PDF Oxu

Siyasət

  • 22

Bütün zirvələrdən ucada dayanan Heydər Əliyev Dühası

Bütün zirvələrdən ucada dayanan Heydər Əliyev Dühası

"İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur".

Heydər Əliyev

Məhəbbət İBRAHİMOVA,

YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri

- Hər bir xalqın və millətin formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi belə simalar tarix boyu yaşayır və zaman-zaman xatırlanırlar. Tarixin çətin sınağı qarşısında qalan Azərbaycanı çətin, ağır sınaqdançıxaran müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi, siyasi təcrübəsi, müdrikliyi ilə bütöv bir salnamə, tarix yaratmağa qadir oldu. Ulu Öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri Dahi Şəxsiyyətin tarixi dövrdə əvəzsiz həlledici rol oynadığını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, titanik siyasi fəaliyyətinin bəhrəsidir. Bütün mənalı həyatını xalqına bəxş edən Ulu Öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Yeni iqtisadi yüksəliş başlanıldı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınan müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasını təşkil etdi. Heydər Əliyev deyirdi: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur". Bu, Heydər Əliyevin əməllərində, fəaliyyətində parlaq ifadə olunmuşdur.

Həqiqətən də, Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen Şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Ümummilli Liderin möhkəm təməlini yaratdığı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davamının nəticəsidir ki, indi Azərbaycanın səsi dünyanın ən mötəbər tribunalarından gəlir, üçrəngli bayrağımız yüksəklərə qaldırılır.

Bu gün Ulu Öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını Cənab İlham Əliyev yaradıcılıqla davam etdirir.

Digər xəbərlər