PDF Oxu

Siyasət

  • 26

Ulu Öndər Heydər Əliyev qədər Azərbaycan mədəniyyətinin himayədarı, böyük qayğıkeşi olmayıb

Ulu Öndər Heydər Əliyev qədər Azərbaycan mədəniyyətinin himayədarı, böyük qayğıkeşi olmayıb

"Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər".

Heydər Əliyev

Ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, zənginləşdirilməsinə həsr edən Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ölkəmizdə yeni mərhələnin əsası oldu. Böyük Şəxsiyyət Heydər Əliyev mədəniyyətin xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biri olduğundan, daim bu sahəni diqqətdə saxlayırdı. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də ciddi problemlər vardı: Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişi isə bu problemlər aradan qaldırıldı. Dahi Öndər mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyyətli insanların bu prosesdə yaxından iştirakını təmin etmək yönümündə addımlar atdı. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Böyük Şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri oldu. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində reallaşdı. Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişi ilə nəticələndi.

Azərbaycan tarixinin dönüş nöqtəsi 1969-cu ildən başlanır. Azərbaycan həyatında mövcud olan problemlər Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanda öz həllini tapdı. Ümummilli liderin milli mədəniyyətin, Azərbaycan elminin inkişafına diqqət ayırması respublikanın dünyaya inteqrasiyaya olması ilə nəticələndi. Sovet dövründə, eləcə də müstəqillik illərində elmi- mədəni potensialdan istifadə dövlət Ulu Öndər siyasətinin başlıca amilinə çevrilmişdir. Dövrün tələblərini nəzərə alaraq, zəngin dəyərlərə malik olan xalqın intellekt potensialının üzə çıxarılması istiqamətində ardıcıl, məqsədyönlü fəaliyyət qısa bir zamanda öz nəticələrini verdi. Onun rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanda elm, mədəniyyət, təhsil ocaqları müasir standartlara cavab verən bir səviyyədə təmir və bərpa olundu. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı XX yüzilliyin son onilliyində yaşanılan böhran, xaos, gərginlik kimi anları aradan qaldırdı. Onun qayıdışı dövrün tələbi kimi qəbul olundu.

Ümummilli Lider Heydər Əliyevin imzaladığı çoxsaylı sərəncamlar əsaslı dəyişikliklərlə nəticələndi. Respublikamızda kitabxanalar yaradıldı, muzeylər açıldı, teatr və musiqi ocaqları təmir edildi, eləcə də, ali təhsil ocaqlarına xüsusi diqqət yetirildi. Bütün bunların hər biri Azərbaycanın inkişafına, eləcə də gənc nəslin intellektual səviyyəsinin yüksəlməsinə təkan verdi. Eləcə də, regionlarda böyük işlər görüldü. Mövcud mədəniyyət müəssisələri təmir edildi, əhaliyə göstərilən mədəni xidmət yüksəldildi. Tarixi muzeyşünaslıq, diyarşünaslıq müəssisələri yaradıldı. Bu nöqteyi-nəzərdən Azərbaycan çox sürətlə inkişaf etməyə başladı. 1993-cü ildən gələcəyə ümid yox dərəcəsində idisə, qısa bir zamanda təfəkkürlərdə, milli düşüncələrdə dönüş yarandı.

Zəngin mənəvi mədəniyyətə malik xalqımız, məhz Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu Öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində iz salan Ulu Öndər Heydər Əliyevin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətlərini heyrətlə, məhəbbətlə qarşılayırıq. Tarixi və mədəni hadisələrin məsafəsində Dahi Öndər Heydər Əliyevin xidmətləri daha parlaq, daha aydın görünməkdədir. Həyat təsdiqlədi ki, Azərbaycan mədəniyyətinin Heydər Əliyev qədər əsl himayədarı, böyük qayğıkeşi olmayıb.

Ümummilli Lider Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Heydər Əliyev mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirirdi. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. 1994-cü ildə Heydər Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Elecə də Azərbaycan şairinin qardaş Türkiyədə də yubiley şənlikləri keçirildi.

Heydər Əliyevin musiqi sahəsindəki unudulmaz xidmətlərindən söz açarkən vurğulamaq lazımdır ki, Müdrik İnsan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Ümummilli Lider Üzeyir Hacıbəyov sənətinin mahiyyətini göstərərək deyirdi: "Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası vasitəsilə M.Füzulinin sözlərini, "Arşım mal alan", "O olmasın, bu olsun" və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir".

Ulu Öndər Heydər Əliyev zamanla ölçülməyən bir ömür yaşadı. Bu ömrün arxasında Azərbaycan, Azərbaycana xidmət, Azərbaycanın sivilizasiyası dayanır. Heydər Əliyev şəxsiyyət, siyasi xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq Azərbaycan tarixində əsrin lideri olduğunu təsdiqlədi.

İstər sovet məkanında rəhbər olduüğu illərdə, istərsə də Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin xalqın tarixinə əməlləri ilə iz saldı. Zaman ən böyük hakim olduğundan, qısa məsafədən Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövlətin təməlinin sütunlarını möhkəmlətdi və əbədiləşdirdi.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər