SİYASİ RAKURS
Əli Kərimli yenə "siyasət şöbəsi" imzasıyla ortalığa çıxdı və Azərbaycanın inkişafını istəməyən "fransız arzuları"na sevindi
"Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusun azadlığa buraxılmasından sonra Avropanın və Qərbin bir sıra "ağılqoyan" təşkilatları Azərbaycan hökumətinə bir sıra "tövsiyələr" veriblər. Onların təbirincə cinayt törədərək həbsə düşən qondarma jurnalistlər və "hüquq müdafiəçi"ləri "siyasi", yxud da "vicdan" məhbuslarıymışlar. İlk başdan deyək ki, məhz "jurnalistika", yaxud da "vətəndaş cəmiyyəti", eləcə də "hüquq müdafiəçisi" pərdəsi altında Azərbaycan dövlətinin əleyhinə çalışan həmin tərəflər hər zaman bəzi Qərb qurumlarının diqqətində olublar. Çünki Qərbdə fəaliyyət göstərən həmin qurumların əksəriyyəti güclü erməni lobbisinin təsiri altında fəaliyyət göstərir. Bu sırada Fransa liderlik edir desək, heç də yanılmarıq. Görünür, bu səbəbdən Fransanın "La Croix" qəzeti erməni mətbuatından fərqlənməyən çıxışlarından birini məhz Azərbaycan dövlətinə həsr edib.
Leyla Yunusun azadlığa buraxılmasını əlində "əsas" tutan bu ermənipərəst nəşr Azərbaycan dövlətinin humanizm prinsiplərini bir kənara qoyub, diqqəti başqa istiqamətə doğru yönəldib
Azərbaycana qarşı kin və qərəz püskürən məqalədə Leyla Yunusdan tutmuş Xədicə İsmayılovaya qədər şəxslərin guya "repressiyaya" məruz qaldıqları iddia olunur və maraqlıdır ki, həmin məqalədə Azərbaycanın güclənməsinə, iqtisadi baxımdan inkişaf etməsinə qısqanclıq hissi sərgilənir. Xüsusilə, L.Yunusun azadlığa buraxılmasını əlində "əsas" tutan bu ermənipərəst nəşr Azərbaycan dövlətinin humanizm prinsiplərini bir kənara qoyub, diqqəti başqa istiqamətə doğru yönəldib. Məsələn, sən demə L.Yunusun azadlığa buraxılmasında əsas səbəbkar onun erməni sevdalı qızı Dinara Yunusdur (??!!-R.N.). Həmin Dinara Yunus ki, özünün Azərbaycan xalqına, dövlətinə, millətinə qarşı nə qədər düşmən olduğunu dəfələrlə sosial şəbəkələrdə açıq şəkildə bəyan edib. Qəzetin sitatına nəzər salaq: "Yunusların qızı Dinaranın dünya ictimaiyyətini xəbərdar etmək istiqamətində mübarizəsi hədər getmədi..."
Demək, belə hesab etmək mümkündür ki, fəaliyyəti boyu erməniyə işləyən Leyla və Arif Yunusların şərəf və ləyaqətini erməni marağlna satan qızları da onlardan qətiyyən fərqlənmir.
Fransanın ermənipərəst qurumlarının narahatlığını anladıq, bəs Əli Kərimli niyə narahat olur?
Ancaq ortada daha bir vacib məsələ dayanır. Fransanın erməni lobbisi tərəfindən "La Croix" qəzetində Azərbaycan əleyhinə yazdırılan məqaləni AXCP sədri Əli Kərimli dərhal özünün idarə etdiyi "Azadlıq" qəzetində dərc edib. Dərc etməsi bir yana, üstəlik, erməni lobbisinin ölkəmizin güclənməsini etiraf etməsindən dolayı narahat olmasını dəstəkləyib. Gəlin bu amilə də diqqət yetirək. Qəzetin yazdığına görə, Azərbaycanın Qərblə sıx əlaqələri var və Azərbaycan Xəzərdəki zəngin neft-qaz ehtiyatlarından gələn pullar hesabına "Qafqazın Qətəri"nə çevriləcək. Yaxşı, tutaq ki, Azərbaycan dünyanın zəngin dövlətlərindən biri olan Qətər kimi zəngin ölkəyə çevriləcəksə, Fransanın ermənipərəst qurumlarının narahatlığını anladıq, bəs Əli Kərimli niyə narahat olur? Məgər o da ermənidir? Əgər ermənidirsə, bu zaman erməniliyini sübut etsin ki, ictimaiyyət də onun ölkənin inkişafına görə narahat olmasını anlasın.
Fransadan və bir sıra Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda istənilən qanun pozuntusunun qarşısı anında alınır
Yeri gəlmişkən, Fransadan və bir sıra Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda istənilən qanun pozuntusunun qarşısı anında alınır, terror olaylarının baş verməsi isə qeyri-mümkünlüyə çevrilib. Buna misal kimi, Nardaranda baş verən hadisəni xatırlamaq kifayət edər. Azərbaycan istər dini, istərsə də digər məsələlərdə öz tolerantlığı ilə dünyada lider ölkələrdən biri, bəlkə də birincisidir. Azərbaycanın 1 milyon vətəndaşının haqları Ermənistanın işğalçılıq siyasəti, o cümlədən, Fransa başda olmaqla, bəzi Qərb ölkələrinin ikili standartları səbəbindən pozulub. Nədənsə, dünya birliyi hələ də susur, bunun əvəzinə L.Yunus kimi rəzil, alçaq və ləyaqətsizlərin hüquqlarına yönəldilmiş fikirlər səsləndirilir. Eyni zamanda, Suriyadakı, İraqdakı terror olaylarından Fransaya qaçan qaçqınların da hüquqları kütləvi surətdə pozulur…
Bakıda oturan, Əli Kərimli və onun yerli havadarları isə Qərbin, erməni lobbisinin çaldığı xarab zurnanın havasına qol götürüb oynayır. Ə.Kərimli yenə "siyasət şöbəsi" imzasıyla ortalığa çıxmaqla Azərbaycanın inkişafını istəməyən "fransız arzuları"na sevindiyini büruzə verir. Hər halda ortada olan faktlar belə deməyə kifayət qədər əsas verir.
Rövşən NURƏDDİNOĞLU