PDF Oxu

Siyasət

  • 32

Azərbaycanın özü qədər əbədi lider

Azərbaycanın özü qədər əbədi lider

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Ulu Öndər Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".

Ümummilli Lider Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan bir çox müəlliflər Ulu Öndəri XX əsrin siyasət nəhəngləri, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer və digərləri ilə bir sıraya qoyurlar. Amma bu şəxsiyyətlərin hər birinə böyük hörmət hissi ilə qeyd etməliyik ki, onlar yaşadıqları bir ictimai-siyasi formasiyanın verdiyi imkanlardan məxsus olduqları xalq üçün maksimum istifadə etməyə çalışmış və buna nail olmuşlar. Dahi Öndər Heydər Əliyev isə həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması üçün titanik əmək sərf etmiş, mənsub olduğu xalqın və eyni zamanda özünün adını əbədi olaraq tarixə yazmışdır.

Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu Öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır.

Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu Öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular Ulu Öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.

Ümummilli Liderimizin keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvləri arasında xüsusi yeri adi vətəndaşlar tərəfindən qürurla qeyd edilir, SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında birinci Heydər Əliyevin adı çəkilirdi. Hətta SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər müəyyən məqamlarda SSRİ-nin hakimiyyət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər faciələr baş verməyəcəkdi. Bu, sovet imperiyası süquta uğrayandan sonra bütün postsovet məkanında daha çox səslənən ən populyar fikirlərdən biri idi. Çünki bu şəxsiyyətin nüfuzu, gücü və xalqın Ona məhəbbəti hamıya məlum idi. Amma belə olmadı və Sovet İttifaqı dağıldı. Sovet respublikalarından ən çox zərər çəkəni isə məhz Azərbaycan oldu.

Dahi Öndər Heydər Əliyevin böyük nüfuzu M.Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirmədə mane olurdu. Heydər Əliyev Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı milli siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında xəbərdarlıq edirdi.

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Dahi Öndər Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. Ümummilli Liderimiz böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividendi yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı.

Ulu Öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: "BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi". Amma dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu. Ümummilli Lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Postsovet məkanında ilk dəfə Azərbaycanda Heydər Əliyevin göstərişi ilə torpaq islahatına başlandı. Kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına çevrilməsi kənd təsərrüfatının inkişafında yeni üfüqlər açdı.

Ulu Öndərin təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, ona yeni nəfəs verdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı.

Böyük dövlət xadimi Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir, tanıdır və başqalarını ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur edirdi.

Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ikinci dövr üçün dövlətimizin başçısı seçilmişdir və Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.

Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Şirvan Əbilov,

Prezident təqaüdçüsü

Digər xəbərlər