"Azərbaycanın təhlükəsizliyinə lazımi səviyyədə diqqət göstəriləcəkdir"
Artıq V çağırış Milli Məclisinin ilk iclası keçirildi və bununla ölkə parlamentinin növbəti beşillik fəaliyyətinə start verildi. Söz yox ki, Azərbaycan xalqı ölkənin ali qanunverici orqanı o kimi Milli Məclisin işində yeniliklər, yeni qanunların qəbulunu gözləyirlər. İlk növbədə isə, ali qanunverici orqanın fəaliyyətinin tərkib hissəsi söz yox ki, dövlətimizin inkişaf və tərəqqi yolunun davam etdirilməsindən ibarət olacaq. Çünki dövlət rəhbərliyinin də əsas qayəsi və mövqeyi məhz bu faktordan ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev V çağırış Milli Məclisinin ilk iclasındakı çıxışında da bu və digər önəmli məqamlara toxunaraq, olduqca mühüm məsələlər barədə danışıb. Dünyada baş verən təlatümlər, bir sıra ölkələrin təhlükəsizliyinin pozulması ssenarisinin Azərbacanda mümkün olmayacağını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiki şəraitdə məhz təhlükəsizlik amili diqqətdə saxlanmalıdır: "Əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir".
Prezidentin məhz bu amilə xüsusi diqqət ayırması həm də belə qənaətə gəlməyə əsas yaradır ki, ölkəmizin təhlükəsizliyi istiqamətində dövlət tərəfindən atılan addımlar öz nəticələrini verməkdədir. Belə ki, Cənab İlham Əliyevin bildirdiyinə görə, Azərbaycan xalqı birinci illər deyil, uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu isə təhlükəsizlik məsələsinin daim diqqətdə saxlanılmasının bariz göstəricisidir: "Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir".
"Korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir"
Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, təhlükəsizlik məsələləri ilə yanaşı, həm də inkişaf meyarlarının artırılması, davam etdirilməsi üçün bir sıra dövlət qurumlarında mövcud olan neqativ hallar da dərhal aradan qaldırılmalıdır və bu istiqamətdə görülən işlər artıq öz nəticəsini verməkdədir. Xüsusilə, korrupsiya və rüşvətxorluq kimi bəlaların birdəfəlik məhv edilməsi üçün qanunvericilik əsasında ən sərt tədbirlər görülür. Sitat: "Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya və rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaq".
"Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək"
Əlbəttə ki, ölkəmizin iqtisadi inkişafı da qeyd olunan məsələlər tərkibində öz öncüllüyünü qoruyub-saxlamaqdadır. Xüsusilə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi qeyri-neft sektoru sahəsinə diqqətin ayrılmasını zəruri edib. Prezident İlham Əliyev bildirib ki, daha öncə müəyyənləşdirilmiş iqtisadi kurs davam etdiriləcək: "İqtisadi siyasətlə bağlı təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcək. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək".
"Bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz"
Təbii ki, iqtisadi inkişaf mərhələsi tərkibində regionların da inkişafı məsələsi dayanır ki, bundan əlavə həmin sektorda əhalinin sosial, enerji və s. kimi məsələlər baxımından təmin olunmasının vacibliyi də yer alır. Burada köklü maraq bilavasitə Azərbaycan xalqıdır. Daha dəqiq desək, Azərbaycan xalqının daha yaxşı yaşamasına hesablanmış atılan addımlardır. Ölkə başçısı İlham Əliyev vurğulayıb ki, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir: "Əlbəttə, əvvəlki illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə, elektrik enerjisi, qazlaşdırma layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlib və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri nəzərdə tutulur. Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilib, bu gün də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür".
"Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr!"
Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin inkişaf və tərəqqisini gözü götürməyən dairələrin fəaliyyətlərinə də toxunaraq bildirib ki, artıq uzun illərdir ki, ölkəmiz əleyhinə ikili standartlardan çıxış edən bəzi beynəlxalq təşkilatlarla yanaşı, daha çox canfəşanlıq edən erməni lobbisi çoxsaylı var-gəllər etsə də, heç bir istəyinə nail olmağı bacarmır. Dövlət başçısı deyib ki, anti-Azərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb, əlbəttə ki, məyus olurlar: "Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur və ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik".
"Bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır"
Cənab İlham Əliyev xarici dairələrin, Azərbaycanı müxtəlif ittihamlar atəşinə tutan bəzi Qərb siyasilərinin özlərinin hazırda qeyri-demokratik, qeyri-humanist davranışlarını sübut edən faktlara toxunub. Maraqlısı da budur ki, baş verən məlum olayların hər birində Qərb siyasətinin ərəb ölkələrinə tətbiq etmək istədiyi "demokratiya" öz ağır, dəhşətli nəticələrini verməkdədir. Məsələn, ərəb ölkələrindən üzü Avropa ölkələrinə olan miqrant axınının nəticələrinə diqqət yetirsək, görərik ki, bu gün öz doğma yurd-yuvalarından, ev-eşiklərindən didərgin düşmüş insanlar qarşılaşacaqları xoşbəxt həyat yerinə təhqir, ksenofobiya, irqçilik halları ilə qarşı-qarşıya qalmış olurlar.
Prezident vurğulayıb ki, Azərbaycan nadir ölkələrdəndir ki, son vaxtlar miqrantlar böhranı ilə bağlı öz səsini ucaldır: "Bəziləri susmağa üstünlük verirlər, ancaq biz sözümüzü deyirik. Çünki bu ədalətsizliyə dözmək mümkün deyil. İndi buna miqrantlar böhranı deyirlər. Ancaq miqrantlar üçün bu böhran humanitar fəlakət böhranıdır. Neçə ildir ki, onlar bu fəlakətdən əziyyət çəkirlər. Onların ölkələri dağıdılır, evləri yerlə yeksan edilir. Onlar yaxınlarını, qohumlarını itirirlər, işgəncələrə məruz qalırlar, onların ləyaqəti alçaldılır və bu adamlar nicat tapmaq, yəni bu bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar - yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur. Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün gör nələr baş verir. Biz buna necə susaq?! Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, əgər başqa ölkələr də bizim kimi öz səsini ucaltsalar, bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər".
"Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil"
Qərb siyasi dairələrinin bütün bunlardan nəticə çıxarmalı olduqlarını bildirən ölkəmizin başçısı deputatlara müraciətində deyib ki, bütün bunlara rəğmən, Azərbaycan hələ də əsassız ittihamlara məruz qalır. Halbuki ittiham edən tərəflərin özləri ən sərt ittiham olunmağa layiq olan tərəflərdirlər. Sitat: "Guya Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim tərəfindən müəyyən edilib, bunu biz bilmirik, - meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük. Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik. Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq, beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik".
Sözügedən məsələnin bir tərəfinin, yəni Azərbaycana qaşrı yürüdülən ikili standartların Qarabağ münaqişəsinə də təsirsiz ötüşmədiyini xatırladan dövlət başçısı bildirib ki, əslində Qarabağ münaqişəsinin həllində bizə - Azərbaycana heç kim kömək etmir: "Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcək".
"İndiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik"
Azərbaycanda aparılan müstəqil siyasət nəticəsində dünyada baş verən qlobal hadisələrin ölkəmizə ciddi təsir etmədiyini vurğulayan dövlət başçımız hazırda ölkəmiz üçün bir fürsətin yarandığını xatırladıb. Belə ki, dünyada neftin qiymətinin aşağı düşməsi müəyyən gəlirlərə, xərclərə mənfi təsir göstərsə də, Azərbaycan öz gücü və potensialına güvənərək, istənilən çətin vəziyyətdən çıxmağı bundan sonra da bacaracaq: "Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.
Bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli-mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq".
Beləlkiklə, Prezident İlham Əliyevin vurğuladığı hər bir fikirdə ortaya çıxan önəmli tezislərdən də qənaətə gəlmək mümkündür ki, Azərbaycan dövləti öz dönməz, müstəqil yolunu davam etdirməklə yanaşı, inkişaf, tərəqqi faktorunu da əsas qayə, əsas məqsəd və məram kimi öndə tutur. Bu yoldan isə ölkəmizi heç bir qüvvə döndərə bilməz. Çünki Azərbaycanda sarsılmaz xalq-iqtidar vəhdəti mövcuddur. Bu sarsılmazlıq isə ən möhkəm təməllərə söykənməkdədir.
Rövşən NURƏDDİNOĞLU