Konstitutsiya islahatları heç bir nəticə verməyəcək
Son aylar Ermənistandakı gərgin ictimai-siyasi və sosial-iqtisadi vəziyyət bu ölkədə ciddi daxili təlatümlərə səbəb olub. Ölkədə prezident Serj Sarkisyanın yarıtmaz siyasi fəaliyyəti ilə bağlı olan elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı baş qaldıran etiraz dalğası cari ilin 19-dan başlayaraq bu günə kimi səngimək bilmir. Belə ki, noyabrın 9-da keçirilən mitinqdə qəbul olunan bəyanata əsasən noyabrın 19-dan başlayaraq Azadlıq meydanında oturaq mitinqlər davam etməkdədir. Aksiya iştirakçıları soial problemlərlə yanaşı, konstitusiya islahatlarına qarşı mübarizəni davam etdirəcəklərini bildiriblər. "Dur, Ermənistan" vətəndaş hərəkatının üzvləri Andrias Qukasyan bildirib ki, bu gün Ermənistan Cənubi Qafqazın ən kasıb ölkəsidir: "Əhalinin güzəranı getdikcə pisləşir, vətəndaşlar bir qarın çörək pulu qazanmaq üçün öz ölkələrində kölə kimi işləyir, əllərində imkanları olanlar isə 5-10 dollar çox pul qazanmaq xətrinə başqa ölkələrdə köləlik etməyə üz tutur. Lakin məsələnin ən dəhşətli məqamı budur ki, Ermənistan prezidenti Serj vətəndaşların varını-yoxunu talayaraq, krallar kimi həyat tərzi sürür. Demək olar ki, ölkə bütövlükdə hakim ailənin şəxsi biznesinə çevrilib. Ermənistanda siyasi hakimiyyət, güc strukturları, kriminal aləm və oliqarx iş adamlarını birləşdirən siyasi-iqtisadi amirlik sistemi formalaşmışdır. Başda Sarkisyan olmaqla, bu siyasi-kriminal-oliqarx sistem ölkənin siyasi-iqtisadi və biznes həyatını tam şəkildə öz inhisarına almışdır".
"Ermənistan təkbaşına bizim qabağımızda duruş gətirə bilməzdi"
Azərbaycan Prezidenti İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində bu barədə danışaraq deyib: "Əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasa idi, bu məsələ çoxdan həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi".
Ölkə Prezidenti Azərbaycanla Ermənistanı müqayisə etməyin qeyri-mümkün olduğunu bildirib: "Bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ kobudcasına, bu dərəcədə kobud şəkildə poza bilməzdi".
Azərbaycanın öz yolu ilə gedəcəyini qeyd edən dövlətimizin başçısı bildirib ki, heç bir ölkə qondarma "Dağlıq Qarabağ qurumu"nu tanımır və tanımayacaq. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik və siyasi səylərimizi gücləndirəcəyik: "Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir".
Sarkisyan konstitusiyadan da bəhrələnməyi güdür
İşğalçı ölkədəki gərginliyi "SƏS"ə şərh edən millət vəkili politoloq Elman Nəsirlinin qənaətincə, Sarkisyan konstitusiyadan da bəhrələnməyi güdür: "Bu ölkədə baş verən son hadisələr, yəni elektrik enerjisi tariflərinin qalxması ölkə əhalisinin, xüsusilə gənclərin məlum reaksiyası onu göstərdi ki, əslində məlum böhran özünün yeni dağıdıcı mərhələsinə daxil olmaqdadır. Ermənistanda konstitusiya islahatı həyata keçirməklə bağlı təşəbbüslərə başlanılıb. Konstitusiya islahatının mahiyyəti isə, əslində Sarkisyan rejimini qoruyub saxlamaqdan ibarətdir".
Onun sözlərinə görə, Sarkisyan rejimi konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirmək niyyətindədir: "Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil. Məlum olduğu kimi, Ermənistan siyasi sistem baxımından prezidentli respublikadır və Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün ölkəni konstitusiya islahatı vasitəsilə parlamentli respublikaya çevirmək istəyir. Sarkisyan bəyan edirlər ki, parlamentli respublikada nə prezident, nə də baş nazir olmaq fikri yoxdur. Amma erməni siyasətçiləri qeyd edir ki, Sarkisyan spiker olub-olmayacağı haqqında heç nə demir. Çünki məqsədi konstitusiya islahatları həyata keçirib ölkəni parlamentli respublika etsin və nəticədə prezidenti xalq deyil, parlament seçsin və parlamentdə saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlasın. Digər bir məqam isə, əgər Sarkisyan baş nazir olmaq istəmirsə, o zaman baş naziri də özünə sərfəli adamı seçərək müəyyənləşdirir. Sarkisyan bununla da parlamentdəki üstünlükdən istifadə edərək spiker ola bilər. Hətta özü spiker olmasa belə, hakim partiyanın rəhbəri olaraq öz adamlarını vəzifələrə qoymaqla idarəçiliyi kənardanda da olsa özü idarə edəcək".
E.Nəsirli onu da vurğulayıb ki, Ermənistanda Sarkisyana heç kim inanmır: "Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyəti isə xalqın getdikcə daha böyük etirazına səbəb olur. Bu insan azad, müstəqil bir dövlətin prezidenti deyil ki, sərbəst qərar qəbul etsin. Ona görə də, onun sözünə inanmaq olmaz, bu erməni müxalifətinin də mövqeyidir. Beləliklə də Sarkisyan hakimiyyətini uzatmış olur. Xalq və erməni müxalifəti bunu çox gözəl dərk etdiyindən Ermənistanda etiraz dalğasının artıq getdikcə yeni mərhələsi formalaşmaqdadır".
Beləliklə, yaranmış kritik vəziyyətdə Ermənistan prezidenti Serj Sarkisyan problemlərdən çıxış yolları axtarır və daxili auditoriyanın etirazlarını neytrallaşdırmaq, daxili ictimai-siyasi gərginliyi zəiflətmək üçün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Danılmaz faktdır ki, onlar bu versiyadan hər zaman istifadə ediblər.
Erməni mətbuatı deyilənləri təsdiqləyir
Ermənistan mətbuatı yazır ki, siyasi gərginliyin artmasına xidmət edən bütün bu hallar iqtisadi böhranı daha da dərinləşdirir. Siyasi ekspertlər qeyd edirlər ki, Ermənistanda kompleks və sistemli xarakter daşıyan total böhran meyillərinin xarakteristikasını təsvir etmək üçün, sadəcə, bir neçə sahədəki real duruma nəzər yetirmək məqsədəmüvafiqdir. "Joxovurd" qəzeti yazır ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2015-ci ildə ölkənin dövlət borcu 4 milyard 441 milyon 554 min dollardır, təkcə 2014-cü ilin dekabr ayında dövlət borcu 26 milyon 847 min dollar artıb: "Bu borcların 3 milyard 785 milyon 208 min dolları xarici borcdur. 2014-cü ilin son ayında xarici borc isə 81 milyon 598 min dollar artıb. Həmçinin, 2015-ci ilin yanvar ayı ərzində ərzaq məhsullarının qiyməti ötən ilin dekabr ayı ilə müqayisədə 4,5 faiz bahalaşıb. 2014-cü ildə Ermənistanda işsizlərin sayı 2013-cü illə müqayisədə 18 faiz artıb".
Pessimist proqnozlar
Beləliklə, deyilənlər bir daha onu göstərir ki, Ermənistanı daha böyük problemlər gözləyir. Bütün bu neqativ vəziyyətin fonunda Ermənistan əhalisinin reallığı dərk edən kəsimi artıq S.Sarkisyan iqtidarına "əlvida" deməyin vədəsinin çatdığını hiss etdiyindən, küçələrə axışaraq pozulan hüquqlarını, nəyin bahasına olursa-olsun, bərpa edəcəklərinə ümid edir.
A.SƏMƏDOVA