PDF Oxu

Siyasət

  • 19

GERİYƏ YOL YOXDUR: ERMƏNİSTAN HAKİMİYYƏTİ XALQ ÜSYANINDAN QAÇA BİLMİR

GERİYƏ YOL YOXDUR: ERMƏNİSTAN HAKİMİYYƏTİ XALQ ÜSYANINDAN QAÇA BİLMİR

Dekabrın 1-dən Ermənistanda konstitusiya islahatlarına qarşı fasiləsiz mitinqlər başlayıb

Son vaxtlar Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirmişdir. Ermənistan ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla qarşı-qarşıya qalmışdır. Bununla yanaşı, hakimiyyətdə olan cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların geniş etirazına səbəb olmaqla yanaşı, xaos və qarşıdurmalara da rəvac vermişdir. Hakimiyyət manevrləri davam etdirməyə çalışsa da, Ermənistan faktiki olaraq iflasın astanasındadır. Bununla yanaşı, Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində ortaya çıxan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır.

Zirayr Safilyan: "Cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq"

İrs partiya fraksiyasının rəhbəri Zaruhi Postancyan bəyan edib ki, bu, "konstitusiya islahatı deyil, Serj Sarkisyan rejimini əbədiləşdirmək üçün edilir".

Xanım Postancyan müxalif parlament partiyalarının ölkədə baş almış konstitusiya islahatı əleyhinə "Yox" və "Keçməyəcək" təşəbbüslərində birləşən onlarla ictimai və siyasi qüvvələrlə birlikdə referendumda konstitusiya dəyişikliyi əleyhinə təbliğat və itaətsizlik kampaniyasına qatılacaqlarını bəyan edib.

Erməni Milli Konqresinin mətbuat katibi Armen Musinyan da deyib ki, konstitusiya islahatının əsas və tək hədəfi Serj Sarkisyanın hakimiyyətdə qalmaq cəhdidir: "Biz əminik ki, indiki prezident və onun komandasının bu islahatları alınmayacaq və Sarkisyan öz hakimiyyət müddətini uzada bilməyəcək".

"İrs" partiyasının lideri Raffi Ovannisyan qeyd edib ki, bugünkü hakimiyyət belə islahatların keçirilməsi üçün qeyri-legitimdir. Ovannisyan təklif edilən islahatların bundan əvvəl də qəbul olunduğunu və icra edilsə də, heç bir dəyişikliyin yaranmadığını vurğulayıb: "Bu gün ölkədə yaranan bir çox problemlər məhz konstitusiyaya riayət edilməməsindən irəli gəlir. Konstitusiya, sadəcə mündəricat deyil, eyni zamanda reqlamentdir. Ölkə inkişafı istənilən səviyyəyə çatmayıb, hakimiyyət isə bu cür əhəmiyyətli prosesin reallaşdırılması üçün lazım olan legitimliyə sahib deyil".

Erməni parlamentinin üzvü Levon Zurabyan isə bildirib ki, hakim zümrənin əsas səyi hakimiyyəti, nəyin bahasına olursa-olsun, saxlamaqdır: "Hamı bilir ki, Serj Sarkisyan öz prezidentlik müddətini tamamlayır. Yeni islahatlar prezidentin baş nazir postuna keçməsinə və Sarkisyana uzun illər öz hakimiyyətini geniş səlahiyyətlərlə davam etdirməyə imkan verəcək".

"Yeni Ermənistan" hərəkatının lideri Zirayr Safilyan isə bildirib ki, cinayətkar rejim devrilməyincə mitinqlərə son qoyulmayacaq: "Bizim öz tərəfdarlarımızı bir neçə gün isti geyim və yeməklə təmin etmək imkanımız var. Rejimin devrilməsi çox uzun zaman alacaq. Amma biz bunu bacarmalıyıq".

Zirayr Safilyan, həmçinin bildirib ki, dekabrın 1-dən mitinqlər Azadlıq meydanında təşkil edilib və uzun müddət davam edəcək mitinqlər üçün meydanda çadırlar qurulur: "Mitinqlər "Yeni Ermənistan" xalq qurtuluşu, "Miras" müxalifət partiyası, Müxalifət Vətəndaş Təşəbbüsü qrupları, "Ermənistan politoloqlar ittifaqı" hərəkatları tərəfindən təşkil edilir. Etiraz aksiyalarının əsas şuarı isə "Dur, Ermənistan!"dır. Aksiya keçirənlər konstitusiya dəyişikliyi ilə bağlı referendumun ləğv edilməsini tələb edirlər. Ermənistanda konstitusiya islahatları ilə bağlı referendum 6 dekabrda keçəcək. Qeyd edim ki, bundan əvvəl Ermənistanda elektrik enerjisi tarifinin qaldırılmasına qarşı mitinqlər keçirilib. Aksiyalar "Ayağa qalx, Ermənistan" hərəkatının fəalları tərəfindən təşkil edilmişdi. Lakin bizim geriyə yolumuz yoxdur: "Ya ölüm, ya olum!"

Erməni ekspertləri də artıq erməni xalqının boğaza yığıldığını bildiriblər və qeyd ediblər ki, Serj Sarkisyanın bu siyasi oyunlarının məqsədi xalqa artıq bəllidir: "Əslində, Serj Sarkisyan yaxşı dərk edir ki, 2018-ci ilədək, yəni prezident səlahiyyətləri bitənə kimi, gələcək müqəddəratını həll edə biləcək məsələləri bəri başdan öz yoluna qoymalıdır. Bu gün hazırkı rejim tərəfindən hakimiyyəti qoruyub saxlamaq üçün "yüksək texnologiyanın" varlığına, ölkədə siyasi və iqtisadi monopoliyanın hakim Respublika Partiyasının əlində olmasına baxmayaraq, rejimin, ilk növbədə isə Sarkisyanın qarşısında çox ciddi bir maneə dayanır. Həmin maneə Sarkisyana prezident postuna ardıcıl olaraq 3-cü dəfə namizədliyini irəli sürməyə qoymayan Konstitusiyadır. Qanuna söykənən məhz belə bir güclü maneə Respublika Partiyasının və onun liderinin hakimiyyətinin sonu ola bilər".

Bəzi müşahidəçilər hesab edirlər ki, konstitusion dəyişikliklər yolunu seçməklə, Serj Sarkisyan təkcə hakimiyyət müddətini uzatmaq məsələsini həll etmiş olmur, o, həm də hökumət daxilində mərkəzdənqaçma proseslərini yoluna qoymağa çalışacaq.

Beləliklə, siyasi rəqibləri, həmçinin əksər ekspertlər hesab edirlər ki, Konstitusiya islahatları adı altında Sarkisyan hakimiyyətinin ömrünü uzatmağa çalışsa da, geriyə yol yoxdur: Ermənistan hakimiyyəti xalq üsyanından qaça bilməyəcək.

A.SƏMƏDOVA

Digər xəbərlər