PDF Oxu

Siyasət

  • 27

Türkiyə-Azərbaycan birliyi bölgədə sabitləşdirici rol oynayır

Türkiyə-Azərbaycan birliyi bölgədə sabitləşdirici rol oynayır

İlham Əliyev: "Bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik"

Dekabrın 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlunu qarşıladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulandı. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dekabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə geniş tərkibdə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir:

"Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Parlament seçkilərindən sonra ilk səfərinizdir. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm. Şadam ki, Siz ilk səfəri qardaş ölkəyə edirsiniz. Bu da təbiidir. Biz də seçkilərdən sonra ilk səfəri qardaş Türkiyəyə edirik. Bu, bir daha Türkiyə-Azərbaycan birliyini, qardaşlığını göstərir. Bizim əlaqələrimiz ən yüksək zirvədədir. Türkiyə və Azərbaycan bir-birinə çox yaxın olan ölkələrdir, bütün məsələlərdə bir yerdəyik, bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz. Əminəm ki, hökumətin yeni üzvləri bu günlər ərzində öz həmkarları ilə görüşəcəklər, məsələləri müzakirə edəcəklər, əlaqələrimizin inkişafı üçün yeni yollar axtaracaqlar və tapacaqlar. Bizim əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Biz bütün sahələrdə gözəl inkişafı görürük. Əminəm ki, Sizin səfəriniz də bu istiqamətdə çox önəmli addım olacaqdır."

Türkiyənin Baş naziri Əhməd Davudoğlu diqqətə çatdırıb ki, Dünyada heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil: "Çox təşəkkür edirəm, hörmətli cənab Prezident. Bu, çox gözəl ənənədir. Bazar ertəsi gecə etimad səsverməsindən sonra Türkiyə Respublikasının 64-cü hökuməti olaraq vəzifəmizin icrasına başladıq. Hələ İstanbula və doğulduğum Konya şəhərinə getməmişəm, amma Bakıya gəlmişəm. Çünki Bakı, Azərbaycan bizim canımızdır, ürəyimizdir. Ona görə mən həmişə buraya "Can Azərbaycan" deyirəm. Ona görə bu ənənəyə sadiq qalaraq heyətimizlə birlikdə ilk səfərimi Bakıya etməkdən çox böyük məmnunluq hissi keçirirəm.

Bilirsiniz, Türkiyədə yeni hökumət qurulub və bu hökumətdə təmsil olunan nazirləri Sizə təqdim edəcəyik. Çünki birlikdə işləyəcəyik. Azərbaycanın, hamımızın böyük lideri atanız möhtərəm Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Bu mənada bizim nazirlərimizə Sizin nazirləriniz kimi, sizinkilərə də bizimkilər kimi hər zaman baxıldığını bilirik. Əlaqələrimiz genişmiqyaslıdır. Dünyada heç bir iki ölkə arasında əlaqələr Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil. Energetika, ticarət, nəqliyyat, mədəniyyət sahələrində çox geniş əlaqələrimiz var. Həmişə olduğu kimi, bizi böyük qonaqpərvərliklə qarşıladınız."

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir:

"Çox şadam ki, parlament seçkilərindən sonra Siz ilk səfəri Azərbaycana - qardaş ölkəyə edirsiniz. Fürsətdən istifadə edərək bir daha rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı böyük qələbə münasibətilə Sizi Azərbaycan xalqı adından təbrik edirəm. Parlament seçkilərindən sonra ilk rəsmi səfəriniz bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu göstərir.

Eyni zamanda, bu yaxınlarda Antalya şəhərində keçirilmiş G20 Zirvə görüşü münasibətilə Türkiyəni təbrik etmək istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, Türkiyə bu Zirvə görüşünə Azərbaycanı dəvət etdi. Bir ölkəni dəvət edə bilərdi və bu ölkə Azərbaycan oldu. Buna görə də Sizə minnətdaram. Bu, bizim üçün çox önəmlidir. İlk növbədə ona görə ki, həm Türkiyə, həm Azərbaycan, həm də dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Məncə, dünyada bir-birinə bu qədər yaxın olan ikinci ölkələr mövcud deyil. Bizi birləşdirən tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir, dilimizdir. Eyni zamanda, bu gün Türkiyə və Azərbaycan iki müstəqil dövlət kimi bir-biri ilə çox sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. O gündən bu günədək bizim əlaqələrimiz çox sürətlə və hərtərəfli inkişaf edir.

Biz bütün dövrlərdə və bütün məsələlərdə daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. Bu siyasət həm ədalətə, həm də bizim tarixi keçmişimizə söykənir. Biz çox istəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. Çünki bizim siyasi maraqlarımız üst-üstə düşür. Biz istəyirik ki, bölgədə sülh, əmin-amanlıq olsun, qarşıdurmalar olmasın, bütün ölkələr, bütün xalqlar rahat yaşasınlar, öz həyatını qursunlar, heç kim heç kimin daxili işinə qarışmasın. Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Çünki bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaqdır.

Biz bütün beynəlxalq təşkilatlarda da bir-birimizi daim dəstəkləyirik. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə Türkiyə xalqına, dövlətinə minnətdarlığımı bildirmək istəyirəm. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıbdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ancaq Ermənistan buna məhəl qoymur və bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Bu münaqişə və bütün başqa münaqişələr beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa həll yolu yoxdur.

Bu gün, eyni zamanda, bizi birləşdirən enerji, nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıq. Burada da ölkələrimiz, xalqlarımız, bölgə və dünya üçün gördüyümüz işlər böyük məna daşıyır. Xüsusilə TANAP layihəsini qeyd etmək istəyirəm. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Biz bu layihəni birgə icra etməyə başladıq. Bu gün bu layihə beynəlxalq layihə kimi dünya miqyasında diqqət mərkəzindədir. TANAP layihəsinin icrasında heç bir problem yoxdur və bu gün biz bir daha bu məsələni müzakirə etdik. Əminəm ki, bu layihə vaxtında - 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəkdir. Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər.

Azərbaycanın çox zəngin təbii qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, bizim əsas resurs bazamız "Şahdəniz" layihəsidir. Ancaq onun kənarında da çox böyük digər qaz yataqlarımız var və bizim əsas ixrac yolumuz da artıq bəllidir. Bu, Türkiyədir və Türkiyə üzərindən digər Avropa ölkələridir. Şadam ki, bununla bərabər, qarşılıqlı sərmayə qoyuluşu uğurla həyata keçirilir. Həm Türkiyə, həm də Azərbaycan şirkətləri qarşılıqlı olaraq sərmayə qoyurlar. Azərbaycan yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacaqdır. O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər.

Bütün digər sahələrdə, o cümlədən humanitar sahədə də sıx əməkdaşlıq aparılır. Hərbi sahədə çox gözəl əməkdaşlıq aparılır. Azərbaycan Türkiyədən ordumuza lazım olan silahları alır. Eyni zamanda, biz artıq bir neçə dəfədir ki, birgə hərbi təlimlər də keçirdik, həm Türkiyədə, həm Azərbaycanda. Bu, bir daha bizim birliyimizi nümayiş etdirir, gücümüzü artırır. Bu gün həm regionda, həm Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan artıq ciddi amil kimi mövcuddur.

Son illər ərzində Türkiyənin inkişafı, güclənməsi, dünya miqyasında artan rolu bizi bir dost, qardaş kimi çox sevindirir və bir daha demək istəyirəm ki, bizi də gücləndirir. Biz gücümüzə güc qatırıq, biz dostuq, qardaşıq. Bu, əsas məsələdir və bütün məsələlərdə bundan sonra da bir-birimizi dəstəkləyəcəyik, bir-birimizin yanında olacağıq."

Baş nazir Əhməd Davudoğlu öz bəyanatında qeyd edib ki, qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin ölkədə hakimiyyətdə olması əlaqələrimizi möhkəmləndirəcək, gücümüzə güc qatacaq:

"Çox təşəkkür edirəm, hörmətli cənab Prezident. Mən də qonaqpərvərliyinizə görə bir daha təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə ilə Azərbaycan, - mən nə vaxt "Azərbaycan" deyirəmsə, həmişə "Can Azərbaycan" deyirəm, - bizim canımızdır, canımızla iç-içədir. Çox özəl əlaqələrə sahibik. Bunun bir göstəricisi də Türkiyədə və Azərbaycanda kim hökumət qurursa, vəzifəyə gəlirsə ilk səfərini qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana edir.

Bazar ertəsi axşamı yeni hökumətə etimad göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədə lazımi səsi toplayıb 64-cü hökuməti qurduq. Hələ İstanbula, doğulduğum Konyaya getmədim, amma mənəvi məmləkətimiz Azərbaycana Sizinlə görüşməyə gəldik. Bu gözəl ənənə bundan sonra qiyamətə qədər davam edəcək. Ankarada kim iqtidara gəlsə əvvəlcə Bakıya gələcək. Bakıda kim seçkilərdə qalib gəlsə, o da Ankaraya gələcək. Mən bizimlə eyni gündə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurları münasibətilə Sizləri təbrik edirəm. Qarşıdakı illərdə Türkiyədə və Azərbaycanda iki sabit hökumətin ölkədə hakimiyyətdə olması əlaqələrimizi möhkəmləndirəcək, gücümüzə güc qatacaq.

Böyük liderimiz Heydər Əliyev "Bir millət, iki dövlət" demişdi. Vətən şairimiz Bəxtiyar Vahabzadə "Türkiyə və Azərbaycan, bir ananın iki oğlu" demişdi. Biz bir-birimizə bu şəkildə bağlanmışıq. Bu bağlılıq nəsillərdən-nəsillərə ötürüləcək. Biz də Bakının ruzigarı-küləyi üçün darıxmışdıq. Oradan sevgi almağa gəldik. Həmişə olduğu kimi, bu gün burada çox faydalı görüşlər keçirdik. Eyni zamanda, yeni təyin olunan nazir yoldaşlarımızı hörmətli Prezidentimizə təqdim etdim. Çünki Türkiyədə nazir olan hər kəs Azərbaycanın da naziri kimidir. Azərbaycanın nazirləri də eyni şəkildə. Ortaq məsələlərimizi tam əməkdaşlıq şəraitində müzakirə etdik. Türkiyə və Azərbaycan həm Qafqaz regionunda, həm Avrasiya bölgəsində sabit inkişaf edən ölkələrdir. Çox dərin iqtisadi böhranların yaşandığı bir dövrdə - 2005-ci ildən 2015-ci ilədək Azərbaycan böyük inkişaf nümayiş etdirib, milli gəliri təxminən 5 dəfə artıb. Bu uğurların qazanılmasında cənab Prezidentin və onun hörmətli komandasının yaxşı işləməsi və Azərbaycan xalqının vətənpərvərliyi böyük əhəmiyyətə malikdir. Təbii ki, Türkiyə hər zaman bu proseslərdə Azərbaycanın yanında olub və olacaq. Hansı mövzuda olursa-olsun, əgər Azərbaycanı maraqlandıran bir məsələ varsa Türkiyənin mövqeyi bəllidir. Bütün sahələrdəki kimi, siyasi sahədə əlaqələrimiz hər zaman ən yüksək səviyyədə olub. G20 Sammitində hörmətli Prezidenti Türkiyədə, Antalyada görmək bizə böyük şərəf verdi. Türkiyə bayrağının dalğalandığı hər yerdə Azərbaycan bayrağı vardır. Azərbaycan bayrağının dalğalandığı hər yerdə Türkiyə bayrağı vardır.

Bunu, sadəcə, gəlişigözəl sözlər kimi demirik, əməli işlərlə, layihələrlə də dəstəkləyirik. Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığı durur. Bu təməlin enerji və nəqliyyat xətləri xüsusilə mühüm əhəmiyyət kəsb edir. TANAP layihəsi artıq xəyala çevrilən NABUKKO kimi bir çox layihədən sonra həyata keçirilibsə bu, Türkiyə və Azərbaycan arasında dostluq, qarşılıqlı etibar sayəsində reallaşıb. Bir çox ölkələrin edə bilmədiyini Türkiyə və Azərbaycan danışıqlar apararaq birlikdə həyata keçirdilər. Digərləri daha sonra qoşuldular. Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi, 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək."

Digər xəbərlər