"Türkiyə ilə Rusiya arasında olan münasibətlərin hansısa müharibə ilə nəticələnəcəyini düşünmürəm". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.Onun sözlərinə görə, əgər söhbət Rusiya-NATO qarşıdurmasından gedirsə, burada əsas məsələ ancaq nüvə müharibəsindən gedə bilər: "Ona görə də bu hadisələr heç bir halda bugünkü vəziyyətdən daha artıq pisləşməyəcək. Rusiya ilə Türkiyənin münasibətlərinin pozulmasında daha çox itirən tərəf rəsmi Moskva olacaq. Zənnimcə, hər iki ölkə vəziyyətdən çıxmaq üçün yollar axtarmalıdırlar. Beləcə hər iki dövlət bu hadisələrə tezliklə son verməlidirlər. Mən Azərbaycanın bu hadisələrdə heç bir rolunu görmürəm. Azərbaycan hər iki ölkə ilə normal münasibətlərdən istifadə edərək vasitəçi rolu oynaya bilər".A.Mollazadə əlavə edib ki, proseslərin dərinliyi o qədər uzağa gedib ki, burada Azərbaycanın yeganə imkanı qardaş Türkiyəyə yaranmış problemlərin həllində dəstək verməkdən ibarət ola bilər: "Ölkəmiz nəqliyyat sahəsində Türkiyəyə yardım edir. Beləcə, Türkiyənin avtomobilləri Azərbaycan üzərindən Orta Asiyaya gedib çıxa bilər. Azərbaycan-Türkiyə münasibətləri heç bir ölkənin münasibətləri ilə müqayisə oluna bilməz. Hər iki ölkə uzun illərdir ki, "bir millət, iki dövlət" düsturu ilə yaşayır. Rusiya isə Azərbaycanın qonşusudur. Ölkəmiz rəsmi Moskva ilə qonşuluq, tərəfdaşlıq siyasətini davam etdirmək istəyir".
sia.az