"Reket jurnalistlərlə mübarizə, əslində, çətin məsələ deyil. Sadəcə bu günədək olan mərhələdə problemin həllinə əsas maneə yüksək rütbəli məmurların jurnalist adından sui-istifadə edənlərin arxasında dayanması olub". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.Azər Həsrət hesab edir ki, bundan sonra həmin "jurnalistləri" dəstəkləyənlər bəd əməllərindən əl çəkəcəklər: "Əks təqdirdə biz yenə də Azərbaycan jurnalistikasının üzünü qara edən "media" ilə üz-üzə qalmalı olacağıq. Təbii ki, təxribat, şantaj, böhtan xarakterli media fəaliyyətinin qarşısını almaq üçün hər şeydən öncə bu fəaliyyətlə məşğul olanların arxasındakı güclər ifşa edilməlidir. Bunu etməsək, çətin olacaq".MŞ-nın İdarə Heyətinin üzvü reket saytların bir mərkəzdən idarə olunması məsələsinə də toxunaraq bildirib ki, bu haqda birmənalı fikir söyləmək çətindir: "Çünki məsələni ciddi şəkildə araşdırmadan qərar vermək qeyri-ciddi yanaşma olardı. Bununla belə düşünürəm ki, bu şantajçı, böhtançı və təxribatçı saytların hamısı sahiblərinin mənfur məqsədləri naminə Azərbaycanda ictimai rəyi yanıltmaqla, ölkəmizə ciddi zərbə vurmaqla məşğuldurlar. Təbii ki, bunlarla bağlı ölçü götürülməlidir"
sia.az