini özünə çəkdi.

Ölkəmizin 24 il ərzində qət etdiyi yoldakı atdığı addımları təhlil edərkən Azərbaycanın bugünkü inkişafını şərtləndirən amillərə bir daha işıq salırıq. Yəni dünyada Azərbaycandan da zəngin neft ölkələri var. Amma bu resurslar heç də o ölkələrə uğur gətirmir. Əhali arasında kasıb və varlı təbəqəyə bölünmə prosesi sürətli hal alır. Lakin ölkəmizin iqtisadi strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müqayisəli şəkildə işlənib hazırlanması bütün problemlərdən uğurla çıxmasına stimul verir. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, bu fonda neft gəlirlərinin ilbəil artması və şəffaflıq prinsipi əsasında idarə olunması ölkənin hərtərəfli inkişafını təmin edir.

Azərbaycan bu gün iqtisadi inkişaf modeli ilə beynəlxalq qurumların hesabatlarında, qiymətləndirmələrində birinciliyini qoruyur. Bu inkişaf, bu tərəqqi qeyd etdiyimiz kimi, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna da öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də bunun təsdiqidir.

Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda da Prezident İlham Əliyev Azərbaycanın bu gün beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvü kimi, mövqeyini möhkəmləndirməsindən geniş bəhs edərək bildirib ki, bizim ən böyük siyasi və diplomatik uğurumuz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməyimiz olub: "Bu da beynəlxalq ictimaiyyət tərəfindən qlobal arenada Azərbaycanın rolunun, uğurlu fəaliyyətinin tanınması və bizim nailiyyətlərimizə hörmət, etimad və minnətdarlıq əlaməti idi".

Bu da faktdır ki, ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli formatda apardığı uğurlu siyasətin nəticəsidir ki, əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır, yeni tərəfdaşlar qazanır. Bu gün müstəqilliyi formal xarakter daşıyan işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İşğalçı dövlətdə bu gün iqtisadi durumun, demoqrafik vəziyyətin hansı səviyyədə olduğu bəllidir. Ermənistandan kütləvi tərketmələr daha da intensivləşib. İqtisadiyyatı iflic vəziyyətində olan bir ölkənin güclü sosial siyasətdən, güclü ordudan danışması inandırıcı görünə bilməz. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur.

Göründüyü kimi, Azərbaycan müstəqil dövlətdir, milli maraqlarını qoruyur, eyni zamanda, ümumbəşəri idealların reallaşmasına töhfəsini verməklə, qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərinə düşən vəzifələri yerinə yetirir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər