YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev meydanına gələrək, Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
YAP Ağcabədi rayon təşkilatının iclas zalında davam etdirilən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq, Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətinə nəzər salaraq, Onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıb: "Ulu Öndər Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına sədaqətlə xidmət etmiş Dahi Şəxsiyyət olmuşdur. İstər Sovetlər dönəmində, istərsə də Azərbaycan xalqının təkidi ilə dövlətçiliyimizin və xalqımızın ağır dövründə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xalqını və millətini sevən Lider, uzaqgörən siyasətçi kimi Azərbaycanı çətin durumdan çıxararaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmışdır".
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının gənclər birliyinin sədr müavini Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının üzvü Nərminə Əkbərova, Ağcabədi rayon ziyalılar cəmiyyətinin sədri Əlizadə Nəcəfov və digərləri çıxış edərək qeyd ediblər ki, bu gün ölkəmiz Ulu Öndər Heydər Əliyev siyasəti, Onun ideyaları ilə yeni uğurlara imza atır. Ümummilli Liderin başladığı siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə uğur qazanmaq üçün stimul olmuşdur. Məhz bu xidmətlərinə görə, xalqımız bu müdrik Şəxsiyyəti heç vaxt unutmayacaq.
Tədbirin sonunda iştirakçılara Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.
ZÜMRÜD