PDF Oxu

Siyasət

  • 23

Ölkəmizdə multikulturalizmin alternativi yoxdur

Ölkəmizdə multikulturalizmin alternativi yoxdur

Azərbaycanda müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunədir

Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan ölkəmiz Prezident Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsi və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Müasir dövrümüzdə ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan edilir. Azərbaycanda müxtəlif xalqların birgə yaşamaq qaydası, müxtəlif dinlərə münasibət, cəmiyyətdə tolerantlıq mühitinin qorunması kimi məsələlərin müzakirəyə cəlb edilməsi aktualdır. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yardılıb və heç vaxt ölkəmizdə dini və milli zəmində qarşıdurma baş verməyib.

Əlbəttə ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır, Azərbaycanda tolerantlıq mühitindən söz açarkən ilk növbədə ölkəmizdə hökm sürən siyasi sabitliyi, sosial və iqtisadi inkişafı vurğulamalıyıq. Müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayırlar. Azərbaycanda tolerantlıq siyasətinin uğurlu modeli artıq dünya ictimaiyyətinin diqqətindədir. Artıq Azərbaycanda müxtəlif inanc sahiblərinin bir-birlərinin dininə hörmətlə yanaşmaları dünya ictimaiyyəti üçün nümunə ola bilər. Bura yəhudilərin, müsəlmanların və xristianların yan-yana ibadət etdikləri məkandır. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə yerinə yetirmək imkanlar var və ölkədə məscidlərlə yanaşı pravoslav, katolik, alban kilsələri və sinaqoqların fəaliyyət göstərir. Çünki bu gün Azərbaycan dövlətçiliyi "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" prinsiplərini əsas meyar götürüb. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir.

Tolerantlıq ənənələrinin qorunmasına xüsusi önəm verən Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Möhsün Səlim, Gəncədə Həzrəti Zeynəb, Buzovnada Cümə məscidləri, Bakıda pravoslav kilsəsi bərpa edilib. Heydər Əliyev Fondu və Azərbaycanın katolik icması arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd əsasında Azərbaycanda yaşayan xalqların etnomədəni komponentlərinin inkişafına və digər inkişaf və bərpa sahələrinə yönəlmiş layihələr reallaşdırılır. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini verən Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirib. Eyni zamanda, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində fond yaxından iştirak edib. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində isə Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" adlı keçirilən konfrans bir daha dünyəvi məsələyə Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığı nümayiş etdirə bilmişdir. Ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyi, Asiya ilə Avropa arasında körpü olduğu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığı dünya ictimaiyyətinə çatdırılır. Mehriban Əliyevanın "Tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır. Azərbaycan həm İslam Konfransı Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Biz mədəni və tarixi irsimizlə fəxr edirik" fikri Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların mövcudluğunu və ölkəmizdə bütün dini azadlıqların təmin edildiyini göstərir.

Azərbaycandakı mövcud vəziyyət onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizmin alternativi yoxdur. Azərbaycan bir çox millətlərin və konfessiyaların birgə əmin-amanlıq şəraitində yaşadıqları unikal yerdir və bu ənənələrin tarixi kökləri var.

Əlbəttə ki, ölkəmizdə fərqli milli və dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə ev sahibliyi edərək, bu əlaqələrin inkişafına nə qədər önəm verdiyini bir daha ortaya qoymuş olur. Azərbaycan ölkəmizdə yaşayan xalqalar arasında bütün sahələrdə mədəni müxtəlifliyin inkişafına nail olub. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında öz tolerant mühiti ilə seçilir. Ölkəmizdə milli və ümumbəşəri dəyərlərin insan hüquqları və azadlıqlarının, tolerantlıq və dözümlülüyün prioritet məsələ kimi qəbul olunması dövlət siyasətinin əsas prinsipi kimi müəyyənləşdirilib ki, bu da dünya ictimaiyyətin diqqətindən kənarda deyildir.

Paytaxtımızda keçirilən "Bakı prosesi" və 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu ənənələrdən bəhrələnirdi. Forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olundu. Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstermizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, mədəniyyət paytaxtlarının dialoqu görüşü və digər tədbirlər keçirildi.

Forum Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin daha bir göstəricisi oldu.

Müasir dövrümüzdə Azərbaycanın milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyindən ölkəmiz çoxmillətli və çoxdinli bir ölkəyə çevrilib. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, əqidəsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqa malikdir. Bu baxımdan Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirilir, burada mövcud olan münasibətlər bir çox ölkələr üçün nümunədir.

Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər