"ATӘT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Urolikin əvəzlənməsi ilə bağlı səsləndirilən fikirlər əslində həmin dövlətin mövqeyi ilə bağlıdır. Faktlar onu göstərir ki, əslində onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəsə əldə edə bilmək imkanları və səlahiyyətləri də yoxdur. Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Ceyms Urolik olmayıb başqası olsa da belə burada heç nə dəyişən deyil: "Əslində ABŞ Dağlıq Qarabağ məsələsinin Rusiya kimi həll olunmasını istəmir. Çünki Amerika özü də bir təzyiq vasitəsi kimi bundan istifadə edir. Beləcə rəsmi Vaşinqton həm erməniləri öz əlində saxlayır, həm də Azərbaycana istədiyi vaxt təzyiq göstərir. Ona görə də kiminsə dəyişilib-dəyişilməməsi nəyisə həll etməyəcək. Sadəcə olaraq bu dövlətlərin Azərbaycana olan mövqeyi dəyişməlidir. O zaman kimliyindən asılı olmayaraq həmin məsələlər həll olunacaq".
sia.az