PDF Oxu

Siyasət

  • 26

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında rayon icra hakimiyyətinin və mərkəzin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilib.

Açıq dərsdə rayonun 76, 118, 285, 65 və 327 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.

"Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcək. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.

Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənməsi məqsədi ilə mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada mərkəzin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmini izləyiblər.

Açıq dərs dövlət himninin oxunması ilə başlanıb. Dərsin mövzusunu elan edən rayon icra hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd edib ki, Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək, 1993-cü ilin 9 iyununda Bakıya qayıtması Onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen Şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Bu günün prizmasından bir daha aydın görünür ki, Heydər Əliyevin "qan içi"ndə çalxalanan paytaxta gəlməsinin özü bir cəsarət nümunəsi, liderlik örnəyi idi.

Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldığını diqqətə çatdıran B.Barxudarov bildirdi ki, bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən xilas edərək, ardıcıl inkişaf yoluna çıxardı. Sosial-iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı.

Açıq dərsdə 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova "Heydər Əliyev və tolerantlıq", 285 nömrəli tam orta məktəbin müəllimi Rauf Məmmədzadə "Xarici ölkələrdə Azərbaycan diasporlarının yaranması", 118 nömrəli tam orta məktəbin müəllimi Gülər Osmanova "Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı", 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Quliyev "Heydər Əliyev və sosial-iqtisadi inkişaf", 76 nömrəli tam orta məktəbin müəllimi Nigar Bayramova "Heydər Əliyev - dünya miqyaslı siyasətçi" mövzularında dərs deyiblər.

Açıq dərsdə vurğulanıb ki, Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Ulu Öndər əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazanıb. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli Liderinə çevrildi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır.

Açıq dərsdə mövzu xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılıb.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər