YAP Tərtər rayon təşkilatı Heydər Əliyev Mərkəzində "Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır" mövzusunda Ulu Öndər Heydər Əliyevin anım gününü qeyd edib. Tədbir iştirakçıları öncə Ulu Öndərin rayonun Heydər Əliyev Mərkəzində ucaldılan büstü önünə gül-çiçək dəstələri qoyaraq Onun xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə baxıblar.
Rayon təşkilatının təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatlarında çalışan fəal YAP üzvləri, yerli mətbuatın nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dövlət quruculuğunda gördüyü işlərlə, həyata keçirdiyi islahatlarla bütün dünyanı heyrətə gətirdiyini söyləyib. K.Məmmədov onu da qeyd etdi ki, məhz Ulu Öndərin həyata keçirdiyi işlərin nəticəsidir ki, indi müasir Azərbaycan yüksək templə irəliləyən və demokratik dövlət quruculuğunu uğurla həyata keçirərək azad vətəndaş cəmiyyətinə doğru gedən bir dövlətdir.
YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov isə çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib: "Dahi Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi".
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, rayon 5 saylı tam orta məktəbin müəllimi Rizvan Sultanov, rayon təhsil şöbəsinin müdir müavini Sadiq Məmmədov, Sarov kənd tam orta məktəbin müəllimi Niyaz Allahverdiyev, YAP Tərtər rayon təşkilatının üzvü Arzu Yaqubova və başqaları çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirmişlər. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacağını söyləmişlər.
Ü.ƏSGƏROV