PDF Oxu

Siyasət

  • 41

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir, beynəlxalq aiəmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir.

Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Əminəm ki, Bakı Forumunda sürətlə dəyişən dünyada tolerantlığın gücləndirilməsi, universal mənəvi dəyərlərin beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi kimi aktual problemlər ətrafında konstruktiv fikir mübadilələri aparılacaq və səmərəli tövsiyələr səsləndiriləcəkdir.

Azərbaycan zəngin tolerantlıq əlaqələrinə malikdir

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr vermişdir. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dinlərinə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamışlar.

Azərbaycan müstəqilliyini bərpa etdikdən və Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynamışdır.

Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında Ümummili Lider Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya Patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini aşağdakı kimi şərh etmişdir: "Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır".

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi ölkə xaricində də yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi kimi Roma Katolik Kilsəsinin başçısı II İohann Pavel 2003-cü ilin mayında Bakıda olarkən dediklərini xatırlatmaq kifayətdir: "Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür".

Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ulu Öndər Heydər Əllyevin təşəbbüsü ilə 2001-ci ilin iyun ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir.

Tolerantlığın dövlət strategiyası

Azərbaycan öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir.

Prezident İlham Əliyev son 12 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də, dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Gəncədəki İmamzadə kompleksində təmir-bərpa işləri aparılır. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi artıq dindarların istifadəsinə verilmişdir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli-mənəvi dünyasına daha çox bağlı olsunlar.

Azərbaycan- dini konfessiyaların vəhdətdə olduğu ölkə

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, biri-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdir. Bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə dirənən ölkə ərazisində məskunlaşan əhalinin böyük qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı Prosesi"nin davam etdirilməsinin nəticəsi olaraq 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olmuşdur.

Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyildir. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirmir. Bütün bu proseslərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə tənzimlənir. Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər.

Müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Bu mübarizələr o həddə gəlib çatmışdır ki, bəzən eyni dinə mənsub təriqətlər arasında belə qanlı çaxnaşmalara səbəb olur. Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Bu gün istəsələr də, istəməsələr də xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur.

İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.

Valeh Məhərrəmov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Digər xəbərlər