"Xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz"
Noyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb: -Zati-aliləri, möhtərəm cənab Prezident. Sizi Milli Məclisdə salamlamaqdan qürur duyuruq, Milli Məclisə xoş gəlmisiniz. Hörmətli deputatlar, hörmətli qonaqlar. Xanımlar və cənablar. Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış beşinci çağırış Milli Məclis fəaliyyətinə başlayır. Ulu öndər, müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı böyük Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik strategiyası uğurla yerinə yetirilib. Bu seçkilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin yeni, böyük qələbəsi olmuşdur.
Zati-aliləri, gördüyünüz əzəmətli işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq. Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən yaşlı deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı, hörmətli Fəttah Heydərova nəsib olub. Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclası başlayasınız. İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Fəttah Heydərov:
- Möhtərəm cənab Prezident, Sizi səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın və bütövlükdə Azərbaycan xalqının rifahı naminə gördüyünüz böyük işlərdə, Heydər Əliyev yolunun davam etdirilməsində yeni-yeni uğurlar və qələbələr arzulayırıq. Fəttah Heydərov bildirdi ki, Daxili Nizamnaməyə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir. Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu. Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə edib:
"Beşinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. Əminəm ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfəsini verəcəklər, Milli Məclisin işi çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir. Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır.
Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir.
Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir.
Eyni zamanda, onu da qeyd etməliyəm ki, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin nəticələrinə öz müsbət təsirini göstərmişdir. Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir."
Prezident İlham Əliyev bildirib ki, son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir:
"Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.
Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır."
Dövlətimizin başçısı əlavə edib ki, ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Artıq sirr deyil ki, bütün beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanı bu sahədə nümunə kimi göstərirlər. Bu, reallıqdır, bu, həqiqətdir:
"Bu, bizim siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin əlamətidir və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir. Əminəm ki, bundan sonra da Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənəcək. Azərbaycan bundan sonra da nümunəvi ölkə kimi özünü göstərəcəkdir. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayacaqlar. Bu, bizi daha da gücləndirir. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Xüsusilə son aylar ərzində Avropada müşahidə olunan mənzərə dediklərimi bir daha sübut edir. Harada ki, bu sahəyə diqqət verilməmişdir, harada da ki, bu sahə diqqətdən kənarda qalmışdır, yaxud da başqa siyasi meyillər üstünlük təşkil etmişdir, orada indi çox böyük problemlər yaranır. Bir sözlə, seçkilərin nəticələrinə, əlbəttə, dediyim bu amillər öz müsbət təsirini göstərmişdir. Bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir."
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun:
"Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq. Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma "erməni dövləti" yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir. Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.
Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.
Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır.
Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi."
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir: "Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaqdır.
İqtisadi siyasətlə bağlı. Təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
Sosial sahədə. Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür.
Məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır. Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq qalmalıdır.
Energetika sektorunda. Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. "Cənub" qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaq.
Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidir ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Antiazərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb əlbəttə ki, məyus olurlar. Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik."
Deputatlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən iclasın sədri Fəttah Heydərov dövlətimizin başçısını əmin etdi ki, qarşıya qoyulan bütün məsələlər Milli Məclis tərəfindən uğurla yerinə yetiriləcək. İclasın sədri Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər. Sonra Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin sədri vəzifəsinə deputat Oqtay Əsədovun namizədliyi irəli sürüldü. Oqtay Əsədov dedi:
-Zati-aliləri möhtərəm cənab Prezident.
Hörmətli deputatlar, xanımlar və cənablar. Əvvəlcə icazə verin, Azərbaycan Respublikası Milli Məclisinin sədri vəzifəsinə namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyevə və deputat həmkarlarıma öz dərin minnətdarlığımı bildirim. Mən Milli Məclisin qarşısında duran başlıca vəzifəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uzaqgörən və müdrik dövlət siyasətinin parlament meyarını etibarlı surətdə təmin etməkdə və xalqın mənafelərini dəstəkləməkdə görürəm. Hesab edirəm ki, Milli Məclis cənab Prezidentin apardığı daxili və xarici siyasəti həmişə dəstəkləyəcək, beynəlxalq təşkilatlar, eləcə də dünya ölkələrinin parlamentləri ilə əlaqələrin inkişafına öz töhfəsini verəcək. Sizi əmin etmək istəyirəm ki, əgər Milli Məclis mənə etimad göstərərsə, bütün bilik və bacarığımı sərf edərək, bu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışacağam.
Hesablayıcı Komissiyanın sədri İsa Həbibbəyli Milli Məclis sədrinin seçilməsi ilə bağlı səsvermənin qaydaları haqqında məlumat verdikdən sonra gizli səsvermə keçirildi. Səsvermə başa çatdıqdan sonra İsa Həbibbəyli bildirdi ki, 124 deputat Oqtay Əsədovun lehinə səs verib. Beləliklə, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edib:
- Zati-aliləri möhtərəm cənab Prezident.
Hörmətli deputatlar. Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin sədri seçdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ardıcıl inkişaf edən Yeni Azərbaycan Partiyasının nümayəndəsiyəm.
Hörmətli deputatlar, 2015-ci ilin parlament seçkiləri ölkəmizin demokratik inkişafı yolunda mühüm bir addım oldu.
Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün Azərbaycan dövləti və onun başçısı tərəfindən bütün zəruri tədbirlər görülmüşdü. Demokratik mühitdə keçirilmiş seçkilər yolu ilə xalqın etimadını qazanan namizədlər parlamentin üzvü mandatını qazanmışlar. Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyasının üzvləri parlamentdə yerlərin əksəriyyətini qazanmışlar. Bu fakt möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla partiyamızın xalq arasında çox böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirmişdir.
Beləliklə, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlayır. Bu münasibətlə icazə verin, mən də siz həmkarlarımı ürəkdən təbrik edim və gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayım.
Sonra Milli Məclis sədrinin müavinləri seçildi. Deputat Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin müavinləri seçildilər. Prezident İlham Əliyev parlamentin sədrini və müavinləri təbrik etdi, Milli Məclisə qarşıdakı fəaliyyəti dövründə uğurlar arzuladı. Fasilədən sonra Milli Məclis komitələrinin sədrləri seçildi. Deputat Əli Hüseynli Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli əmək və sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, İsa Həbibbəyli elm və təhsil komitəsinin, Rafael Hüseynov mədəniyyət komitəsinin, Bahar Muradova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq edildilər.
Beşinci çağırış Milli Məclisdə yeni komitələr də fəaliyyətə başladı.
Əhliman Əmiraslanov səhiyyə komitəsinin, Aqiyə Naxçıvanlı ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov ictimai birliklər və dini qurumlar komitəsinin, Fuad Muradov isə gənclər və idman komitəsinin sədrləri təsdiq olundular. Bununla da beşinci çağırış Milli Məclisin ilk iclası başa çatdı.