SİYASİ RAKURS
İddialar özünü doğrultmur
Bir müddət öncə Azərbaycan Xalq Partiyasının (ADP) sədri Pənah Hüseynin özünü müxalifətin "lideri" qismində görməsi, eləcə də düşərgəni düşdüyü ağır vəziyyətdən çıxarması barədə irəli sürdüyü iddiaları həmin düşərgənin təmsilçiləri tərəfindəncə iztehza ilə qarşılandı. Demək olar ki, bütün müxalifət AXP sədrinin sözlərini boğazdan yuxarı deyilmiş ifadələr kimi dətərləndirərək, əslində ənənəvi düşərgənin, həqiqətən də çıxılmaz vəziyyətdə olduğunu etiraf etmiş oldular. Daha dəqiq desək, mövzu ətrafında bənzər düşüncələr paylaşan müxalifət partiyalarının sədrləri dolayı yolla təmisl olunduqları düşərgənin ağır vəziyyətdən çıxarılması üçün digər "tövsiyələrdə" bulundular. Bu isə, həqiqətən də ölkə müxalifətinin siyasi ölümə məhkum olunduğunun birbaşa göstəricisidir.
Beləliklə, Pənah Hüseynin məlum ideya irəli sürməsi nəninki onun özünün, eyni zamanda başqa müxalifət partiya rəhbərlərinin, xüsusilə özlərini "ana müxalifət" adlandıran şəxslərin də liderliyini şübhə altına almış oldu.
Radikal təmayüllü müxalifət "Azərbaycan Naminə Həmrəylik" adından belə ürpəşirlər
Daha bir maraqlı məqam isə AXP sədrinin öz "liderliyi" ətrafında "Azərbaycan Naminə Həmrəylik" birliyinin yaradılması təklifinə verilən reaksiyalardır. İlk başdan da görünür ki, onsuz da Azərbaycan naminə deyil, Azərbaycan əleyhinə fəaliyyət göstərən radikal təmayüllü müxalifət "Azərbaycan Naminə Həmrəylik" adından belə ürpəşirlər. Çünki onlara Azərbaycan naminə, Azərbaycan uğrunda hər hansı bir fəaliyyət göstərmək, ümumiyyətlə sərf etmir. Hətta bu birlik yaransaydı və Pənah Hüseyn həmin birliyin "lideri" seçilərək, düşərgəyə rəhbərlik etsəydi belə, oraya cəmləşəcək AXCP, Müsavat və s. bənzər partiyalar uzun müddət bir arada qalmayacaqdılar. Çünki onlara təlimatlar verən məlum xarici siyasi dairələr elə bir sifarişlər verəcəkdilər ki, burada Azərbaycan naminə hər hansı fəaliyyətdən söhbət də gedə bilməzdi. Beləlklə, bəribaşdan AXP sədrinin təklifini rədd edən düşərgənin müxtəlif partiyaları bu addımları ilə onlar haqqında olan həqiqətləri ortaya qoymuş olublar.
Xaricdəki müxalifət partiyalarının siyasi meyilləri sağçılıq, solçuluq, mərkəzçilik mövqelərinə görə dəyişsə belə, ortaq məxrədcə dövlətçilik faktoru dayanır
Daha br məsələ isə tükənmiş müxalifətin arxasında elektorat bazası problemidir. Bu gün müxalifət onlara icazə verilsə belə, öz mitinqlər və aksiyalarına 300-500 nəfərdən artıq adam yığmağı bacarmırlar. Buna isə güc demək olmaz. Bildiyimiz kimi, xarici ölkələrdə fəaliyyət göstərən istənilən müxalifət partiyalarının arxasında xalq ordusu dayanır və həmin müxalifət partiyalarının siyasi meyilləri sağçılıq, solçuluq, mərkəzçilik mövqelərinə görə dəyişsə belə, ortaq məxrədcə dövlətçilik faktoru dayanır. Yəni hər bir müxalifətin məqsədi hakimiyyətə gələrək, dövlətçiliyin inkişafına, dövlətçilik maraqlarının müdafiə olunmasına, o cümlədən, xalqın maraqlarını təmin etməyə hesablanır. Təbii ki, Azərbaycanda belə müxalifət olsa-olsa bir neçə partiyadır ki, onların fəaliyyətləri radikalizmə deyil, konstruktivliyə, dialoq mühitinə söykənir. Yəni iqtidarla bir sıra məsələlərdə ümumi anlaşmalar olur.
Lakin radikallar bu cür vasitələri "müxalifətə xəyanət" kimi qiymətləndirir, şəxsi, fərdi maraqlarını gerçəkləşdirməkdən ötrü hətta şeytanla belə iş birliyinə gedə biləcəklərini açıq-aşkar bəyan edirlər. Təkcə 2013-cü il prezident seçkiləri ərəfəsində AXCP sədri Əli Kərimlinin həmin etirafı etməsini xatırlasaq, nəyin necə olduğunu anlayarıq.
"Milli Şura"dakı vəziyyət və AXCP-Müsavat münasibətləri fonunda "Azərbaycan Naminə Həmrəylik" hərəkatı ideyası real görünmür
Bugünün ənənəvi müxalifəti deyilən radikallar hələ də özlərini 90-cı illərdəki kimi hiss edirlər. Halbuki küçədə 21-ci əsrin 15-ci ili sonlanmaq üzrədir. Belə olan təqdirdə, bu düşərgədən nə gözləmək olar ki? Təbii ki, 15-20 il əvvəlki situasiya indi yoxdur. Müxalifətdə hər hansı birliyin hansısa önəmli qüvvəyə və hakimiyyətə alternativ gücə çevrilməsi absurddur. Beləliklə, bu gün müxalifətdə "liderlik" ambisiyası dəbdən düşmür. Məhz bu ambisiyalar, "ana müxalifət" partiyası iddiaları, müxalifətin "vahid lider" olması məsələsi daim gündəliyə gətirilir. Kimin şansı varsa, digər qüvvələr onu gözdən salmaq üçün fəaliyyətə başlayır. Bu proses indi də davam edir. Səmimi olmayan qüvvələrin, "liderlərin" hansı səmimi birliyi yarana bilər? Pənah Hüseyn elə ideya irəli sürüb ki, digər tərəflər onu səmimi qarşılamadı, hətta onun "liderliyini" şübhə altına aldılar. "Milli Şura"dakı vəziyyət və AXCP-Müsavat münasibətləri fonunda "Azərbaycan Naminə Həmrəylik" hərəkatı ideyası real görünmür.
Rövşən RƏSULOV