KÖŞƏ YAZISI
Yəqin ki, bir çoxlarınız sosial şəbəkələrdə müxtəlif mövzularda yazılı və şəkilli paylaşımlar edir, ürək sözlərinizi dostlarınızla bölüşürsünüz. Bu yaxşıdır, hətta çox yaxşıdır demək olar. Çünki indiki zamanda insanlar bir-biri ilə münasibətlərini davamlı olaraq, yəni real şəkildə gerçəkləşdirə bilmirlər. İş-güc, digər məsələlər əlbəttə ki, buna imkan vermir. Düzdür, xeyir-şər mərasimləri olur ki, həmin mərasimlərdə qohum-qardaşlar görüşməyə macal tapırlar. Amma bu amil də yaxın insanların, dostların tez-tez bir araya gəlməsini təmin etmir. Müasir dövrdə mövcud olan problemlər, onların həlli istiqamətində edilən var-gəllər və s. buna imkan vermir. Nə edəsən, hər halda ruzi arxasınca getməliyik və hazırkı dövrdə bunu etməsən mümkün olmur. Bir sözlə, sosial şəbəkələr bizim ən yaxın, əlçatan vasitəmizə çevrilib. Qohum-qardaşların hal-əhvalını öyrənmək üçün, hansısa dostumuzun doğum gününü qeyd etmək üçün, sevinc və qəmginliklərimizi bölüşmək üçün…
Lakin sosial şəbəkələrdə elə hallar da olur ki, sözün açığı onları görəndə insan ürpənir. Gəlin məsələyə daha dəqiq prizmadan yanaşaq. Elə bir hadisə dövrü olur ki, həmin hadisənin baş verməsi bir neçə nəfərə deyil, bütövlükdə ictimai rəyə aid olur. Məsələn, götürək "Günəşli" yatağında baş verən faciəni. Bu, ümummilli bir faciə idi və əlbəttə ki, hələ uzun müddət hafizələrdə, yaddaşlarda qalacaq. Hətta dövlət tərəfindən rəsmi matəm də elan olundu. Lakin…
Lakin sosial şəbəkələrdə həmin gün modelyerlik edənlər kim, orasını-burasını millətin gözünə zorla dürtüşdürən kim, Alp dağlarının qoynunda ad günü edən kim, Gədəbəyin Narzanında, Şahdağın qarlı yamacında kavavflıyıb başıxamırrıdan qurtahaqurt mədəsinə gillədən kim…Şəkillər də rəngarəng, allı-bəzəkli. Hələ tənbəllik etməyib həmin şəkillər üzərində qrafika işləyənləri demirəm! Nə deyirəm, qoy Allah hər kəsə elə bol ruzi yetişdirsin ki, həmişə kefdə-damaqda olsunlar. Amma hər şeyin öz limiti, həddi-hüdudu var axı!
Matəm günü isə təəssüf, çox təəssüf ki, biz yenə bəzi boynuyoğunların, buduyoğunların zorla, məcburi şəkildə yaralı könüllərimizə necə zəhər qatdıqlarını bir daha görməli olduq. Yazdıq ki, ay camaat, heç olmasa bircə gün səbrinizi basın, belə rüsvayçılığa yol verməyin. Onlar daha da qızışdılar, hələ üstəlik bizi "vinovat" da çıxardılar ki, sən get ağlamağının dalıynan, bizim "eşşəklik" etməyimizin heç kimə dəxli yoxdur (?!-R.). Hə! Bu da bu!
Bu yaxınlarda erməni işğalçılarının yerləşdiyi həmsərhəd bölgələrdə gizirimiz şəhid oldu. Bu xəbər dərhal mediadan sosial şəbəkələrə ötürüldü. Gerçəkdən, qəlbən bu xəbərə üzülənlər ən azından ürək sözlərini, təəssüflərini qeyd etdilər. Fəqət, həmin xəbərdən sonra aşağıdan başqa birinin heyvərəlik qaydasınca sərxoş şəkli və bahalı avtomobili ilə qudurğanlığı əks etdirən avtoşluq videosu gəlir. İndi gəl onsuz da təlx olmuş ovqatın daha betər təlx olmasın! Adam, əgər həqiqətən də özünü adam hesab edirsə, ən azından sosial şəbəkəni araşdırıb sonra hansı qələti etdiyini ictimailəşdirər. Belələrinə isə adam, insan, fərd, şəxs demək mümkün deyil. Çünki reallıqdan belə olsaydılar, bu cür ürəkbulandırıcı hərəkətləri ilə özlərinə qarşı kəskin ifrat hissləri yaratmazdılar.
Ölkə başçımız bir neçə dəfə bəzi məmur balalarının qudurğanlıqları barədə ciddi xəbərdarlığını etmişdi. Görünür, həmin məmur balalarının qudurğanlığı indi də şou-biznes və s. sahələrinin damalarına keçib. Necə deyərlər, bunlar qudura-qudura gedirlər. Amma bunun da bir limiti olmalıdır hər halda. Çünki bəzi hallarda qudurğanlıq quduzluğa da çevrilir. Özü də sosial şəbəkələrdə. Sabah bu keçici xəstəlik sadə insanlara da bulaşa bilər. Bəlkə fikirləşib bunun da bir çarəsini tapmaq lazımdır?
RÖVŞƏN