PDF Oxu

Siyasət

  • 20

"Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik"

"Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik"

AMEA-da bu mövzuda elmi konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib. Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirilib ki, bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın inkişafı və dünyada tanıdılmasında tarixi addımlar atıb: "Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev Azərbaycan elminin, təhsilinin inkişafında böyük xidmətlər göstərib. AMEA-nın inkişafının böyük bir mərhələsi Ulu Öndərin adı ilə birbaşa bağlıdır".

A.Əlizadə onu da bildirdi ki, Akademiyada Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, dilinin, milli mənəvi dəyərlərinin tədqiqi istiqamətindəki araşdırmaların aparılmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti mühüm rol oynayıb. Konfransda AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli "Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr" mövzusunda məruzəsində Ulu Öndərin müasir dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışıb. Akademik İ.Həbibbəyli görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini vurğulayıb: "Ulu Öndər Heydər Əliyevin XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdiyi ən böyük vətəndaş, Dahi Şəxsiyyət, müdrik siyasi xadim, əbədi lider olduğunu söyləyən AMEA-nın vitse-prezidenti bildirib ki, Ümummilli Liderin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın şəkildə görünməkdədir. Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülüb, ən yüksək dəyərlər səviyyəsində qiymətləndirilib və milli inkişafın strateji proqramı kimi qəbul olunub. Hazırda Ulu Öndərin milli quruculuq proqramı, bütün sahələrdə uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən zamana və şəraitə uyğun olaraq qətiyyətlə həyata keçirilir".

Tədbirdə AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti", Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun "Heydər Əliyev və natiqlik sənəti", AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Famin Salmanovun "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında məruzələri dinlənilib. Məruzələrdə dünya şöhrətli siyasətçi Heydər Əliyevin xalqımızın, dövlətimizin, Azərbaycan elminin, gəncliyinin inkişafındakı tarixi xidmətlərindən söz açılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər