PDF Oxu

Siyasət

  • 28

Belarus və Azərbaycanı tarixi dostluq əlaqələri birləşdirir

Belarus və Azərbaycanı tarixi dostluq əlaqələri birləşdirir

İlham Əliyev: "Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki "Qələbə" meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoydu. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

Prezident İlham Əliyev noyabrın 28-də Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi ilə tanış olub. Azərbaycan Prezidentinə muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, muzey Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə uğrunda canlarından keçmiş insanların xatirəsini əbədiləşdirmək üçün yaradılıb. Bu muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanında müharibə illərində ziyan görməmiş "Həmkarlar Evi"ndə fəaliyyətə başlayıb. Ötən il isə hazırda muzeyin yerləşdiyi yeni Memorial Kompleksin açılışı olub. Burada Böyük Vətən müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir.

Muzeydə Böyük Vətən müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli eksponatlar saxlanılır. Ümumilikdə ümumi sahəsi 4200 kvadratmetr olan muzeydə 10 ekspozisiya zalı və 8 mindən çox ekspozisiya materialı var. Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət olan muzey daim yeni eksponatlarla zənginləşdirilir. "Partizanların əlyazma jurnalları" və "Əldəqayırma partizan silahı" kolleksiyaları birinci dərəcəli tarixi-mədəni dəyərə malikdir.

Bölmələrin birində müharibənin başlanması, Belarus ərazisində ilk müdafiə, o cümlədən Smolensk və Moskva döyüşləri barədə məlumat verilir. Brest qalası müdafiəçilərinin qəhrəmanlığı ziyarətçilərə xüsusi instalyasiya vasitəsilə təqdim olunur. Muzeydə faşizm üzərində ümumi Qələbənin qazanılmasında və Belarusun faşist işğalçılarından azad olunmasında Azərbaycan xalqının qəhrəman oğullarının böyük şücaətini əks etdirən eksponatlar nümayiş etdirilir. Brest qalasının müdafiəsi zamanı da azərbaycanlılar qəhrəmanlıqları ilə seçiliblər.

Muzeydə nasist Almaniyasının Belarus ərazisində yaratdığı ölüm düşərgələri, həmçinin digər həbsxanalarla bağlı maraqlı eksponatlar sərgilənir. Məlumata görə, Belarusda hitlerçilər 260-dan çox ölüm düşərgəsi və insanları kütləvi məhvetmə məntəqəsi yaradıblar. Bu faşist düşərgələrində sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, 30 azərbaycanlı hərbçi də qətlə yetirilib.

"Belarusda partizan hərəkatı və antifaşist gizli mübarizəsi" adlanan zal maraqlı dizaynı ilə seçilir. Faşistlərin Belarusu işğal etdiyi dövrdə burada partizan hərəkatının Mərkəzi və Belarus qərargahları yaradılıb. Muzeydə Belarusdakı partizan hərəkatında iştirak edən azərbaycanlıların göstərdikləri şücaətlər barədə də ətraflı məlumat verilir. Həmyerlilərimiz Ələkbər Əliyev və Məmməd Məmmədov partizan hərəkatında xüsusi qəhrəmanlıqlar göstəriblər. Muzeydə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin rəşadəti haqqında da məlumat verilir. Hazırda Minskdə onun adını daşıyan küçə var.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bu muzeylə tanışlığından bəhs edən fotoşəkillərə baxdı. Ümummilli Lider 1978-ci ilin dekabrında Belarus SSR-in və Kommunist Partiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində rəsmi nümayəndə heyətinin rəhbəri kimi bu muzeydə olub və xatirə kitabına ürək sözlərini yazıb.

Ulu Öndərin muzeylə tanışlığını əks etdirən fotoşəkillər dövlətimizin başçısına hədiyyə olundu. Muzeydəki "Qələbə" zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk olunub. Onlar Belarusun işğaldan azad olunmasında mərdlik və qəhrəmanlıq göstəriblər. Onların arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da adı var. O, Smorqon şəhərinin fəxri vətəndaşı adına layiq görülüb, Vileyka şəhərində şərəfinə abidə ucaldılıb. Hər iki şəhərdə Həzi Aslanovun adını daşıyan küçələr var. Muzeydə Həzi Aslanovla bağlı kitablar da sərgilənir. Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Sonda xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyevin noyabrın 28-də Minskdə rəsmi qarşılanma mərasimi olub. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi. Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər. Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub. Dövlət başçıları görüşdə çıxış etdilər.

Belarus Prezidenti Aleksandr Lukaşenko:

-Əziz İlham Heydər oğlu, icazə verin, bütün dünya və yəqin ki, xüsusən bizim üçün bu çətin vaxtda Sizi Belarusda salamlayım. Sizin - bizim həmfikrimizin, mənim böyük dostumun, - Belarusda bunu bilirlər, - ümumiyyətlə, Belarus xalqının dostunun gəlişi mənə çox xoşdur. Sizi burada salamlamaq, ölkələrimiz üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür etmək istəyirəm. Deməliyəm ki, biz Belarus-Azərbaycan münasibətləri ilə ciddi məşğul olmağa başlayanda əmtəə dövriyyəsi də artdı, müxtəlif problemli siyasi məsələlər də aradan qalxdı. Bizim şəxsi münasibətlərimiz elədir ki, Allah eləsin, hər bir rəhbərlə mənim münasibətim belə olsun. Ümumiyyətlə, biz bu niyyətdəyik və vaxtilə Sizinlə razılaşmışdıq ki, maksimum nəticə əldə etməyə çalışacağıq. Bununla belə, iqtisadi baxımdan bu çətin dövrdə biz əmtəə dövriyyəsini təxminən ən yaxşı vaxtlarda olduğu səviyyədə saxlayırıq. Hərçənd, bütün ölkələrlə bizim əmtəə dövriyyəsi xeyli azalıb. Buna görə də biz münasibətlərimiz üçün böyük işlər görmüşük, yaxşı təməl yaratmışıq. Biz hər il yüksək səviyyədə ünsiyyət təcrübəsi yaratmışıq - bir il bizdə, o biri il sizdə. Ümidvaram ki, hər şey normal olacaq və gələn dəfə mən Sizin ölkəyə, günəşli gözəl Bakı şəhərinə səfərə gələ biləcəyəm. Bütün sahələrdə bizimlə əməkdaşlıq etdiyinizə görə sağ olun. Bir daha bəyan etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç bir ehtiyatlanmalı və qapalı mövzu yoxdur. Bizim Sizinlə əməkdaşlığımız Belarusda vilayətin vilayətlə əməkdaşlığı kimidir. Bizim əməkdaşlığımız bu səviyyədədir. Əgər bu, kimlərinsə xoşuna gəlmirsə, bu, onların problemidir. Bizdə qadağan edilmiş mövzular yoxdur. Buna görə də Siz Belarusa həmişə bel bağlaya bilərsiniz. Bir daha vurğulamaq istəyirəm ki, çətin vaxtda Sizin heç nəyə baxmadan bizə kömək etməyinizi heç vaxt unutmuruq. Nə vaxtsa məsələləri bir neçə günün içində dostcasına necə həll etməyin lazım olduğunu təfərrüatı ilə danışmaq mümkün olacaq, o cümlədən böyük maliyyə məsələlərini. Biz həmişə sözümüzə əməl edən adamlar olmuşuq. Siz buna bir daha əmin oldunuz. Amma buna baxmayaraq, xüsusən çətin dövrdə göstərdiyiniz dəstəyə və köməyə görə Sizə çox minnətdaram. Sizə arzum budur ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan, onun xalqı həmişə ucada olsun və əgər hər hansı problemlərlə üzləşərsə, onları aradan qaldırsın. Bilin ki, burada Sizin dostlarınız var.

Azərbaycan Prezidenti İlham Əliyev:

-Çox sağ olun, əziz Aleksandr Qriqoryeviç. Ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun. Mən, ilk növbədə, qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Belarusa səfər etməyə həmişə çox şadam. Son illərdə Sizin rəhbərliyiniz ilə ölkənizin qazandığı uğurlara sevinirəm. Minskin necə müasir, gözəl, inkişaf etmiş şəhərə çevrilməsi buna əyani sübutdur. Əminəm ki, burada yaşamaq, işləmək və qurub yaratmaq insanlara xoşdur. Belarus coşqun iqtisadi inkişaf yolundadır. Sizin ölkənizdə sosial rifah məsələləri fəal həll edilir. Sizin qeyd etdiyiniz kimi, indi bütün ölkələr üçün çətin vaxtdır. Buna baxmayaraq, Belarus müsbət inkişaf dinamikasını qoruyub saxlayır, ictimai-siyasi sabitlik təmin edilir. Hərçənd, biz hamımız iqtisadi böhrana məruz qalırıq. Buna baxmayaraq, Belarus bu təzahürə daha az məruz qalan ölkələrdən biridir.

Bizim münasibətlərimiz möhkəm dostluğa əsaslanır. Bu dostluq artıq illərin sınağından çıxıb. Sizin qeyd etdiyiniz kimi, biz fəal qarşılıqlı əlaqə yaratmağa başlayanda bir-birimizi o qədər də yaxşı tanımırdıq. Lakin son illərdə rəsmi səviyyədə prezidentlərin, digər qurumların rəhbərlərinin bir neçə səfəri baş tutub. Əlbəttə, gələn il Sizi yenə də Azərbaycanda rəsmi səfərdə qəbul etməyə çox şad olaram, ona görə ki, müzakirə edilməli mövzular çoxdur. Əvvəla, hər bir səfər bizim münasibətlərimizin strateji xarakterinin bir daha siyasi təsdiqidir. İkincisi, biz bütün istiqamətlər üzrə - həm siyasi sahədə, həm xarici siyasət, iqtisadiyyat, sənaye sahələrində bir çox məsələləri həll edirik. Bizdə də Belarusla əməkdaşlıq məsələləri ilə bağlı heç bir məhdudiyyət yoxdur və bütün istiqamətlər üzrə çox müsbət dinamika, nəticələr görürük. Fəal qarşılıqlı əlaqə saxladığımız bu on ildə biz Belarus xalqını, onun açıq, xeyirxah, sədaqətli, səmimi xarakterini yaxından tanıdıq. İnanın ki, bütün bu epitetləri mən sözgəlişi demirəm. Bunu mən də, belaruslarla ünsiyyətdə olmuş və olan hər bir vətəndaşımız da hiss edir. Bu, Sizin ölkənizin böyük sərvətidir. Mən Azərbaycan xalqı adından Sizə yeni uğurlar, yeni nailiyyətlər arzu etmək istəyirəm. Biz də dost kimi həmişə yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik. Qonaqpərvərliyə görə bir daha sağ olun.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər.

Prezident Aleksandr Lukaşenko bildirib ki, Azərbaycan Prezidentinin budəfəki səfəri, Belarus ilə Azərbaycan arasında yaxın, dost münasibətlərin fəal inkişaf etməsinin təsdiqidir:

"Biz bu münasibətləri həqiqətən yüksək qiymətləndiririk. Zənnimcə, dünya iqtisadiyyatında böhran hallarını nəzərə alaraq bu gün biz əsas diqqəti qarşılıqlı faydalı əməkdaşlığın yeni ideyaları və istiqamətləri üzərində cəmləşdirməliyik. Biz bu barədə İlham Heydər oğlu ilə çoxdan danışırdıq. İndiki çətin şəraitdə bizim dövlətlərimiz, xoşbəxtlikdən, qarşılıqlı əmtəə dövriyyəsinin ciddi azalmasına yol verməyiblər. Bununla belə, zaman bizdən qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti genişləndirmək üçün çevik və səmərəli qərarlar qəbul etməyimizi tələb edir. Fəxrlə qeyd etmək istəyirəm ki, Gəncə avtomobil zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir. 2007-ci ildən bəri bu zavodun istehsal sahələrində 6 min "Belarus" traktoru, 3 minə yaxın avtomobil və qoşqu istehsal edilib.

Başqa sahələrdə də ikitərəfli qarşılıqlı fəaliyyəti genişləndirmək üçün imkanlar az deyil. Məsələn, nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün biz kiçik və orta həcmli ucuz, lakin etibarlı avtobuslar, İsveçrə ilə birgə istehsal edilən dəmir yolu sərnişin qatarları, şəhərdaxili daşımalar üçün ekoloji təmiz qaz-generator mühərrikləri ilə işləyən rahat avtobuslar təklif edə bilərik. Onların yığılmasını Sizin ölkənizdə təşkil etmək olar.

Güman edirəm ki, Azərbaycanın nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsində bizim iştirakımız faydalı olacaq. Məsələn, Bakının mərkəzi ilə onun şəhərətrafı zonası arasında sürətli relsli nəqliyyatın hərəkətinin təşkil edilməsi, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər arasında əlaqənin daha rahat şəraitinin təmin olunması üçün avadanlıq satışı xəttinin layihələşdirilməsində biz iştirak edə bilərik. Həmçinin tütün və siqaretin qarşılıqlı satışının inkişafı sahəsində sanballı imkanlar var və bu cür münasibətlər uzunmüddətli əsasda yaradılmalıdır.

Hörmətli İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, Sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında Sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq. Hörmətli İlham Heydər oğlu, Sizə təşəkkür edirəm ki, bu çətin vaxtda sözünüzə əməl etdiniz, bizim ölkəyə gəldiniz. Gördüyünüz kimi, danışmalı məsələlər var. Buna görə də Sizi Belarus torpağında bir daha salamlayıram."

Prezident İlham Əliyev çıxışında deyib ki, son illərdə ölkələrimiz arasında çox etimadlı münasibətlər səviyyəsi yaranıb, bu münasibətlər çox uğurla inkişaf edir:

"Bu gün biz Sizinlə nə işlər görüldüyünü və nə etməyi planlaşdırdığımızı müzakirə etdik. Lakin hər şeydən əvvəl, Sizi prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik etmək istərdim. Belarus xalqı Sizə bir daha yüksək etimad göstərdi və seçkilərin nəticələri, əslində Sizin ölkə rəhbəri vəzifəsində fəaliyyətinizin nəticəsidir. Düşünürəm ki, bu gün mənim nümayəndə heyətimin üzvləri də Belarusun nə dərəcədə uğurla, dinamik, səmərəli inkişaf etməsini bir daha öz gözləri ilə gördülər. Minsk çox yaraşıqlı - qəşəng, rahat, təmiz şəhərə çevrilib. Əminəm ki, burada yaşamaq, işləmək xoşdur, buraya gəlmək xoşdur.

Ölkələrimiz arasında münasibətlər həqiqətən ən yüksək səviyyədədir. Siz tamamilə haqlısınız, biz buna nail olmaq üçün uzun yol keçmişik. Lakin 10 ildən bir qədər çox əvvəl başlanmış bu cür fəal əməkdaşlıq illərində, mənim fikrimcə, bir-birimizi müxtəlif vəziyyətlərdə artıq yetərincə sınamışıq. Münasibətlərimizin möhkəmliyini, etibarlılığını sınamışıq və heç vaxt bir-birimizi naümid qoymamışıq. Buna görə, biz bu gün bir-birimizə inanırıq və sənədlərin altındakı imzalarımız kimi, sözlərimiz də böyük sanbala malikdir.

Bu gün gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənədlər də imzalanacaq. Lakin əsas odur ki, biz bir sıra məsələlər barəsində razılığa gəlmişik. Biz sevinirik ki, Belarus uğurla inkişaf edir. Sizin qeyd etdiyiniz kimi, indi çətin zamandır. İqtisadi böhrana siyasi böhran, bir sıra ölkələrdə isə hərbi-siyasi böhran da əlavə olunur. Biz qarşıdurma dövründə yaşayırıq. Təbii ki, bu vəziyyət beynəlxalq məsələlərin həllinə yeni yanaşmalar tələb edir. Bax, bu cür şəraitdə Belarusda mövcud olan ictimai-siyasi sabitlik uğurun əsas göstəricisidir, habelə bu uğurun davam edəcəyinin rəhnidir. Biz, Sizin dostlarınız kimi, buna çox şadıq. Belarus bizim üçün dost, qardaş dövlətdir. Əminəm ki, bu səfərdən sonra münasibətlərimiz daha sürətlə inkişaf edəcək." Görüşdə elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti ilə Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar. "Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq" haqqında müqaviləni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.

"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq" haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzaladılar. "Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında" Sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzaladılar. Sonra mükafatlandırma mərasimi oldu. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və inkişafına verdikləri töhfəyə görə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubova və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevə Belarus Respublikasının "Şərəf" ordenini təqdim etdi.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident Aleksandr Lukaşenkonun bəyanatı

-Hörmətli dostlar. Bu gün biz həmkarım, dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev ilə çox səmərəli və məhsuldar danışıqlar apardıq. Tərəflər münasibətlərimizin strateji xarakterini təsdiq etdilər. Azərbaycan ilə Belarus arasında problemlərin və ya fikir ayrılığının olmaması, dünya iqtisadiyyatında durğunluq və beynəlxalq vəziyyətin inkişafında birmənalı olmayan proqnozlar şəraitində gələcək birgə fəaliyyətə yanaşmalarımızın oxşarlığı qeyd edildi. Bu baxımdan biz Belarus-Azərbaycan münasibətlərini daha da dinamikləşdirmək qətiyyətində olduğumuzu bildirdik. Bu, ilk növbədə, ticari-iqtisadi sahədə, investisiyalar sahəsində əməkdaşlığa aiddir.

Belarus Respublikasının coğrafi mövqeyini, onun Avrasiya İqtisadi İttifaqının üzvü olmasını nəzərə alaraq, hesab edirik ki, Belarusda Azərbaycan xammalının, yarımfabrikatların emalı üzrə kooperasiya istehsalatları yaradılması, sonradan üçüncü ölkələrin, o cümlədən Avropa İttifaqının bazarlarına çıxmaq perspektivli istiqamətdir. Bu və digər istiqamətlərin müfəssəl işlənməsi üçün Belarus və Azərbaycan hökumətlərinə müvafiq tapşırıqlar veriləcək.

Tərəflər həm də bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsini, Belarus ilə Azərbaycan arasında sosial-iqtisadi əməkdaşlıq haqqında müqaviləni, 2025-ci ilə qədər olan dövr üçün sosial-iqtisadi əməkdaşlıq proqramını imzalayıblar. Prezident Əliyevin indicə dediyi kimi, biz həm də əməkdaşlığın yeni istiqamətlərini - informasiya texnologiyaları, nano-biotexnologiyalar sahəsində, hərbi-sənaye kompleksi, elmi tədqiqatlar sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən etdik. İndicə özünüz şahid oldunuz ki, bizim akademiyalar da müvafiq saziş imzaladılar. Bu sənədlərin reallaşdırılması siyasi, ticari-iqtisadi, elmi-texniki, humanitar əməkdaşlıq sahələrində qarşılıqlı faydalı Belarus-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə şərait yaradacaq. Sonda bir daha vurğulayıram ki, Minsk ilə Bakı arasında həll edilməmiş və həll edilə bilməyən məsələlər yoxdur. Müzakirə üçün qapalı mövzular da yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və yenə də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik. Təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyevin bəyanatı

-Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli xanımlar və cənablar.

Aleksandr Qriqoryeviç, mən ilk növbədə Sizə bu dəvətə, mənim və Azərbaycan nümayəndə heyətinin üzvlərinin Belarus torpağında hiss etdiyimiz qonaqpərvərliyə görə bir daha təşəkkür etmək istərdim. Bizim münasibətlərimizin gələcək inkişaf yollarını Sizinlə birlikdə müəyyən etmək üçün dost, qardaş Belarusa bir daha gəlməyimə şadam.

Bu gün mühüm sənədlər imzalanıb, onlar müxtəlif istiqamətlər üzrə gələcək inkişafımızı müəyyən edəcək. Prezidentlər tərəfindən Birgə Bəyannamə imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu Bəyannamə bizim həyat fəaliyyətimizin demək olar ki, bütün sahələrini əhatə edir. Orada bizim bir-birimizi daim dəstəklədiyimiz beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimiz barədə də danışılır. İqtisadi, siyasi əməkdaşlıq, humanitar, sənaye istehsalı, hərbi-sənaye sahələrində əməkdaşlıqdan bəhs edilir. Bizim aramızda bütün bu istiqamətlər üzrə çox sıx münasibətlər, dostluğa, qardaşlığa, qarşılıqlı etimada əsaslanan münasibətlər yaranıb. Aleksandr Qriqoryeviçlə bu gün qeyd etdiyimiz kimi, biz bu münasibətləri illər boyu qurmuşuq. Bu gün həmin münasibətlərin səviyyəsi xalqlarımızın mənafelərinə uyğundur və bu münasibətləri strateji tərəfdaşlar arasındakı münasibətlər kimi səciyyələndirməyə imkan verir.

Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var.

Biz Azərbaycanda Belarus texnologiyaları əsasında başqa istehsalatlar yaradılması məsələlərini, həmçinin Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarının emal edilməsi üzrə istehsalatlar yaradılmasını nəzərdən keçirməyə hazırıq. Başqa sözlə desək, iqtisadi əlaqələrin möhkəmlənməsi, biznes strukturlarının fəal qarşılıqlı əlaqəsi üçün çox möhkəm siyasi baza vardır. Mənim Belarusa növbəti səfərim bunu əyani şəkildə təsdiq edir. Bu il Aleksandr Qriqoryeviç birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlmişdi. Fürsətdən istifadə edib, Aleksandr Qriqoryeviçi gələn il Azərbaycana rəsmi səfərə bir daha dəvət etmək istəyirəm.

Digər xəbərlər