"Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun Prezident İlham Əliyevin Türkiyə-Rusiya münasibətlərinin normalaşdırılması istiqamətində vasitəçilik təklifini yüksək qiymətləndirməsi təqdirəlayiq bir haldır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, millət vəkili Elman Nəsirli deyib.Onun sözlərinə görə, Gennadi Züqanovun fikirləri onu deməyə əsas verir ki, o, prosesləri çox obyektiv dəyərləndirir: "Bu şəxs çox gözəl bilir ki, Rusiya və Türkiyə strateji tərəfdaş dövlətlərdir. Onların münasibətlərinin gərginləşməsi hər birinə mənfi təsir göstərir. Məsələn, bu tək Rusiya, Türkiyəyə deyil, eyni zamanda Böyük Balkan regionuna, Yaxın və Orta Şərqə, Mərkəzi Asiyaya, Xəzər dənizi regionuna və s. mənfi təsirini göstərir. Yəni hər iki dövlətin münasibətlərinin gərginləşməsi vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər. Bundan tək bir tərəf deyil, ümumiyyətlə bütün tərəflər uduzmuş olar. Ona görə də hesab edirəm ki, bu vəziyyətdə hər iki dövlətin münasibətlərinin bərpasına son dərəcə böyük ehtiyac var. Belə olan reallıq fonunda Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə tərəfləri arasında sülh, vasitəçi olmaq təşəbbüsü ilə çıxış etməsi təbii ki, alqışlanan haldır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin həm Rusiya, həm də Türkiyə ilə strateji tərəfdaşlıq münasibətləri var".
sia.az