PDF Oxu

Siyasət

  • 30

Tarixi abidələrimizin qorunub-saxlanılmasında Heydər Əliyev faktorunun rolu əvəzsizdir

Tarixi abidələrimizin qorunub-saxlanılmasında Heydər Əliyev faktorunun rolu əvəzsizdir

Şamil Sadıqov: "İlk növbədə Ulu Öndər Heydər Əliyevin göstərdiyi etimadı doğrultmalıydım"

Zaman keçdikcə, dövründə yaşayan dahilərin dövlət və xalqı böyük işlər görmüş ictimai-siyasi xadimlərin çəkdikləri zəhmət, həmin zəhmətin bəhrələri daha çox nəzərə çarpmağa başlayır. Tarix belə şəxsiyyətləri yaşadır, gələcək nəsillərə nümunə göstərir. Həmin şəxsiyyətlərdən biri ilə söhbətləşdik, maraqlı detallara vardıq. Bu insan Azərbaycan xalqının Ulu Öndəri, xalqımızın xilaskarı və əbədi liderinin hakimiyyəti zamanı xalqı və dövləti üçün çalışmış mədəniyyət nazirinin keçmiş müavini, Respublikanın Əməkdar Mədəniyyət xadimi Şamil Sadıqovdur.

Budəfəki söhbətimizin konteksti isə çox maraqlı mövzunu əhatə etdi - Azərbaycanda mövcud olan tarixi abidələrimiz. Dünya tarixində özünəməxsus yeri və rolu olan qədim abidələrimizin milli sərvətimiz olduğunu qeyd etmiş Ulu Öndər Heydər Əliyev həmçinin vurğulamışdı: "Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tətbiqi üçün zəruri qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır."

Əməkdar mədəniyyət xadimi Şamil Sadıqov Dahi Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Onun apardığı işlərdə yer almasını qürurla xatırladığını bildirir. Çox düşündürücü və maraqlı cümlə ilə söhbətimizə başlayan Şamil müəllim deyir ki, məhz 1977-ci il tarixi abidələrimizin doğulduğu ildir. O, bu sözlərini belə əsaslandırır ki, həmin dövrdən başlayaraq, Ulu Öndər Heydər Əliyev tarixi abidələrə olan diqqət və qayğısını artırıb və bu sahədə çox əhəmiyyətli qərarlar qəbul edib. Sitat: "Mən Nəsimi rayon İcraiyyə Komitəsinin sədri idim. O vaxt Mərkəzi Komitəyə Qəbələ rayonunda Radiolakasiya Stansiyasının tikintisi zamanı abidələrimizə vurulan ziyan haqqında məlumat daxil oldu. Bu məlumatı eşidən Mərkəzi Komitənin Birinci Katibi Heydər Əliyev çox qəzəbləndi və insidentin araşdırılması əmrini verdi. Ali Sovetin sədri Qurban Xəlilovun rəhbərliyi ilə sözügedən məsələnin yoxlanılması, araşdırılması ilə bağlı respublikanın tanınmış görkəmli alimlərinin, akademiklərin, o cümlədən akademik İlqar Əliyevin, Şamil Fətullayevin, Mikayıl Hüseynovun və başqalarının daxil olduğu komissiya yaradıldı. Komissiyaya tapşırıldı ki, həmin məsələ yerindəcə yoxlanılsın və Mərkəzi Komitəyə məlumat verilsin. Yoxlanılma zamanı məlum olur ki, yüksək cərəyanlı elektrik xəttinin çəkilişi zamanı tarixi abidələrə külli miqdarda ziyan vurulur və bu hadisə Bakıdan gizlədilir. Sonra Ümummilli Lider Heydər Əliyev məsələni Mərkəzi Komitənin bürosunda müzakirəyə çıxardı. Bu isə Onun sözügedən məsələyə nə qədər ciddi yanaşdığının göstəricisidir. Beləliklə, Zaqafqaziya Hərbi Dairəsinin rəhbərliyi bu məsələnin müzakirəsinə dəvət edildi. Çünki bu Radiolokasiya Zaqafqaziya Hərbi Dairəsi tərəfindən tikilirdi və müzakirə zamanı çox ciddi qərar qəbul olundu. Bu qərara əsasən, Mədəniyyət Nazirliyinin nəzdində dövlət orqanı yaradıldı. Ulu Öndər Heydər Əliyev belə bir qərar verdi ki, Mədəniyyət Nazirliyinin nəzdində tarixi abidələrin aşkarlanması, qorunması, mühafizəsi və təmiri üçün baş idarə yaradıldı. Həmçinin, bütün rayon və şəhər təşkilatlarına qəti şəkildə göstəriş verildi ki, həmin idarələr ciddi şəkildə fəaliyyətə başlasınlar və bu məsələdə rayon rəhbərləri öz köməkliyini göstərsinlər".

Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev ilk növbədə öz xalqının, Vətəninin tarixini düşünərək, heç bir təhdidlərdən, hədələrdən qorxmayıb və qədim abidələrimizin dağıdılmasının qarşısını alıb.

Şamil Sadıqov daha bir məsələyə toxunaraq deyib ki, o, hər zaman Heydər Əliyevin diqqətində olduğu üçün özünü xoşbəxt hiss edir: "Mən özümü çox xoşbəxt hiss edirəm ki, o dövrdə yeni yaranan Baş İdarəyə birinci olaraq Dahi Öndər Heydər Əliyevin Sərəncamı ilə rəis təyin olundum. Mən ilk növbədə Ulu Öndər Heydər Əliyevin göstərdiyi etimadı doğrultmalıydım. İşə başladığım gündən "Tarixi abidələrin aşkarlanması, qorunması, mühafizəsi və təmiri" Baş İdarənin işçilərinin seçilib yerləşdirilməsini həyata keçirdik, sonra isə abidələrimizin aşkarlanması və onların dövlət mühafizəsinə qeydiyyata götürülməsi məsələsi ilə məşğul olduq. Xatırladım ki, o dövrdə respublikamızda 168 abidə Nazirlər Kabineti tərəfindən mühafizəyə götürülmüşdü. Bu abidələrin mühafizəsinə o zamankı məbləğə görə, cəmi 670 min manat pul xərclənmişdi. Onu da qeyd edim ki, həmin dövrdə İçərişəhərdə bir bərpa idarəsi abidələrin təmiri və bərpası ilə məşğul olurdu. Əsasən, tarixi abidələrimizin aşkarlanması və qeydiyyata götürülməsi üçün daha böyük səy göstərmək lazım idi. Ona görə də növbəti zəruri addımları atmaq lazımıydı. Çünki Ulu Öndər Heydər Əliyevin bu məsələdə nə qədər həssas olduğunu dərk edirdik. Bu məqsədlə biz xüsusi komissiya yaratdıq və həmin komissiyanın tərkibinə respublikamızın görkəmli arxeoloqlarını, tarixçilərini, memarlarını cəlb etdik. Bir daha təkrar edirəm ki, Heydər Əliyevin verdiyi qərara ciddi yanaşılmalı idi və bu qərar abidələrimizin bərpası işində bizə yaşıl işıq yandırmışdı. Bu baxımdan, işə başlayar-başlamaz çox ciddi, operativ tədbirlər, planlar hazırladıq və həyata keçirməyə başladıq".

Şamil müəllim rəhbəri olduğu Baş İdarədə işlərin ardıcıl qurulduğunu və bir-birini tamamladığını da bildirib. Onun qeyd etdiyinə görə, məhz işlərin ardıcıllıqla həyata keçirilməsi bir sıra problemlərin yerindəcə həllinə kömək olurdu. Lakin həmin işlərin sürətlə və keyfiyyətli dərəcədə görülməsi üçün həm də maddi-texniki bazanın qurulmasına da ehtiyac var idi. Sitat: "İkinci vəzifəmiz abidələrimizin bərpa olunması məsələsi idi. Bunun üçün maddi-texniki bazanın yaradılması ən ümdə vəzifə idi. Respublikamızın rəhbər təşkilatları bizim verdiyimiz təklifləri məmnuniyyətlə qəbul edərək, onun yerinə yetirilməsində ciddi fəallıq nümayiş etdirdilər. Qeyd edim ki, biz Baş İdarənin nəzdində "Abidələrin bərpası" Baş İdarəsini yaratdıq və həmin idarələr respublikamızın rayonlarında da təşkil olundu. Həmçinin, bu idarənin də fəaliyyət göstərməsi üçün mütləq kadr məsələləri əsas faktor idi. Maliyyə məsələləri üzərində də işlərimizi apardıq. Eyni zamanda, həmin idarələrin maddi-texniki bazalarının artırılmasına da diqqəti artırdıq. Ümumiyyətlə, rəhbərlik etdiyim bir il müddətində idarəmiz tərəfindən respublikamızda abidələrin bərpası ilə əlaqədar geniş işlər görüldü.

O dövrdə aşkar etdiyimiz abidələrin demək olar ki, 60-70 faizi dini abidələr, ibadətgahlar və məscidlər idi. Lakin onların əksəriyyəti bu istiqamətdə deyil, başqa məqsədlər üçün istifadə edilirdi. Onu da xatırladım ki, həmin vaxt cəmi 17 dini abidə məscid kimi istifadə olunurdu. Bu baxımdan, Abidələrin Bərpası Baş İdarəsinin ilk işi başqa məqsədlər üçün istifadə olunan məscidlərin, dini ibadətgahların bərpasına nail olmaq idi. Respublikanın mərkəzi rəhbərliyi tərəfindən, xüsusilə Ulu Öndər Heydər Əliyev tərəfindən bu məsələdə rayon rəhbərlərinə tapşırıldı ki, bizə əllərindən gələn hər bir köməkliyi göstərsinlər. Bu, bir daha təsdiq edir ki, Ulu Öndərimiz hələ SSRİ dövründə milli mənsubiyətimizin qorunub-saxlanılmasında, milli adət-ənənələrimizin, eləcə də dini inancımızın itməməsi üçün əlindən gələni əsirgəmir, bununla da çox böyük işlərə imza atırdı. Çünki o, ilk növbədə qarşıda müstəqil Azərbaycanı görürdü.

Bilirsiniz ki, o dövrdə hər hansı bir vəzifənin təsdiq olunması üçün Moskva ilə əlaqə yaratmaq lazım idi. Abidələrimizin bərpası məsələsi üçün kadrların yerləşdirilməsi Moskva tərəfindən müəyyən edilirdi. Belə bir çətin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin mövqeyi o qədər yüksək idi ki, Onun fikir və tövsiyələri hər zaman mərkəzi rəhbərlik tərəfindən diqqətə alınırdı. Bunu adi rəqəmlərlə də izah etmək olar. Məsələn, mən bu idarəyə rəhbərlik etməzdən əvvəl əgər il ərzində abidələrin bərpası üçün 670 min manat pul xərclənirdisə, vəzifəyə keçdikdən sonra birinci ili bu məbləğ 2 milyona çatdırıldı, 1989-cu ilin sonunda isə abidələrin bərpasına 21 milyon pul xərcləndi. İşlədiyim müddət ərzində respublikamızda 8200 tarixi və memarlıq abidəsinin aşkar edilib, dövlət mühafizəsinə götürülməsi üçün Nazirlər Sovetinin qərarının əldə olunmasına nail olduq. Bütün bu nailiyyətlər məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana və onun sərvətinə, xalqına göstərdiyi diqqət və qayğının nəticəsi idi. Eyni zamanda, bu işlərin həyata keçirilməsində Heydər Əliyevin dühası var idi".

Şamil müəllim, xüsusilə daha bir fikir xatırladaraq bildirdi ki, hətta Dahi Öndər Heydər Əliyev vəzifədən getdikdən sonra, Onun gördüyü işlər davam edirdi. Hər bir tarixi abidəmizdə Dahi Şəxsiyyət Heydər Əliyev qayğısı, Heydər Əliyev diqqəti dayanırdı: "1988-ci ildə ölkəmizə İran İslam Respublikasından bərpa idarəsinin rəisi başda olmaqla nümayəndələr gələrək Azərbaycanda Tarixi Abidələrin Bərpa İdarələrinin işi ilə tanış oldular və onlar bizim gördüyümüz işlərimizə heyran qaldıqlarını bildirdilər. Bu, bir daha Heydər Əliyevin Azərbaycanda tarixi abidələrimizə göstərdiyi diqqət və qayğısının nəticəsi idi."

Şamil müəllim çalışdığı sahədə sonradan yenidən durğunluğun yaranması barədə də danışaraq vurğuladı ki, AXC-Müsavat hakimiyyətinin birillik iqtidarı zamanı bütün sahələrlə yanaşı, onun çalışdığı sahədə də durğunluq yaşandı. Məhz Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızın bütün sahələrinə, eyni zamanda abidələrimizə vurulan zərbələri bərpa etmək üçün böyük işlər aparıldı: "Ulu Öndər Heydər Əliyev Xalq Cəbhəsinin yaratdığı dövlət komitəsini ləğv edərək, yenidən abidələrin bərpası, mühafizəsi və qorunması hüququnu Mədəniyyət Nazirliyinə verilməsi ilə bağlı Sərəncam verdi. Beləliklə də, Baş İdarənin fəaliyyəti öz işinə başladı. Digər bir məsələ isə dövlət qoruqlarının qorunması idi. O dövrdə 16 dövlət qoruğu var idi. Biz Nazirlər Kabinetinə təkliflərimizi verərək bu qoruqların təkcə bərpası ilə yox, həm də onların istifadəsi məsələsini də ortaya atdıq. Bu gün sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyev siyasətini ölkə Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyevanın rəhbərlikləri sahəsində böyük işlər aparılır. Xüsusilə, burada məscidlərimizin müasir tələblərə uyğun olaraq bərpaları diqqətəlayiqdir.

Məsələn, Şamaxıda "Cümə" məscidində aparılan işləri göstərmək olar. Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən biz həmin dövrlərə uyğun işlərimizi apardıq və nəticələr əldə etdik.

Sevindirici haldır ki, bu gün Şamaxıdakı "Cümə" məscidi yenidən Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Cənablalrı tərəfindən bərpa olunub. O cümlədən, ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, çox dəyərli millət vəkilimiz Mehriban xanım Əliyevanın "Tolerantlığın ünvanı-Azərbaycan" layihəsi çərçivəsində də bu işlərə böyük dəstək göstərilib. Tarixə nəzər salsaq görərik ki, Cənubi Qafqazda ikinci qədim dini mərkəz olan "Cümə" məscidi 743-cü ildə tikilib. 1859-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılan məscid sonradan bərpa edilib. 1902-ci il zəlzələsində də "Cümə" məscidinə ciddi ziyan dəyib. Bu zəlzələdən sonra məscid Şamaxıdan olan Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və polşalı mühəndis İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa edilib.

"Cümə" məscidi, həmçinin 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğının şahididir. O vaxt daşnaklar 1800 nəfər yerli sakini - uşaqları, qadınları, qocaları zorla bu məscidə dolduraraq diri-diri yandırıb. Yanğının izləri məscidin divarlarında bu gün də durur. Məsciddə keçən əsrin 70-80-ci illərində də təmir işləri aparılıb. Həmin dövrdə məscidin həyətində qazıntı zamanı mədrəsə, hücrə və qəbirlər aşkar edilib. Sovet dövründə cüzi təmir işləri aparılmasına baxmayaraq, Azərbaycanda ən qədim ibadət yeri sayılan Şamaxı "Cümə" məscidi bərbad vəziyyətdə idi. Bir mütəxəssis kimi deyə bilərəm ki, işlər çox mükəmməl görülüb və hazırda bu məscid həm də tarixi abidə kimi insanların gözünü oxşayır. Mən bir daha ölkə rəhbərliyimizə, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə Ulu Öndər Heydər Əliyev irsinin bütün istiqamətlərdə davam etdirilməsinə görə dərin təşəkkürlərimi bildirirəm. Bütün bunlar məhz Azərbaycanımızın tarixinin, ənənələrinin yaşadılmasında əvəzsiz töhfələrdir."

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər