Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında bir sıra mühüm görüşlər keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində dekabrın 10-da Pekində Paytaxt Muzeyi ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, Paytaxt Muzeyi Pekində incəsənət mərkəzi kimi də məşhurdur. Çinin qədim tarixinin, mədəniyyətinin nümayiş etdirildiyi mühüm mərkəzlərdən olan bu muzey 1981-ci ildə yaradılıb və hazırda yerləşdiyi binaya 2006-cı ildə köçürülüb. Paytaxt Muzeyinin memarlıq-dizayn konsepsiyası insan və mədəniyyət irslərinin cəmiyyətə xidmət etməsinə əsaslanır, keçmişin və indiki dövrün, tarixin və müasirliyin, incəsənətin və təbiətin ahəngləşdirilmiş inteqrasiyasını əks etdirir. Muzeydə Çin mədəniyyətinin müxtəlif dövrlərinə aid zəngin kolleksiyalar nümayiş olunur.
Bunların arasında Çin folkloruna, adət-ənənələrinə, həmçinin məişətinə aid eksponatlar maraq doğurur. Burada qədim farfor, bürünc, rəsm, heykəltəraşlıq nümunələrindən, bütpərəstlik abidələrindən ibarət böyük kolleksiya da var. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Paytaxt Muzeyində hazırda 200 mindən çox eksponat olsa da, kolleksiyanın yalnız kiçik bir hissəsi nümayiş etdirilir. Muzeyin incəsənət kolleksiyasının böyük hissəsi Pekində yerin altından tapılmış artefaktlardan ibarətdir. Muzeydə üç əsas bölmə var. Burada sərgilənən eksponatlar əsasən keçmiş dövrün kolleksiyalarına aiddir. Bütün sərgilərdə tarixi irsə aid ümumilikdə 5622 eksponat nümayiş etdirilir. Muzeyin zalları ən müasir texnologiya ilə təchiz edilib. Dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyev "Huawei" şirkətinin Pekindəki Sərgi Mərkəzində olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "Huawei" şirkətinin Pekindəki Sərgi Mərkəzində olub. Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəz yüksək səviyyəli strateji dialoq məkanıdır. Burada "Huawei"in gələcək meyilləri, çağırışları və strategiyaları barədə müştərilərə geniş məlumat verilir, onların maraqlarına uyğun olaraq həll yolları izah edilir. Mərkəzdə dörd sərgi bölməsi var. Bu bölmələrdə gələcək strateji danışıqlar, rəqəmsal fərd, rəqəmsal ev, çevik rəqəmsal biznes, mərkəzi əməliyyatlar təcrübəsi, informasiya texnologiyaları infrastrukturu, rəqəmsal müəssisə və innovasiyalar barədə məlumat verilir. Bundan əlavə, "Huawei"in 2020-ci il üçün strategiyaları barədə də mərkəzdə ətraflı informasiya təqdim olunur. Burada "Huawei"in Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə canlı bağlantı yaradıldı.
Prezident İlham Əliyev: "Mən sizi salamlayıram. Sizi görməyimə şadam. Bu gün sizinlə Pekindən, "Huawei"in ofisindən danışıram. Çox şadam ki, "Huawei" Azərbaycanda uğurlu fəaliyyət göstərir, öz fəaliyyətini genişləndirir. Bu yaxınlarda mən "Bakutel" sərgisində "Huawei"in stendində də olmuşam. Burada da indi yeniliklərlə tanış oluram və gördüklərim mənə çox xoş təəssürat bağışlayır. Əminəm ki, gələcəkdə "Huawei" Azərbaycanda fəaliyyətini daha da genişləndirəcək. Sizə uğurlar arzulayıram".
Dövlətimizin başçısı Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına çox böyük diqqət yetirildiyini dedi və yaxşı nəticələr əldə olunduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, "Huawei" şirkətini Bakıda təmsil edən çox gənc komanda var. Şirkətin Azərbaycan nümayəndəliyində həm yerli, həm də Çin mütəxəssisləri çalışır və onlar xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirirlər. Şirkətin Azərbaycan nümayəndəliyinin əməkdaşları dövlətimizin başçısına ölkəmizdəki fəaliyyətləri və həyata keçirdikləri layihələr barədə məlumat verdilər. Qeyd edək ki, "Huawei" Çində ən inkişaf etmiş böyük şirkətlərdən biridir. 1978-ci ildə yaradılan "Huawei" şirkətinin həlləri və məhsullarına naqilsiz, baza və nəqliyyat şəbəkələri avadanlıqları, şəbəkə cihazları, optik cihazlar, marşrutizatorlar, şəbəkə kommutatorları, tətbiqi proqramlar, aparat təminatı, terminallar və sair daxildir. Şirkət ildən-ilə uğurlarını artırır. Dünyada telekommunikasiya sahəsindəki yenilikləri fəaliyyətində tətbiq edən və bu sahəyə xüsusi töhfələrini verən "Huawei" 2006-cı ildə 3G daxil olmaqla yeni nəsil şəbəkələri seqmenti üzrə artım nümayiş etdirib. Məhz buna görə də "Huawei" dünyada telekommunikasiya avadanlıqları istehsal edən ən böyük şirkət hesab olunur. İndi şirkətin müxtəlif ölkələrdə 20 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. "Huawei"in 170 mindən artıq əməkdaşı var. Onlardan 76 mini tədqiqatla məşğuldur. Şirkətin dünyada böyük populyarlığa malik olan məhsul və xidmətləri 140-dan çox ölkədə tətbiq edilir. Bu şirkət hazırda dünyanın 50 ən böyük telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir. "Huawei" dünyada sosial layihələri ilə də məşhurdur. Şirkət müxtəlif ölkələrdə bir çox qurumlarla bağlı sosial layihələrin icrasında yaxından iştirak edib. "Huawei" bir çox transmilli şirkətlərə təhlükəsizlik xidmətləri də göstərir. Bir sözlə, "Huawei"in məhsulları böyük maraqla qarşılanır və bu məhsullara dünya bazarında böyük tələbat var.
Prezident İlham Əliyev Ümumçin Xalq
Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri (parlament sədri) Can Decian ilə görüşüb. Prezident İlham Əliyevi ölkəsində salamlayan Can Decian dövlətimizin başçısını rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etdi. O, Azərbaycan Prezidentinin Çinə dövlət səfərinə böyük əhəmiyyət verildiyini dedi, bu səfərin gələcək əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini bildirdi. Can Decian Çinin ölkəmiz ilə dostluq münasibətlərinin dərinləşməsinə böyük önəm verdiyini, Azərbaycanın Cənubi Qafqazda Çinin mühüm tərəfdaşı olduğunu vurğuladı. Ölkələrimiz arasında qarşılıqlı etimadın mövcudluğunu, mühüm məsələlərdə Azərbaycanın və Çinin hər zaman bir-birinin yanında olduqlarını deyən parlamentin sədri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verdiyini bildirdi, Azərbaycanın da "Vahid Çin" məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndirdi. Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini deyən Can Decian Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, respublikamızda sabitliyin hökm sürdüyünü, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının uğurla icra edildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Çinə səfərindən məmnunluğunu bildirdi, bu səfərin Azərbaycan-Çin əməkdaşlığının gələcək inkişafında mühüm mərhələ olacağını dedi. Yeni Azərbaycan Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrikinə görə Can Deciana minnətdarlıq edən dövlətimizin başçısı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında uzun illərdir fəal əməkdaşlığın aparıldığını bildirdi.
Prezident İlham Əliyev Çinə dövlət səfərinin ikitərəfli əməkdaşlığın gələcək inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Ölkələrimizin siyasi və iqtisadi sahələrdə uğurla əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkəmizin bu layihədə mühüm tranzit iştirakçıya çevrilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin Asiya İnfrastruktur İnvestisiyaları Bankı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini dedi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, Çinin bu problemin ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Ermənistanın münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qərar və qətnamələri yerinə yetirmədiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın da "Vahid Çin" prinsipinə dəstək verdiyini, ölkələrimizin beynəlxalq terrorizm, təcavüzkar separatizm kimi təhlükələrə qarşı eyni mövqedən çıxış etdiyini bildirdi. Görüşdə parlamentlərarası əlaqələr, regional, humanitar, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyevin Çin Xalq Respublikası Dövlət Şurasının Baş
naziri Li Keçyan ilə
görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyan ilə görüşü olub. Azərbaycan Prezidenti və Çinin Dövlət Şurasının Baş naziri rəsmi foto çəkdirdilər. Dövlət Şurasının Baş naziri Li Keçyan Azərbaycan Prezidenti İlham Əliyevi Çində görməkdən məmnun olduğunu dedi. O, ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğuladı. Dövlət Şurasının Baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirdi. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırdı. Li Keçyan humanitariya, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd etdi.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Çinə dövlət səfərinin nəticələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çin ilə əməkdaşlığa böyük önəm verdiyini deyən dövlətimizin başçısı ölkələrimiz arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Azərbaycanın Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğuladı, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət etdi. Dövlətimizin başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini dedi, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər. Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır.
Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd etdi. Dövlətimizin başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirdi. Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev mühüm məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına "Dialoq üzrə tərəfdaş" statusunda qoşulduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir. Bundan əlavə, ölkələrimiz BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.
Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 10-da Ümumçin Xalq Nümayəndələri Yığıncağında - parlamentdə rəsmi qarşılanma mərasimi olub. Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Çinin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Sədr Si Cinpinə təqdim olunub. Hərbi orkestrin ifasında Azərbaycanın və Çinin dövlət himnləri səslənib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər. Geniş tərkibdə görüş başa çatdıqdan sonra dekabrın 10-da Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannaməsi"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Çinin xarici işlər naziri Van İ imzaladılar.
"Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə"ni Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov və Çinin ədliyyə naziri Vu Ayyin imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında fitosanitar əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Çinin kənd təsərrüfatı naziri Xan Çanfu imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş"i "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ("AZAL") prezidenti Cahangir Əsgərov və Çinin Mülki Aviasiya Administrasiyasının rəhbəri Li Ciasyan imzaladılar. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illərdə təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Çinin təhsil naziri Yuen Quyren imzaladılar. "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Çinin nəqliyyat naziri Yan Çuantan imzaladılar. "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu"nu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Çinin kommersiya naziri Quan Xuçen imzaladılar. "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Çin Xalq Respublikasının Enerji İdarəsi arasında Anlaşma Memorandumu"nu Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov və Çinin Energetika üzrə Dövlət İdarəsi rəisinin müavini Çen Şan Zye imzaladılar. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş"i "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Çinin Milli Dəmir Yolu Administrasiyasının rəhbəri Lu Donfu imzaladılar. Dekabrın 10-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul verilib.