"Ümumiyyətlə, neft, qaz çıxarmada xüsusilə də dənizdən karbohidrogen ehtiyyatlarının istismarı zamanı qəza hadisələri olur. Belə hallar dünyada da olub və bundan sonra da olacaq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzaya münasibət bildirərkən deyib.Onun sözlərinə görə, "Günəşli" yatağında baş verən qəzada bir növ təbii fəlakətdir: "Təbii fəlakətin də qarşısını almaq çox çətindir. Hesab edirəm ki, cənab Prezidentin sərəncamı ilə yaranan Araşdırma-İstintaq Komissiyası hadisəni tamamilə araşdıracaq ki, burada nə qədər insan faktoru rol oynayıb. Yəni işçilərin, insanların həmin hadisədə rolu nə dərəcədə olub. Düşünürəm ki, qabaqlayıcı tədbirlər kimi sərt, kəskin hava şəraitində gərək iş dayandırılsın. Çünki qabaqcadan hava proqnozu verilmişdi və yüksək fırtınanın olacağı gözlənilirdi. Məncə orada işi dayandırmaq olardı. Hər halda bunu ekspertlər müəyyənləşdirəcək. Amma qeyd edim ki, peşəkarlıq və ardıcıllıqla görüləsi tədbirlər görülüb. Orada qalan insanların xilas edilməsi böyük bir qəhrəmanlıq hesabına baş verib. Gərək biz bunu da qiymətləndirək".M.Quliyev əlavə edib ki, onların sahilə çatdırılması, xəstəxanaya yerləşdirilməsi, xəstəxanada yüksək səviyyədə onlara yardım və qayğı göstərilməsi, ictimaiyyətin dəstəyi, hökumətin bütün strukturlarının öz vəzifələrini lazımınca yerinə yetirməsi, cənab Prezidentin bu məsələni diqqət mərkəzində saxlaması bizə ağır sınaqdan çıxmağımıza yardımçı oldu. 32 nəfərin itkin düşməsi əlbəttə ki, böyük bir itkidir. Sığorta tədbirləri görülüb və bundan sonra da lazımi sığorta yardımları həyata keçiriləcək".
sia.az