PDF Oxu

Siyasət

  • 20

MİLLİ DÖVLƏTÇİLİYİMİZİN QURUCUSU - HEYDƏR ƏLİYEV

MİLLİ DÖVLƏTÇİLİYİMİZİN QURUCUSU - HEYDƏR ƏLİYEV

Azərbaycan tarixinin keşməkeşli, zaman ilə ölçülməyən illəri, yaşanılan zamanın həqiqətləri, şəxsiyyətləri salnamələrə yazılır. Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Belə nadir şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndərin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, Onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilib. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamına təsadüf etmək mümkün deyil.

Dahi Şəxsiyyət Heydər Əliyevin 12 dekabr anım günü ərəfəsində keçdiyi yolu və Azərbaycan üçün gördüyü işləri nəzər yetirərkən ölkəmizin müasir inkişaf modeli göz önündə canlanır. Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrildi. Bu uğurlar xalqın düşüncə tərzində, oyanışında müstəsna rol oynamış Siyasi Liderin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin, sosial iqtisadi, hüquqi və mənəvi intellektual mühit formalaşdıran Ulu Öndər xalqımızın yaxın gələcəkdə möhkəm bünövrə üzərində azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin edib.

Ulu Öndər Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Heydər Əliyev ŞƏXSİYYƏT, SİYASİ XADİM, XALQIN DAYAĞI, ONUN HƏRƏKƏTVERİCİ QÜVVƏSİ olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, siyasi kursu nəticəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Qısa zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatları xalqın sosial-mədəni həyatının mahiyyətinə zənginlik, ümümbəşərilik gətirdi. Xalqın milli ruhu, milli kökü zəminində formalaşan ideoloji xəttin əsasında azərbaycançılıq ənənələri dayanırdı.

MÜSTƏQİL AZƏRBAYCANDA DEMOKRATİK, HÜQUQİ DÖVLƏTİN YARADICISI

Azərbaycan dövlətinin və xalqının xilası günü kimi qiymətləndirilən 15 iyun 1993-cü il tarixi ölkəmizin ictimai-siyasi və mədəni həyatında tarixi hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dönüş yarandı. Bu tarixə qədər baş verən hadisələr, xalqı bütövlükdə uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn və qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Məlumdur ki, həmin illərdə iqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm sürürdü. Dağlıq Qarabağda istifadə olunmalı silahlar siyasi hakimiyyət iddiasında olan şəxslərin əlinə keçmişdi. Bunun vasitəsilə Azərbaycan xalqına qarşı terror aktları təşkil olunurdu. Ümumiyyətlə, o illər Azərbaycan üçün "olum, ya ölüm" prinsipi qarşıya qoyulmuşdu. Bu situasiyadan Azərbaycanı yalnız Heydər Əliyev kimi Dahi İNSAN xilas edə bilərdi. Həqiqətən də, Heydər Əliyevin dahiliyi, böyüklüyü, Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri sübut etmişdir ki, ölkəni düşdüyü vəziyyətdən yalnız O, xilas edə bilər. Onun qayıdışı ilə Azərbaycanda gedən ictimi-siyasi proseslər dayandırıldı. Bütün proseslərin fövqündə Heydər Əliyev dayandı və həmin proseslərin əks istiqamətdə qüdrətlənməsini təmin etdi. Heydər Əliyev-xalq birliyi hər sahədə öz təsdiqini tapdı. Bu birlik, həmrəylik uğurların davamlı olmasında müstəsnadır. Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın düşdüyü ağır durumdan xilas olacağına inamı hədsiz olduğundan belə deyirdi: "Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir". Heydər Əliyevin düzgün müəyyənləşdiriyi daxili və xarici siyasətinin nəticəsidə müstəqil Azərbaycan beynəlxalq aləmdə sabitilik diyarı, qüdrətli, zəngin, demokratik ölkə kimi mövqeyini möhkəmləndirdi.

HEYDƏR ƏLİYEV AZƏRBAYCANI UĞURLU GƏLƏCƏYƏ APARAN STRATEGİYANI MÜƏYYƏNLƏŞDİRDİ

Bu gün sabit ölkənin vətəndaşı olduğumuza görə Heydər Əliyevə borcluyuq. Azərbaycanda təməli qoyulmuş işlər Heydər Əliyevin bütövlükdə həyatını həsr etdiyi fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan strategiyanı müəyyənləşdirdi. Onun dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsidir. Bu strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə şans qazandı. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu. Ulu Öndərin uğurlu daxili siyasəti nəticəsində ölkədə yaradılan sabitlik, "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana inamı artırdı, çox qısa zamanda ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərini ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rifahının yüksəlməsinə sərf edilməsi Dahi Şəxsiyyətin uzağa hesablanmış siyasətində əsas yer tuturdu. "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi islahatların yeni mərhələdə aparılmasına da geniş imkanlar açdı.

AZƏRBAYCANIN DAHA QÜDRƏTLİ, ZƏNGİN DÖVLƏTƏ ÇEVRİLMƏSİ ÜÇÜN HEYDƏR ƏLİYEV SİYASƏTİ DAVAM ETDİRİLİR

Ulu Öndərin inkişaf strategiyasının təntənəsidir ki, bu gün ölkəmiz sıçrayışlı, dinamik templərlə irəliləyir. Möhtərəm Prezidentimiz İlham Əliyev Dahi Öndər Heydər Əliyevin iqtisadi strategiyasını və siyasi kursunu mənimsəyərək daha da yeniləşdirib, modernləşdirib dünyaya təqdim edir. 2003-cü ildən Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevirmişdir. Bu gün Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması da deyilənlərin təsdiqidir. Möhtərəm Prezidentimiz İlham Əliyev ilk gündən bəyan etdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Ulu Öndər Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin geniş təhlil olunması, ölkəmizin təcrübəsinin öyrənilməsinə dünya dövlətlərinin xüsusi maraq göstərməsi bir daha bu gerçəkliyi təsdiqləyir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunub. Azərbaycanın artan iqtisadi imkanları siyasi mövqeyinin də möhkəmlənməsinə müsbət təsirini göstərir. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi beynəlxalq nüfuzunun göstəricisidir.

Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasıdır. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində erməni yalanları ifşa olunur, dünyanın nüfuzlu təşkilatları qəbul etdikləri qərar və qətnamələrdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bildirirlər. Azərbaycanın dəyişməz mövqeyini dəfələrlə bəyan edən dövlət başçısı bildirir ki, biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti sayəsində münaqişə öz ədalətli həllini tapacaqdır.

Reallıqları nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycan daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq. Dahi Öndər Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycanın uğurları fonunda dövlət başçısı İlham Əliyevin Fərmanı ilə işlənib hazırlanan və təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Müasir dövrümüzdə ölkəmiz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir.

KAMALƏDDİN QAFAROV,

millət vəkili

Digər xəbərlər