"Belə çıxır ki, baş vermiş terror aktı sadəcə Ermənistan prezidenti Serj Sarkisyana təsir edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Mübariz Əhmədoğlu Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda baş tutacaq görüşləri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Serj Sarkisyan dekabrın 1-də baş tutacaq görüş fikrini ortaya ona görə atmışdı ki, prezidentlərin əsl görüşü təxirə salınsın.Ekspert bildirib ki, prezidentlərn görüşü ilə bağlı bütün sənədlər həmsədrlər tərəfindən ilin axırınadək hazırlanıb başa çatmalıdır, lakin Sarkisyan sənədlərin hazırlanmasından ehtiyat edir: "Azərbaycanın xarici işlər naziri həmin sənədlərin mahiyyətini açdı. Belə ki, Rusiyanın xarici işlər naziri həmsədrlərin adından təklif verib ki, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxsın, Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılsın və Azərbaycanın məcburi köçkünləri də həmin ərazilərə qayıtsın. Daha sonra isə Dağlıq Qarabağ azərbaycanlıları ilə erməni icmaları arasında dialoq başlasın".
Mübariz Əhmədoğlu bildirib ki, bu təklifləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov həm Azərbaycana, həm də Ermənistana edib: "Bu təkliflər həmsədrlər tərəfindən sənəd formasına salınıb, dekabr ayının axırınadək imzalanmalıdır. Bu isə Serj Sarkisyana sərf etmir. Məhz buna görə də o, yalandan da olsa dekabrın 1-də görüş olacağı fikrini irəli sürdü. Sarkisyanın planı baş tutmadı. Ermənilər öz mətbuatlarında Sarkisyanın Parisdə baş verən terror aktlarından çəkindiyini bildiriblər. Bu isə çox məntiqsiz bir ifadədir. Əgər ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və ya İngiltərənin Baş naziri Devid Kameron Parisdəki terror aktlarından qorxmadan konfransa qatıla bilirlərsə niyə Sarkisyan qatıla bilmir? Buradan belə çıxır ki, baş vermiş terror aktı sadəcə Ermənistan prezidenti Serj Sarkisyana təsir edir. Yəni onlar belə bir bəhanə ilə öz təkliflərindən geri çəkilirlər".
sia.az