"Azərbaycan və Ermənistan Prezidentləri arasında görüşün yubanması ilə bağlı xəbərlər erməni təbliğatının nəticəsidir"
"Azərbaycan və Ermənistan Prezidentlərinin görüşünün dekabrın sonlarında keçirilməsi gözlənilir". Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloq bildirib ki, Serj Sarkisyan bu görüşü dekabrın əvvələrində sadəcə görüş xatirinə keçirilməsi üçün əlindən gələni edib: "Amma Azərbaycanın, birbaşa cənab Prezidentin qətiyyəti nəticəsində düşmən ölkənin Prezidenti niyyətinə çata bilməyib. Gözlənilən görüşdən konkret nəticələrin əldə olunması üçün Rusiya tərəfdən də artıq müəyyən müsbət addımlar atılmaqdadır.Azərbaycan bu münaqişənin öz ərazi bütövlüyünün təmin olunması çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır. Dövlətimiz nəzərdə tutulan görüşə hər iki tərəfin nəticənin əldə olunmasına töhfə verə biləcək konkret proqramla qatılmasını istəyir. Əgər Serj Sarkisyan görüşün dekabrın əvvəlində keçirilməsinə nail ola bilsəydi bu ildə də münaqişənin həlli nəticəsiz qala bilərdi".Regionda ciddi narahatlıq yaradan Rusiya və Türkiyə arasında yaranmış gərginliklə bağlı da danışan mərkəz rəhbəri qeyd edib ki, Azərbaycan bundan ciddi narahatlıq duyur: "Çünki Rusiya Azərbaycan üçün nəhəng strateji tərəfdaş, eyni zamanda qonşuluqda yerləşən ölkədir. Türkiyə isə bizə qardaş ölkədir. Ölkəmiz bu gərginliyin tezliklə yenidən mehriban dostluq münasibətləri ilə əvəz olunmasını arzu edir".Mübariz Əhmədoğlunun sözlərinə görə, cari ilin aprelin 24-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda "qondarma erməni soyqırım"ı ilə bağlı səsləndirdiyi bəyənatlardan sonra Rusiya-Türkiyə arasında münasibətlərdə müəyyən soyuqluq yarandı: "Azərbaycanda keçirilən Avropa oyunlarında hər iki ölkə başçısının iştirak etməsi bu soyuqluğu aradan qaldırıb. Göründüyü kimi Azərbaycan Türkiyə-Rusiya arasında barış müstəvisidir. Hazırki gərginliyin aradan qaldırılmasında da Azərbaycan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırdır".
sia.az