PDF Oxu

Siyasət

  • 50

Şəmkirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd olunub

Şəmkirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü qeyd olunub

Şəmkir Əyləncə Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümünə həsr olunmuş YAP Şəmkir rayon gənclər birliyinin və Şəmkir rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında "Əyləncəli Yarışma" keçirilib. Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, partiya fəalları iştirak ediblər. Tədbirin əyləncəli hissəsində idarə və müəssisələrdə işləyən fəal YAP gəncləri öz aralarında əyləncəli atraksionlarda, xal sistemi ilə yarışıblar.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev partiyanın yaranma tarixi və Azərbaycan dövlətçiliyinin inkişafında oynadığı rol barədə danışıb. O bildirib ki, YAP-ın yaranmasından 23 il ötsə də, bu müddət ərzində partiyamız çox zəngin yol keçib. Rayon təşkilatının sədri ötən 23 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak etdiyini, müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirdiyini bildirib: "Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yorulmaz və məqsədyönümlü fəaliyyəti sayəsində son 11 ildə partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, cəmiyyət içərisində onun rolu yüksəlmiş, avanqard dəstəyə çevrilmişdir".

Tədbirdə çıxış edən YAP Şəmkir rayon gənclər birliyinin sədri, Emin İsmayılov qeyd edib ki, ciddi sınaqlardan çıxmış YAP 23 il ərzində təşəkkül tapıb, inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilib. YAP-ın yaranması, keçdiyi zəngin və şərəfli tarixə nəzər salan E.İsmayılov bildirib ki, YAP 23 il ərzində çətin və şərəfli yollardan keçərək, bu gün Azərbaycanın ən güclü partiyası kimi formalaşıb. YAP ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanır. Ümummilli Lider Heydər Əliyevin 23 il öncə uzaqgörənliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan YAP 23-cü ildönümünü qeyd edir: "Lakin tarixə nəzər salarkən, bu 23 ilin heç də asan keçmədiyini müşahidə etmiş oluruq. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və bununla da Azərbaycan inkişaf yoluna qədəm qoydu. Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda partiyamızın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib".

Tədbirdə digər çıxış edənlər partiyanın 23 illik şərəfli və zəngin yol keçdiyini, Ümummilli Lider Heydər Əliyevin və Onun layiqli davamçısı, partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə nail olunduğunu bildiriblər.

Sonda əyləncəli yarışda qalib olmuş gənclərə, həmçinin Şəmkir rayonunun ictimai-siyasi həyatda fəal və yaxından iştirak edən YAP fəallarına diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Samir

Digər xəbərlər