İlham Əliyev: "Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir"
Bu gün ölkəmizdə aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verib. Respublikamızda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm tərkib hissələrindən biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişiklikliyinə təkan verən strateji sənəd olmuşdur.
Mübaliğəsiz demək olar ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş, aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir.
Regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində dövlət proqramlarının çox böyük rolunun olduğunu vurğulayan Prezident Cənab İlham Əliyev bölgələrin tərəqqisini, sahibkarlığa verilən dəstəyi, qeyri-neft sektorunun inkişafını, eləcə də ölkəmizin ixrac potensialının yaradılmasını son illərin səciyyəvi əlaməti kimi dəyərləndirmişdir.
Son 11 ildə regionlarda 60 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,5 milyondan çox yeni iş yeri yaradılmışdır
Son on bir ildə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir. Son illər ərzində iqtisadiyyat, qeyri-neft sektoru qoyulan investisiyalar, əhalinin gəlirləri ardıcıl qaydada artaraq, dünya indeksində mötəbər yerlərdən birini tutmuşdur. Həmçinin, son 11 ildə regionlarda 60 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,5 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun da 950 mini daimidir. Qazanılan nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, müasir müəssisələrin açılmasına səbəb olmuşdur.
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "Bu il sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Qeyd etməliyəm ki, sosial infrastrukturun yaradılması prosesi gedir. Baxmayaraq, xərclərimiz təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır".
Cari ilin doqquz ayında regionlarda 186 kilometr uzunluğunda kanalizasiya xəttinin çəkilişi başa çatdırılmışdır
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Abşeron yarımadasının hər bir yaşayış massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində də xeyli iş görülmüşdür. Məlum olduğu kimi, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən müddətdə "Azərsu" ASC tərəfindən paytaxtın və ətraf qəsəbələrin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılması, sakinlərin keyfiyyətli içməli su ilə fasiləsiz təminatı istiqamətində mühüm və təxirəsalınmaz işlər görülmüşdür. Təkcə bu ilin doqquz ayında Bakı şəhərində 224 kilometr su xətti çəkilmişdir. Bundan əlavə, hesabat dövründə paytaxtda 3 ədəd su anbarı istismara verilmişdir.
Cari ilin doqquz ayında Bakı şəhəri üzrə 34 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir ki, bunun da 6,7 kilometri tunel tipli kollektorlardır. Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektorunun istismara verilməsi ilə Bayraq Meydanı və yaxın ərazilərdən dənizə axıdılan çirkab sularının qarşısı tamamilə alınmışdır. Bu il, həmçinin Hövsan Aerasiya Stansiyasının ərazisində "Azərsu" ASC-nin Təlim-Tədris Mərkəzi fəaliyyətə başlamış, su sayğaclarının sınağı və kalbirləməsi laboratoriyası yaradılmışdır. Ötən dövrdə "Azərsu" ASC-nin Mərkəzi Laboratoriyası beynəlxalq akreditasiyadan keçmişdir. Artıq burada içməli və çirkab sularının keyfiyyəti ilə bağlı aparılan analizlər Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də digər beynəlxalq qurumlar tərəfindən tanınır.
Bu günlərdə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin işə salınması da şəhərimizin həyatında çox əlamətdar və tarixi bir gün oldu. Ölkə Prezidenti İlham Əliyev açılışda çıxışı zamanı belə bir qurğunun işə salınmasını tarixi hadisə sayıb: "Biz Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. Bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sakinlərinə veriləcək su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verəcək".
Bir sözlə, bütün bunlar göstərir ki, zəngin potensiala malik Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır. Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Bu diqqət və qayğıya cavab olaraq yol təsərrüfatı işçiləri üzərlərinə düşən məsul vəzifələri uğurla yerinə yetirmək, qarşıya qoyulan hədəfə nail olmaq əzmindədirlər.
RƏFİQƏ KAMALQIZI