Dünən YAP Şəmkir rayon təşkilatında Ümümmilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev anım mərasimini açaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ölkəmiz öz inkişaf yolunu müəyyənləşdirməklə bərabər həm də sonrakı dövr üçün böyük işlər gördüyünü bildirib. Rayon təşkilatının sədri Ulu Öndərini xalqın təkidi və istəyi ilə çox gərgin dövrdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, ölkədə həyata keçirilən uğurlu işlərdən danışıb: "Azərbaycanın bugünkü bütün nailiyyətləri məhz Ulu Öndər Heydər Əliyevin sayəsində mümkün olub. Əsası Dahi Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyev adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaq".
Tədbirdə YAP Şəmkir rayon təşkilatı sədrinin müavinləri Məcid Şıxlıniski, Nürəddin Əhmədov və başqaları çıxış edərək Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər. Anım tədbirində çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu və Ulu Öndərin əbədiyaşar ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söylədilər.
A.SƏMƏDOVA