PDF Oxu

Siyasət

  • 28

"Milli Şura" + "Müsəlman Birliyi Hərəkatı" = TERROR!

"Milli Şura" + "Müsəlman Birliyi Hərəkatı" = TERROR!

Radikal siyasi və radikal dini qrupların əlahəzrət qanun qarşısında cavab vermələri zamanı çatıb

Nardaran hadisələri ətrafında aparılan müzakirələr, analitik fikirlər və gəlinən nəticələr daha bir amilə söykənməkdədir. Belə ki, Tale Bağırzadə, eləcə də özünü "xəlifə" elan etdiyi "Müsəlman Birliyi Hərəkatı", o cümlədən, radikal dini qruplaşmanın ona biət etmiş üzvləri heç də islami dəyərlərə hörmət qoymadıqlarını məhz Nardaranda sübuta yetirmiş oldular. Xüsusilə, dini maarifləndirmələri olmayan, yalnız ibadət edən və islam dininin elmi əsaslarından bilgisiz olan sadə kütləni özünə cəlb edən Tale Bağırzadə və onun qruplaşma üzvləri çirkin məqsədlərini də məhz həmin kütlə vasitəsilə reallaşdırmağı planlamışdılar. Daha dəqiq desək, Nardaran kəndinin müəyyən dini və şəriət bilgiləri olan adamları, o cümlədən, maariflənmiş kəsimi heç də "Müsəlman Birliyi Hərəkatı"nın oradakı fəaliyyətinə dəstək verməyiblər. Yalnız bir neçə yüz nəfərdən ibarət olan kütlə onun ardıcılları kimi vəziyyətin kritik həddə çatmasına can atırdılar. Çünki istər daha öncəki, istərsə də sonrakı məqamda Tale Bağırzadənin dünyəvi və tolerant Azərbaycanda kirli maraqları, qaranlıq niyyətləri olan xarici qüvvələrlə iş birliyi bəs-bəlli idi. Biz bunu proseslərin sonrasında da gördük.

Məsələn, İran parlamentinin xarici siyasət komitəsinin sədr müavini Mənsur Həqiqətpurun Nardaran hadisələri ilə daxili emosiyalarını gizlətməməsi və açıq-aşkar ölkəmizə qarşı sərsəm fikirlər səsləndirməsi deyilənləri kifayət qədər ehtiva etməkdədir. Bu isə hələ Tale Bağırzadə oyununun görünən tərəfidir.

"Milli Şura"nın indi də fars şovinizmini ixrac edən qüvvələr tərəfindən idarə olunan "Müsəlman Birliyi Hərəkatı"na qahmar çıxması təsadüfi deyil.

Lakin sözügedən oyunun daha bir görünən tərəfi var. Bu, radikal dini qruplaşmanın yaxın dəstəkçisi kimi çıxış edən və yenə də radikalizm amilindən çıxış edən siyasi müxalifət qurumu "Milli Şura" və onun özəyini təşkil edən AXCP-dir. Məsələn, məlumdur ki, həbsdən çıxandan bəri daim kəskin, sabotajçı, provokativ fikirli bəyanatlarla çıxış edən, çağırışlar edib, şüarlar səsləndirən Tale Bağırzadə həmin vasitələrlə müxalif düşüncəli adamları özünə cəlb etməyi bacarmışdı. Və söz yox ki, bu məsələdə ona dəstəkçi olan tərəf "Milli Şura" və AXCP olub. Halbuki istər "Milli Şura"nın sədri Cəmil Həsənli, istərsə də AXCP sədri Əli Kərimli Tale Bağırzadə məsələsinə qədər gah Rusiya, gah da Qərb anti-Azərbaycan dairələri ilə əməkdaşlığa getmişdilər. Belə bir məqamda "Milli Şura"nın indi də fars şovinizmini ixrac edən qüvvələr tərəfindən idarə olunan "Müsəlman Birliyi Hərəkatı"na qahmar çıxması təsadüfi deyil. Çünki adıçəkilən radikal dini qruplaşmanın, terrora meyilli "hərəkatın" dəstəkçiləri də məhz Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı kimilər olmalıdır. Yəni onlar da Tale Bağırzadə və yandaşları kimi satqınçılıq, dağıdıcılıq psixologiyasına mənsub olan avantürist və sabotajçılar kütləsinin bir parçasıdırlar. Məsələn, necə ki, Tale Bağırzadə onun kimi olmayanları öz təbirincə real müsəlman hesab etmirsə, Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı da onlar kimi olmayanları öz təbirlərincə real demokrat və real müxalifətçi hesab etmirlər.

Əgər bu misalın cavabı bəllidirsə, demək, o, həll olunmuş sayılır

"Müsəlman Birliyi Hərəkatı" da onlardan olmayanları terrorçuluq yolu ilə məhv etməyi çıxış yolu kimi görür, "Milli Şura", AXCP də onların siyasətlərini dəstəkləməyənləri dağıdıcılıq, terror yolu ilə aradan getmələrini istəyirlər. Məhz burada hər iki düşüncə tərzinin bənzəməsi rahat şəkildə görünməkdədir. Ona görə də Tale Bağırzadənin qan-qada qoxusu verən və fars şovinizminə söykənən islamçılıq pərdəsi arxasındakı terrorçuluq siyasətini qondarma millətçilik və demokratiya pərdəsi arxasında gizlənən Əli Kərimli-Cəmil Həsənli cütlüyü dəstəkləyir.

Beləlkilə, məsələ kifayət qədər aydın və izahlıdır. Burada çətin riyazi tənlik yoxdur. Sadəcə, 2+2=4 misalında olduğu kimi, "Milli Şura" + "Müsəlman Birliyi Hərəkatı" misalının da cavabı terrordur. Əgər bu misalın cavabı bəllidirsə, demək, o, həll olunmuş sayılır. Əlbəttə ki, həmin cavab radikal siyasi və radikal dini qrupların əlahəzrət qanun qarşısında cavab vermələri ilə qiymətini tapacaq. Artıq bu, sağlam düşüncəli, syasi-ictimai hadisələrə doğru qiymət verməyi bacaran xalqın sifarişidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər