"Bu gün Azərbaycanda günün tələblərinə uyğun ardıcıl olaraq struktur islahatları davam edir. Cənab Prezident həmişə Azərbaycan Konstitusiyasının ona verdiyi səlahiyyətlər çərçivəsində ölkə xalqının və dövlətinin marağına uyğun olaraq normativ və çox zəruri olan addımlar atıb. Dekabrın 14-də Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında imzaladığı Fərman da həmin addımların tərkib hissəsidir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.Onun sözlərinə görə, yeni yaradılan qurumlar dünyanın bir çox aparıcı dövlətlərində də mövcuddur: "Əgər əvvəlki funksiyalar MTN-in nəzdində idisə, indi bu, ayrı-ayrı iki xidmətdə olacaq. Azərbaycan dövlətinin qorunmasında, müstəqilliyinin möhkəmlənməsində Dövlət Təhlükəsizlik Xidmətinin həmişə müstəsna xidmətləri olub. Xüsusilə indiki zamanda dünyada terrorizmə, separatizmə qarşı mübarizədə bu qurumun fəaliyyəti çox önəmlidir. Ölkə vətəndaşlarının Azərbaycan Silahlı Qüvvələri, hüquq-mühafizə orqanlarına həmişə xüsusi ehtiramı olub. Təbii ki, bu gün də həmin ehtiram (xüsusilə gənclər arasında) qorunmalı, təbliğ olunmalıdır. Hesab edirəm ki, yeni yaradılan xidmət Azərbaycanın qarşısında qoyduğu milli təhlükəsizlik maraqlarını lazımi səviyyədə yerinə yetirəcək".
sia.az