Din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən terrorçu və ekstremist qüvvələrin təxribatçı cəhdlərinin qarşısı hər zaman qətiyyətlə alınacaqdır
Hər bir ölkənin dinamik inkişafının və möhkəm ictimai-siyasi sabitliyinin təminatında mühüm rol oynayan amillərdən birini də etibarlı təhlükəsizlik və sabitlik mühiti təşkil edir. Hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda da milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrlə neytrallaşdırılmaqdadır. Sirr deyil ki, Azərbaycanda rasional daxili və xarici siyasət kursu sayəsində siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etdirilməsinə əlverişli şərait yaradıb.
Təkzibedilməz faktdır ki, bu gün Azərbaycan, sözün əsl mənasında, "sabitlik" adasıdır. Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Təəssüflər olsun ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici dairələrin əlaltıları ölkəmizdə sabitliyi pozmaq, hətta dövlətin Konstitusiya quruluşunu dəyişmək üçün hüquqazidd əməllərə yol verirlər. Təbii ki, bu cür illeqal fəaliyyət müxtəlif adlar altında davam etdirilir. Bu baxımdan, din pərdəsi arxasında çıxış edən terrorçuların fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra qüvvələrin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir.
İctimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman Hərəkatı" adlı terrorçu qrup yaradıblar. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. Xüsusilə də, Taleh Bağırzadə və onun ətrafında birləşmiş terrorçular xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları ediblər. Başlıca məqam ondan ibarətdir ki, Nardaranda bir tərəfdə terrorçular, radikal-ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalıblar.
Beləliklə, əminliklə söyləmək olar ki, Nardaran qəsəbəsində sabitliyin pozulmasına yönəldilmiş təxribatçı hərəkətlərə yol verənlər dindarlar deyil, terrorçulardır. Əslində, Nardaran olayları dinin necə siyasi-ideoloji təsir vasitəsinə çevrildiyini, din pərdəsi arxasında gedən proseslərin kimlər tərəfindən, necə idarə edildiyini və digər məsələlərə dair bir sıra məqamları yenidən aktuallaşdırdı.
Nardaranda mövcud olan ab-hava, insanların davranışları, geyimi, dövlətə, dinə münasibəti və s. Azərbaycan xalqına xas olmayan forma alıb. Küçələri "İŞİD"-in hökmranlıq etdiyi Şərq ölkələrindəki qara bayraqlar bəzəyir, dini ayinlər teokratik dini dövlətlərə xas olan üslubda icra olunur. Bu insanlar sivil birgəyaşayış prinsipini inkar edir, özləri üçün teokratik, arxaik yaşayış modeli müəyyənləşdirərək dövlətin qanunlarını, ictimai həyat normalarını inkar etməyə çalışırlar. Onlar Nardaranı "dövlət içində dövlət" hesab edirlər. Reallıq budur ki, uzun illərdir bu kəndin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər. Burada icra hakimiyyəti, bələdiyyənin fəaliyyətinə imkan verilmir, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının yerli bölmələrinin yaradılmasına maneçilik törədilir. Eyni zamanda, burada təhsil və səhiyyə sistemi tamamilə pozulub. Uşaqlar orta məktəbdən yayındırılır, ifrat radikal dini təlim həyata keçirilir. Dövlət institutlarının fəaliyyəti əvəzinə kənddə anlaşılmaz "ağsaqqallar şurası hakimiyyəti" yaradılıb və bütün məsələlər bu qurum tərəfindən tənzimlənir. Beləliklə, Nardaran müasir və inkişaf edən Azərbaycanın reallığına tamamilə zidd olan, "İŞİD" poliqonunu xatırladan bir məkandır.
Görünən odur ki, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri, bu kontekstdə terrorçuların xidmətlərindən yararlanmaq təcrübəsi indiki mərhələdə xüsusi aktuallıq kəsb edir. Lakin bir daha əminliklə qeyd edilməlidir ki, Azərbaycanda etibarlı təhlükəsizlik və sabitlik mühiti mövcuddur və din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən terrorçu və ekstremist qüvvələrin təxribatçı cəhdlərinin qarşısı hər zaman qətiyyətlə alınacaqdır.
"Səs" Analitik Qrupu