PDF Oxu

Siyasət

  • 54

ƏN YÜKSƏK MÜKAFATLARA LAYİQ OLAN PREZİDENT

ƏN YÜKSƏK MÜKAFATLARA LAYİQ OLAN PREZİDENT

Prezident İlham Əliyevi Amerika-Azərbaycan Ticarət Palatası ("Amcham Azerbaijan") "Leadership" mükafatı ilə təltif edib

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyevi Amerika-Azərbaycan Ticarət Palatası ("Amcham Azerbaijan") "Leadership" mükafatı ilə təltif edib. Mükafat ölkə başçısının "Amcham-Azerbaijan"a göstərilən dəstəyə görə verilib.

Qeyd edək ki, mükafat Prezident İlham Əliyevin nümayəndəsi qismində çıxış edən maliyyə naziri Samir Şərifova təqdim olunub.

Görüşdə Amerika-Azərbaycan Ticarət Palatasının ("Amcham Azerbaijan") təsisçisi Reza Veziri Ulu Öndər Heydər Əliyevin dəstəyinin olduğunu vurğulayıb: "Bu palatanı təsis edən gündən Ulu Öndər Heydər Əliyev bizə daim dəstək olub. Eyni münasibəti biz Prezident İlham Əliyevdən gördük".

Öz növbəsində, Samir Şərifov da çıxışında qeyd edib ki, Prezident İlham Əliyev bu şərəfli mükafatı qəbul etmək üçün tapşırıq verib.

"Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir"

Son illər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, ən nüfuzlu təşkilatlarda layiqincə təmsil olunması, siyasi sahədə böyük nailiyyətlərin qazanılması, o cümlədən siyasi gündəliyimizdə başlıca məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bir sıra ölkələrdə Xocalı soyqırımının tanınması və digər uğurlarla zəngin olmuşdur.

Bununla yanaşı, dünyada böhran proseslərinin hələ də davam etməsi, hətta qabaqcıl ölkələrin ciddi maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycanın davamlı iqtisadi inkişafı, quruculuq işlərinin geniş vüsət alması, əhalinin həyat səviyyəsinin yüksəlməsi, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi son illərin nailiyyətlərini səciyyələndirən əsas amillərdəndir.

Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur. Ölkəmiz son 11 ildə, yəni tarix baxımından qısa müddət ərzində sıçrayışlı iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa peyk çıxaran dövlətlər sırasına qoşulmuş, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Son illərdə Azərbaycanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkənin xarici ticarətində də müsbət meyillərə təkan vermişdir. Belə ki, xarici ticarətin coğrafiyası genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Təkcə 2013-cü ildə 149 ölkə ilə xarici ticarət əməliyyatları aparılmış, xarici ticarət dövriyyəsi 3,4 faiz artaraq 34,7 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 6 faiz artmışdır.

Ötən il Azərbaycanın ticarət dövriyyəsinin 44 faizi Avropa İttifaqı, 20 faizi İslam Əməkdaşlıq Təşkilatı, 12 faizi MDB, 7 faizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı ölkələrinin payına düşmüşdür.

Azərbaycan-ABŞ iqtisadi əlaqələri inkişaf mərhələsində

Azərbaycanın dünyanın iqtisadi cəhətdən fövqəldövləti olan ABŞ-la sıx iqtisadi əlaqələri var. Azərbaycan müstəqilliyinin ilk illərində o vaxtkı iqtidar ABŞ-ın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe müstəvisində yerini düzgün qiymətləndirə bilmədi və xarici siyasət idarəsi 1992-1993-cü illərdə ABŞ-ın Qafqaz regionunda və Azərbaycanın müstəqil dövlətçilik taleyində oynayacağı rolu tamamilə nəzərdən qaçırmış və bu sahədə heç bir əməli iş görməmişdir. Lakin Ulu Öndər Heydər Əliyev 1993-cü il iyulun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra, daha dəqiq desək, 1994-cü ildən Azərbaycan-ABŞ münasibətləri yüksələn xətlə inkişaf etməyə başladı, hər iki tərəfin bir-biri ilə bağlı maraq və mövqeləri müəyyənləşdirildi.

Dünyanın sözügedən fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətləri şərtləndirən əsas amillər, bir yandan, ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə və müstəqilliyinə təminat vermək, onun ayaq üstə dayanmasına ilkin iqtisadi və siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəlidirsə, digər yandan, Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən, neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır. Eyni zamanda, Azərbaycan-ABŞ iqtisadi əlaqələri də yüksələn səviyyədə daha da möhkəm xəttlə inkişaf etməkdədir. Prezident Heydər Əliyevin yürütdüyü daxili və xarici siyasətin, həm Azərbaycan, həm də Qərb və ABŞ-ın maraq və prinsiplərinə tam cavab verməsi, Azərbaycanın Qafqaz regionunda və Xəzərətrafı bölgədə malik olduğu geostrateji mövqe və iqtisadi əhəmiyyət də əlavə olunmaqla, ABŞ-ın strateji tərəfdaşları sırasına daxil edilməsini şərtləndirən əsas amillər hesab olunmalıdır. İki ölkə arasındakı ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq, transmilli layihələrin reallaşmasındakı birgə fəaliyyətin müxtəlif aspektlərini müzakirə etmək məqsədilə çoxsaylı rəsmi görüşlər bu əlaqələrin daha sıx olmasına gətirib çıxarır.

Güclü dövlət idarəçiliyi bütün sferaları əhatə edir

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla və yeni çalarlarla zənginlədirilmiş şəkildə həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə islahatçı, innovativ bir ölkə imicini formalaşdırmış, əməkdaşlığa can atılan dövlətlərdən birinə çevrilmişdir. Son on bi ildə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin daha da möhkəmləndirməsi, beynəlxalq imici, regionun lideri olaraq özünü təsdiqləməsi ölkəmizin seçdiyi yolun düzgünlüyü həqiqətini təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Məhz yuxarıda qeyd etdiyimiz ötən dövrü xarakterizə edən faktların ümumi təhlili də göstərir ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyev siyasi kursunu həyata keçirməyə qadir dövlət xadimi olaraq özünü doğrultmuşdur və Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasi lider kimi tanınır. Belə ki, ölkə Britaniyanın "The Business Year" jurnalının Prezidenti İlham Əliyevi "İlin adamı" elan etməsi, bunun ardınca Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilməsi, ötən ilin dekabr ayında "İlin Xəzər dövlət adamı" mükafatı ilə təltif olunması dövlət başçımızın uğurlu siyasətinin məntiqi nəticəsidir. Xatırladaq ki, 2005-ci ildə Türkiyədə və xaricdə yaşayan 9 minə yaxın oxucunun iştirakı ilə keçirilən sorğunun nəticələrinə görə Prezident İlham Əliyev "Avrasiyada ilin siyasət adamı" elan olunmuşdu. Göründüyü kimi, dövlət başçımız dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə, ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır. Ümumilikdə, bütün bu uğurları şərtləndirən strateji faktorlara nəzər salmaq üçün ölkəmizin daxili və xarici siyasət kursunun əsaslarına diqqət yetirmək lazımdır.

Göründüyü kimi, ötən 12 ildə Azərbaycanın xarici siyasətində əldə edilmiş nailiyyətlər onun regionda və dünyada yerini möhkəmləndirib. Azərbaycanın xarici siyasətinin uğurlu olması ona şərait yaradır ki, bir çox xarici ölkələrə irihəcmli investisiyalarını yatırsın, beləliklə də söz sahibinə çevrilsin və öz nüfuzunu daha da gücləndirsin.

Beləliklə, bütün bu faktlara əsaslanaraq, bir daha qeyd etmək mümkündür ki, Cənab Prezident İlham Əliyevin istiqamətləndirdiyi uğurlu siyasət nəinki Azərbaycana, eləcə də dünyanın bir çox aparıcı ölkələrinə öz əvəzsiz töhfələrini verməkdədir. Ölkə başçımızın Amerika-Azərbaycan Ticarət Palatasının ("Amcham Azerbaijan") "Leadership" mükafatına layiq görülməsi də bu amilin növbəti göstəricilərindən biridir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər