İlham Əliyev: "Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 12 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirmiş Dövlət Proqramı təsdiqlənmişdir. Bu dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Bu baxımdan Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Naxçıvan Muxtar Respublikasında da qabarıq görünür.
Naxçıvan inkişafın yeni mərhələsində
Bu günlərdə ölkə Prezidenti İlham Əliyev Naxçıvana səfəri zamanı da bir daha vurğulamışdır ki, bu inkişafın nəticəsidir ki, Naxçıvanın siması dəyişir: "Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır. Mənim Naxçıvana səfərlərim mütəmadi xarakter daşıyır və hər dəfə bir çox açılışlarda iştirak edirəm. Bu da dinamik inkişafın təzahürüdür. Bu gün də mən bir çox önəmli tədbirlərdə iştirak edirəm. Onların içində ən böyüyü, əlbəttə ki, xəstəxananın açılışıdır. Eyni zamanda, uşaq musiqi məktəbi, kənd məktəbi, sənaye kompleksi, Günəş Elektrik Stansiyası, içməli su layihəsi, yəni bu, özlüyündə bir göstəricidir. Çünki respublika həm iqtisadi cəhətdən inkişaf edir, sənaye potensialı möhkəmlənir, eyni zamanda, sosial məsələlər də öz həllini tapır. Səhiyyə, təhsil, idman - budur əsas sosial infrastruktur məsələləri".
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri ölkəmizin bu qədim diyarının böyük uğurlar qazanması ilə bağlıdır. Dövlət başçısının açılışında iştirak etdiyi obyektlərin sırasının geniş olması da bu fikri təsdiqləyir.
Dövlət başçısı səfəri zamanı qeyd edib ki, Naxçıvanda infrastruktur məsələləri də demək olar ki, artıq həll olunub: "Muxtar respublika əhalisinin 100 faizi uzun illər ərzində təbii qaz alır. Elektrik enerjisi ilə problem yoxdur. Hesab edirəm, gün gələcək ki, Naxçıvan bütün enerji tələbatını bərpa olunan enerji növləri hesabına təmin edəcək. Buna nail olmaq üçün böyük işlər görülür, su elektrik stansiyaları tikilmişdir. Ordubad Su - Elektrik Stansiyasının tikintisi gedir və bu gün Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik.
Şəhərlərarası yollar çəkilir, kənd yolları salınır. Yəni kompleks yanaşma bundan ibarətdir. Əlbəttə, sənaye və iqtisadi inkişaf elə olmalıdır ki, Naxçıvanın dayanıqlı inkişafı təmin edilsin. Çünki çox sevindirici haldır ki, Naxçıvanın əhalisi artır, əhalinin sayı 450 min nəfərə çatıbdır. Əhalinin artımı əlbəttə ki, bizi daha da gücləndirir, eyni zamanda, yeni inkişafı da şərtləndirir. Çünki artan əhali artan iş yerləri, yeni sənaye müəssisələri deməkdir. Bildiyiniz kimi, indi dünyada maliyyə-iqtisadi böhran, bəzi ölkələrdə siyasi-hərbi böhran hökm sürür, neftin qiyməti kəskin şəkildə aşağı düşübdür.
Buna baxmayaraq, Azərbaycanda quruculuq və inkişaf sürətlə gedir. Hətta böhranlı illərdə bu gözəl xəstəxanaya böyük həcmdə maliyyə vəsaiti ayrılmışdır. Naxçıvanın içməli su şəbəkəsinin yaradılmasına da çox böyük həcmdə həm dövlət vəsaiti ayrılmış, həm də xarici banklardan kreditlər götürülmüşdür. Yəni, biz bu siyasətdən kənarda qala bilmərik. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır. Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında yenə də birincilər sırasındadır. Bunu statistika göstərir və bu, mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında qeyd edilir. Əminəm ki, biz gələn ili də uğurla başa vuracağıq, necə ki, 2015-ci il gözəl nəticələrlə başa çatır, iqtisadi artım, inflyasiyanın aşağı səviyyədə qalması. 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq, o cümlədən Naxçıvanda quruculuq, inkişaf davam etdiriləcəkdir".
Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, bu gün Azərbaycan sabit və davamlı inkişafa malikdir: "Bu inkişaf ona görə sabitdir ki, onun əsasını Ulu Öndərimiz Heydər Əliyev qoyub. Ona görə davamlıdır ki, Azərbaycanda bu siyasətə alternativin olmadığını reallığa çeviribsiniz. Çıxışlarınızın birində dediyiniz kimi, görülən işlər onu göstərir ki, biz faktiki işlərlə, əməli addımlarla sübut etdik ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır".
V.Talıbov onu da vurğulayıb ki, muxtar respublikada həyata keçirilən bütün quruculuq tədbirlərinin himayəçisi olan Cənab Prezident İlham Əliyev 2004-cü ildən ötən müddət ərzində muxtar respublikaya səfərləri zamanı elm, təhsil və mədəniyyət, idman, səhiyyə və sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq, eləcə də hərbi quruculuq sahələrini əhatə edən 120-dən çox obyektin açılışında iştirak etmiş, Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illik yubileyləri keçirilmişdir. V.Talıbov onu da vurğulayıb ki, ölkə rəhbərinin muxtar respublikaya hər səfərindən naxçıvanlıların qürur və iftixar hissi duyduqlarını bildirib.
Bəli, məhz yuxarıda sadalanan xüsusiyyətlər inkişafın Naxçıvan modelinin və ya Naxçıvan möcüzəsinin əsas səbəbi olmuşdur. Həqiqətən də, sürətlə inkişaf edən, yüksələn Naxçıvan Muxtar Respublikasının Vətən sevgisindən güc alan insanlarının gördükləri möhtəşəm işlər təqdirə layiqdir. Çünki həmin insanlar bu gün qədim diyarımızı gündən-günə gözəlləşən, çiçəklənən cənnət məkana çeviriblər. Naxçıvan Muxtar Respublikasının ölkəmizin hərtərəfli inkişafındakı rolunu qiymətləndirmək, təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi, eyni zamanda da siyasi əhəmiyyətini dəyərləndirmək, sözün həqiqi mənasında, çox mühüm tarixi addımdır.
Beləliklə də, bütün bunların ardıcıllıqla və sistemli şəkildə həyata keçirilməsi, uğurla gerçəkləşdilməsi özünümaliyyələşdirməyə dair dövlət tapşırıqlarının yerinə yetirilməsində irəliyə doğru əhəmiyyətli addım olacaq və Azərbaycan Respublikasının ümumi inkişafında Naxçıvan Muxtar Respublikasının imkanları daha da genişlənəcəkdir.
RƏFİQƏ KAMALQIZI