Böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin vəfatından 12 il ötür
Müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır. Dünya şöhrətli siyasi xadim kimi, O, hər zaman xalq və dövlət maraqlarını öz həyatından üstün tutmuşdur. Bu fikirləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Səs" qəzetinə fikirlərini bölüşən müsahiblərimiz Ulu Öndərin müəyyənləşdirdiyi müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla aparıldığını qeyd ediblər.
Nazim Ağayev: "Son 12 il ərzində müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir"
"Bu gün Ümummilli Liderimiz Heydər Əliyev əziz xatirəsi təkcə ölkə vətəndaşları tərəfindən deyil, eləcə də bütün dünya azərbaycanlıları tərəfindən anılır. Ümummilli Lider Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır". Bu fikirləri YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib və qeyd edib ki, Ulu Öndərimiz mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi müstəqil dövlət qurmağı bacardı: "Təsadüfi deyil ki, Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı, müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də, ömrünü xalqının yolunda şam kimi əridən Ümummilli Liderimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək."
N.Ağayev, həmçinin bildirib ki, doğma xalqının etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi altında görülən işlər əyani şəkildə göstərir ki, Ulu Öndərimiz Heydər Əliyevin ideyaları yaşayır və xalqın rifahını təmin edir. Bütövlükdə, son 12 il ərzində müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycanın hərtərəfli sosial-iqtisadi inkişafı, xalqın həyat səviyyəsinin yüksəldilməsi Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir.
Mehriban Abasquliyeva: "Dövlətçiliyimizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır"
"Bügünkü müstəqil və qüdrətli Azərbaycanın mövcudluğuna görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bu, bütün Azərbaycan xalqının fikridir." Bu barədə qəzetimizə Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşikilatının sədri Mehriban Abasquliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12-ci illdönümü ilə bağlı fikirlərini bildirərkən deyib: "Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir. Həmçinin, Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycan, eləcə də ölkəmizin dünyada özünə layiqli yer tutması anlamını daşıyır".
YAP Sabunçu rayon təşkilatının sədri, eyni zamanda vurğulayıb ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir: "Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır."
O, qeyd edib ki, ölkəmizdə müşahidə olunan dayanıqlı iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsidir: "Bu, ölkəmizin inkişafının əsas təməl prinsipini özündə əks etdirən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycanda paralel olaraq bütün sahələr üzrə inkişafı təmin etməsini əsaslandıran amildir. Dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir."
Kamil Mirzəyev: "Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtması, bütövlükdə, ölkədə yenidən Azərbaycan cəmiyyətinin qurulması ilə başlanıldı"
"Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Dərin zəka sahibi olan Ümummilli Liderimiz Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir". Bu fikirləri YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev qəzetimizə verdiyi açıqlamasında deyib.
K.Mirzəyev onu da vurğulayıb ki, müasir dövlətçilik tariximiz Ulu Öndər Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsi olmaqla, şanlı epoxa təşkil edir: "Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Dahi Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış Dahi Liderdir."
K.Mirzəyev 1990-92-ci illərdə mövcud olmuş səriştəsiz rəhbərliyin ölkədə xaos, özbaşınalıq yaradaraq, Azərbaycanı uçuruma aparırdı, dövlətçiliyk, müstəqillik böyük təhlükə altında qaldığı bir zamanda xalq Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış etdi: "Bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnaməsinə qızıl hərflərlə yazıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtması, bütövlükdə, ölkədə yenidən Azərbaycan cəmiyyətinin qurulması ilə başlanıldı. Nəticədə, Azərbaycan vətəndaşları yaranmış təhlükələrdən qurtuldu, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi isə tamamilə aradan qaldırdı."
Ölkəmizin ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra düşmüş olduğu çətin dönəmlərdən də məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və yüksək bacarığı sayəsində xilas olduğunu söyləyən K.Mirzəyev dövlətimizin sağlam, sarsılmaz təməllər üzərində bərqərar olmasının əsasının da o dövrlərdə qoyulduğunu vurğulayıb: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik siyasəti ölkəmizin daha da yüksək inkişaf xətti tutmasına şərait yaradıb. Bu siyasəti isə Azərbaycan xalqı dəstəkləyir və bundan sonrakı illərdə də dəstəkləyəcək".
Ü.ƏSGƏROV